“Xarıbülbül” festivalının keçirilməsi ölkəmizdə hökm sürən əsl multikulturalizmin bariz nümayişidir

“2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsindən dərhal sonra Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev bəyan etmişdi ki, Qarabağın tacı olan bu şəhər tezliklə dirçəldiləcək, özünün əvvəlki şöhrətini qaytaracaq və Şuşada işğala qədər keçirilən ənənəvi “Xarıbülbül” Beynəlxalq musiqi festivalı bərpa ediləcək. Bu, belə də oldu. 2021-ci ilin 12-13 may tarixlərində Şuşada keçirilmiş V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Azərbaycanın qələbələrinin mədəniyyət sahəsində davamı davamı kimi dünyaya təqdim olundu. Şuşanın Cıdır düzündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən festivalın açılışında Azərbaycan Prezidenti cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri də iştirak etmişdilər. Artıq o zaman məlum idi ki, bundan sonra bu möhtəşəm musiqi bayramı Şuşada hər il keçiriləcək. 2022-ci ilin dövlət başçısı tərəfindən ölkəmizdə Şuşa ili elan edilməsi isə bu tədbirin məhz bu il daha möhtəşəm olacağını deməyə əsas verən başlıca amil oldu.”

Bu sözləri Milli Məclisinin deputatı Novruz Aslanov deyib.

Millət vəkili qeyd edib ki, “Xarıbülbül” festivalının yenidən bərpa olunması Prezident İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin daha bir təntənəsi kimi dəyərləndirilməlidir: “Beləliklə, mayın 12-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalının açılışı oldu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva festivalın açılışında iştirak ediblər. Şuşa şəhərinin 270 illiyi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə elan edilən “Şuşa İli”ndə keçirilən V “Xarıbülbül” Beynəlxalq Folklor Festivalı Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğu tərəfindən təşkil olunub. Mayın 14-dək davam edən beşinci festivala xarici ölkələrdən müxtəlif folklor üslublarında çıxış edən musiqiçilər, rəqs kollektivləri, həmçinin Azərbaycanın müxtəlif regionlarından folklor kollektivləri qatılıblar. Heç şübhəsiz bu beynəlxalq musiqi bayramı ilk növbədə Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici və daxili siyasətin növbəti parlaq təntənəsi və eyni zamanda da xeyirin şər üzərində, nurun zülmət üzərində və ədalətin haqsızlıq üzərində qələbəsi kimi dəyərləndirilməlidir. Analar öz körpələrinin beşiyi başında ən şirin nəğmələrini oxuyarlar. Azərbaycanın mədəniyyət beşiyində isə düz otuz il ərzində atəş və partlayış səsləri və bir də azğın yadelli işğalçıların həqarət dolu danışıqları eşidilirdi. Lakin 2020-ci ildə Azərbaycan ordusu bu dəhşətə son qoydu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz təkcə Şuşanı deyil, bütün işğal altında olan bölglərimizi azad etdi. Artıq 30 illik fasilədən sonra Şuşadan bütüm dünyaya yenidən gözəl musiqi sədaları yayılmağa başladı” – deyə N. Aslanov qeyd edib.

Daha sonra deputat öz açıqlamasında bu məqamı da vurğulayıb ki, “Xarıbülbül” Beynəlxalq musiqi festivalı həm də ölkəmizdə hökm sürən əsl multikulturalizmin bariz nümayişidir: “Hələ ötən il keçirilmiş IV “Xarıbülbül” festivalında Ölkə Prezidenti cənab İlham Əliyevin tövsiyyəsi ilə ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələrinin çıxış etməsi Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitinin ən bariz göstəricilərindən biri olmuşdu. Bir həqiqəti unutmaq olmaz ki, Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəni təmin edən əsas amillərdən biri də bu gün ölkəmizdə mövcud olan ümumxalq birliyi və həmrəyliyidir ki, bu mühit də Azərbaycanda məhz Prezident İlham Əliyevin həyata keçirdiyi daxili siyasətin nəticəsi kimi formalaşmışdır. Həqiqətən də Azərbaycan bu gün tolerantlıq və multikulturalizmin ən təkmil formada təzahür etdiyi ölkələrdən biri, bəlkə də birincisidir. İşğaldan azad edildikdən sonra Şuşada yenidən keçirilən “Xarıbülbül” festivalı da bunun ən bariz nümayişi kimi qiymətləndirilməlidir. Bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festival isə artıq ölkəmizin hüdudlarını da aşaraq əsl beynəlxalq statusunu təsdiq etdi. Belə ki, bu möhtəşəm tədbirdə qardaş Türkiyə Türk Dünyası Musiqi və Xalq Rəqsləri Ansamblı, Mali Respublikası Şeyx Tidiane Sek etnocaz qrupu, Pakistan “Pakistan rəngləri” qrupu, qonşu Gürcüstan Melitassi Gürcü Folklor Rəqs Ansamblı, Tunis “Yuma” dueti, Özbəkistan isə Baxor Dövlət Rəqs Ansamblı ilə təmsil olundular. Bütün bunlar bir daha təsdiq edir ki, həqiqətən də bu gün bir çox dünya ölkələrinin tolerantlıq və multikulturalizmin məhz Azərbaycan modelini özlərində tətbiq etmələrinə böyük ehtiyac vardır” – deyə Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.