Xalqımızın İlham Əliyevə böyük məhəbbəti var

45

Azərbaycanda prezidentliyə namizədlərdən biri alim Qüdrət İsaqov hazırkı prezident İlham Əliyevin xeyrinə namizədliyini geri götürüb. Bu barədə Qüdrət İsaqov özü məlumat verib. O, həmçinin prezident İlham Əliyevə və MSK-ya da müraciət edib. Həmin müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli cənab prezident! Prezident seçkisinin birinci mərhələsində prezidentliyə namizədlərin irəli sürülməsi və imza toplanması prosesi azad və demokratik şəkildə başa çatmaq üzrədir.

Prezidentliyə namizəd İlham Əliyevin qələbə çalacağını bilsəm də, seçki prosesində daha yaxından iştirak etmək, seçki kampaniyası dövründə Azərbaycanımız üçün taleyüklü sahələr olan elmimizə və iqtisadiyyatımıza aid proqramlarla təbliğat və təşviqat aparmaq, seçki prosesinin demokratiklik dərəcəsinin daha da yüksəldilməsini istədiyimdən namizədliyimi irəli sürmüşdüm.

İmzatoplama prosesində mən və komandam bir daha əmin olduq ki, Azərbaycan xalqının büyük əksəriyyəti prezidentin dəyişməsini istəmir. Xalqımız prezidentin dəyişməsinin Azərbaycanda sabtliyi poza biləcəyindən ehtiyat edir. Xalqımızın İlham Əliyevə böyük məhəbbəti var. Seçicilərimiz İlham Əliyevi yenə də prezident kürsüsündə görmək istəyirlər.

Seçki kampaniyasının birinci mərhələsində mən xalqımızın iradəsinə uyğun olaraq polşalı professor Sadurskinin Konstitusiyamıza əlavələr və dəyişikliklərlə əlaqədar 2009-cu ildə keçirilən referendumun demokratikliyini və qanuniliyini şübhə altına alan sifarişli yazısını dəlil və sübutlarla tamamilə təkzib edən, 2008-ci ildəki prezident seçkisi, 2009-da isə referendum haqqında həm o zaman, həm də indi mətbuatda dərc etdirdiyim hesabatlarımı Respublikamızın nüfuzlu xəbər agentliklərində çap etdirdim. Mən hər iki seçkidə Respublikanın bütün ərazisində müşahidəçi olmuşam.

Bundan əlavə bütövlükdə fəaliyyətimiz dövründə respublikamızda sabitliyə və davamlı inkişafa yönələn mühüm və proqram xarakterli yazılarla mətbuatda çıxışlar etdim.

Hörmətli cənab prezident və prezidentliyə namizəd İlham Əliyev!

Prezidentliyə namizədliyimi irəli sürən zaman qarşıma qoyduğum məqsədlərin və göstərdiyim fəaliyyətin məntiqi davamı olaraq mən öz namizədliyimi sizin xeyrinizə geri götürürəm!

Namizədliyimi geri götürməklə yanaşı, seçki prosesində, seçkinin müşahidəsində və seçkinin nəticələrinin qiymətləndirilməsi prosesində daha aktiv iştirak etməklə sizin rəsmi vəkiliniz və bu mümkün olmadığı təqdirdə sizin aktiv təbliğatçınız olmaq istəyirəm.

Xahiş edirəm mənə Sizin vəkiliniz və ya aktiv təbliğatçınız olmaq üçün maksimum imkanlar yaradılması üçün lazımi göstəriş verəsiniz!”.