“Xarıbülbül” festivalı – Şuşadan dünyaya humanizm mesajı

Şuşa bizim üçün yalnız yaşayış məskəni və ərazi anlamı daşımır. Şuşa və xüsusilə, Xarıbülbül milli mənəvi simvol olaraq hər bir azərbaycanlı üçün yüksək dəyər və müqəddəslik etalonudur. Şuşa Qafqazın milli konservatoriyası olmaqla yanaşı, həm də bütövlükdə türk dünyasının ortaq mədəniyyət mərkəzi kimi tanınır. Xarıbülbül isə 44 günlük Vətən savaşının şəhidlik və zəfər çələnginə çevrilib.


Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin iştirakı ilə Şuşada V “Xarıbülbül”  Beyəlxalq Folklor Festivalının keçirilməsi sıradan bir mədəniyyət hadisəsi deyil. Bu, həm də Azərbaycanın bütün dünyaya musiqi dolu humanizm mesajıdır. Bu, həm də onu bildirir ki, bizim kimsənin torpağında gözümüz yoxdur, biz bütün xalqlara, onların adət- ənənələrinə, dəyərlərinə hörmətlə yanaşırıq. Ölkəmizin apardığı siyasət ədalət üzərində qurulub. Azərbaycan multikultural dəyərləri, insanların mədəni müxtəlifliklərini qoruyan, ölkəmizdə yaşayan bütün xalqların inanc və əqidələrinə dözümlü yanaşan nümünəvi ölkələrdəndir.  Qarabağın azadlığı sevincinə qarışan keçənilki və builki musiqi festivallarında da ölkəmiz bu tolerantlıq ənənəsinə sadiq qalaraq multikultural təhlükəsizliyin mükəmməl Azərbaycan modelini ortaya qoydu.


Ölkə başçısının əziz və unudulmaz Heydər Əliyevin doğum günündə işğaldan azad olunmuş ərazilərə səfər etməsi, sürətli bərpa-quruculuq işləri ilə yaxından tanış olması, inşası nəzərdə tutulan layihələrin təməlqoyma mərasimində iştirakı müasir Azərbacanın qurucusu ulu öndərə həm də bir vətəndaşlıq borcu idi. Şübhəsiz ki, biz ümummilli liderin dərin dövlətçilik strategiyası, mükəmməl siyasi kursu ilə daha güclü və yenilməz Azərbaycanı qura bildik.


Prezident İlham Əliyev mayın 10-da “Azərişıq” ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzini işə salandan sonra şəhərdəki inzibati binanın qarşısında müraciətində də ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü günündə bura, azad edilən Qarabağa mütləq gələcəyini və buna əməl etdiyini diqqətə çatdırdı: “Ulu öndərin xatirəsinə öz ehtiramımı və Azərbaycan xalqının ehtiramını buradan ifadə etməli, bir daha deməli idim ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq”.


Ölkə rəhbəri müraciətində, həmçinin bu gün Qarabağın dirçəldiyini, bu bölgədə genişmiqyaslı quruculuq-bərpa işlərinin sürətlə getdiyini xatırladaraq, işğal dövründə düşmən tərəfindən bütün şəhər və kəndlərimizin yerlə-yeksan olunduğunu, bütün tarixi abidələrimizin dağıdıldığını, Qarabağın, bölgənin, Qafqazın incisi olan Şuşa kimi şəhərin bərbad hala qoyulduğunun vurğuladı. Dövlət başçısı daha sonra fikrini davam etdirərək, bizim – bu torpaqların sahiblərinin artıq qayıtdıqlarını, bunu bu torpağın, bu səmanın gördüyünü bildirdi.  


Onu da xatırladım ki, xalqa atalıq missiyasını şərəflə yerinə yetirən, bizi bir yumruq altında birləşdirməyə nail olan dahi Heydər Əliyevin  arzusu, bizə miras qoyduğu işıqlı idarəçilik yolu ilə işğaldan azad olunmuş torpağımızda, Şuşa şəhərində,  “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı hamımız üçün son dərəcə qürürverici hadisədir.

Qeyd olunduğu kimi,  V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı bütün dünyaya xalqımızın mədəniyyətini, sülhpərvərliyini, millətlərin barış və anlaşma eşqi ilə  yaşamaq arzusunu nümayiş etdirir. Bir zamanlar işğalçının xaraba qoyub cinayət yuvasına, zülmətə çevirdiyi Azərbaycan şəhəri Şuşa  bu gün dünyaya mədəniyyət işığı saçır. Biz azərbaycanlıların böyüklüyü də elə budur!


 
Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü