Xalqımızın mütəxxəsislərə ehtiyacı var

“Hər il Azərbaycan Universitetinə bakalavr təhsili üzrə sosial iş ixtisasına 120, Bakı Dövlət Universitetinə 100, magistraturaya hər birində 10-dan çox tələbə qəbul edilir”. XALQ.AZ xəbər verir ki, bu barədə “Social work and social research konfransı”nda çıxışı zamanı Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Oruc bildirib.

Zahid Orucun sözlərinə görə, 2005-ci ildə təhsilin magistratura, 2008-ci ildə isə bakalavr pilləsində sosial işçi mütəxəssisi hazırlığına başlanılıb: “Hazırda respublikamızın 10-dan çox ali təhsil ocağında sosial işçi proqramı yerinə yetirilir. Müvafiq hüquqi bazada-“Sosial xidmət haqqında” qanunda mütəxəssis hazırlığı 4 illik ali təhsillə aparılır. 30 ildə iki müharibədən keçən xalqımıza xidmət üçün on minlərlə peşəkar mütəxxəsis gərəkdir”.

Millət vəkili bildirib ki, Sosial Tədqiqatlar Mərkəzi 5 ildə 100 minə yaxın respondenti əhatə edən sorğular keçirib: “Mərkəz 40-dan artıq tədqiqat layihələri və nəşrləri, o cümlədən 10 kitab və digər intellektual məhsulları dövlətimizə və ictimaiyyətə təqdim edib. Biz onlardan yalnız bir neçəsinin, “Azərbaycan ailəsi və uşaqlarının sosial portreti”, “Kibercinaykarlıq və kibertəhlükəsizlik”, Azərbaycan gəncliyi:” dəyərləri, həyat tərzi və ictimai-siyasi aktivliyi” tədqiqatlarını əhəmiyyətini qeyd etmək istərdik. Nəinki bir Mərkəzin, bütövlükdə elmi tədqiqat institutlarının yaradıcılığında parlaq yer tutan “Böyük Qayıdış” sorğu-hesabatı məcburi köçkünlərin hansı təminatlar altında evlərinə dönəcəyini sistemli və beynəlxalq meyarlar əsasında tədqiq edir”.