Xocalı – ruhların qisası, yaxud şəhid şəhərdən abad şəhərə
XX əsrin sonu əsasən, məzhəbçi, irqçi və “sinifçi” təlimlərin” formalaşdığı dövr olaraq xarakterizə edilir. Onlardan birincisi “faşizm”, ikincisi “bolşevizm” doktrinasında ifadəsini tapdı. Son iki əsrin ən böyük sosial-siyasi bəlaları, ideoloji kataklizmləri, hamısı öz qidasını bu təlimlərdən almışdır: iki dünya müharibəsi, yüzlərlə inqilablar, həbs düşərgələri, hər cür totalitarizm və militarizm çeşidləri, daşnaqçılıq və sionizm, rasizm, dini fanatizm, Xokkaydo, Xirosima, Xatın, Baqanis Ayrım və s. Bu faciələr içərisində Xocalı soyqırımı törədilən vəhşətin miqyasına və amansızlığına görə onlarla eyni qütbdə dayanır. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyev azərbaycanlılara qarşı çevrilmiş etnik təmizləmə siyasətinin yolverilməz qanlı cinayət, dəhşətli soyqırım olduğunu qeyd edərək demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırım siyasətinin davamıdır və qanlı səhifəsidir”.
1990-cı illər elə bir mərhələdir ki, XX əsr daxilində öz əlahiddəliyi ilə xüsusi əhəmiyyət kəsb edir. Keçid dövrü kimi xarakterizə olunan bu mərhələnin bir-biri ilə ziddiyyət təşkil edən ikili səciyyəsi – onun həm qopub ayrıldığı sovet dövrünün rudimentlərini özündə daşıması, həm də bu qalıqlarla mübarizə apararaq yeni biçimdə özünü ifadə etməyə çalışması kimi əlamətlər onilliyin əsas göstəricisini təşkil edir. Bu dövr həm də qlobal proseslərin milli ədəbiyyatımıza yansıdığı zaman vahidi kimi səciyyəvidir. Bir tərəfdən böyük bir imperiyanın çöküşü, onunla bağlı ümidlərin puç olması, bütün postsovet ölkələrinin azadlığa can ataraq imperiya əsarətindən qurtulma çabaları, Azərbaycanın milli müstəqilliyini əldə etməsi, digər tərəfdən üzləşdiyimiz Qarabağ problemi, 20 Yanvarda rus ordusunun törətdiyi qanlı qırğın, torpaqlarımızın ard-arda itirilməsi, Xocalı soyqırımı…. hadisələr elə sürətlə cərəyan etdi ki, Azərbaycan insanı üçün baş verənləri dərk etmək, onu müşahidə etmək, yaşamaq qədər çətin idi. Digər tərəfdən, beynəlxalq səciyyəli proseslər baş verirdi ki, insan çaşğınlığa düşür, özünü mənəvi deqradasiyanın pik həddində sanırdı. Bəşəriyyətin taleyi təhlükədə idi. Ona görə XX əsrin sonlarında Azərbaycanda baş verən proseslərə – xaos və kataklik olaylara, müharibə və savaşlara, siyasi çəkişmələr və oyunlara, terror hadisələri və qətliamlara yalnız lokal bir cəmiyyətin problemi kimi yanaşılmır, bu böhran həddi dünya səviyyəsində gedən xaos dalğasının təzahürü olaraq qavranılırdı. Xocalı faciəsi bu faciələrin içərisində ona görə fərqlənir ki, özündə erməni qəsbkarlığının məşum obrazını – ağlasığmaz qəddarlıq və qeyri-insani cəza üsulları ilə gerçəkləşdirdikləri rəftarı ehtiva eləyir.
Xocalı soyqırımı 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə törədilən, Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olaraq tarixi yaddaşımızın hüzn yeri kimi əbədi boy verəcək. Həmin gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutmuşdur. Biz bu gün Ümummilli lider Heydər Əliyevin obrazını milli tarix və siyasi xidmətlər fonunda təqdim edərkən, onun Xocalı faciəsinə münasibətdə sərgilədiyi təəssübkeş davranışı da nəzərdə tuturuq. Heydər Əliyev şəxsi təşəbbüs göstərərək Xocalı hadisəsinə siyasi qiymət vermiş və erməni şovinist – millətçilərinin törətdiyi cinayətlərin dünya dövlətləri və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təcili tədbirlər görmüşdür. Azərbaycan Milli Məclisinin 24 fevral 1994-cü il tarixli qərarı ilə fevralın 26-sı Xocalı soyqırımı və milli matəm günü elan olunmuşdur. Eyni zamanda, Ulu Öndərin 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilmişdir.
Bu işğal nəticəsində Xocalı şəhəri xarabalığa çevrildi. Sosial-məişət obyektləri, fərdi yaşayış binaları, məktəblər, klublar, kitabxanalar, mədəniyyət evləri, qəbiristanlıqlar yerlə-yeksan edildi, vandalizmə məruz qaldı. Amma ən böyük fəlakət insan itkiləri, onların başlarına gətirilən amansızlıqlar, ağlasığmaz işkəncələrlə bağlıdır. Bu soyqırımı nəticəsində, rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülüb ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. Bunların içərisində, 8 ailə tamamilə məhv edildi, 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürüldü. Neçə uşaq valideynsiz, neçə ailə başsız qaldı, neçə insan şikəst qoyuldu, neçəsi əsir götürüldü, taleyi naməlum olan neçə insan oldu. Çeşidli insan mənzərələri, insan faciələri! Bəli,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, “Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir”.
Xocalı soyqırımının tanınması istiqamətində zəruri addımlar atılmışdır. “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına 2008-ci ildə start verilmiş, faciənin miqyasının tanıdılması istiqamətində müvafiq addımlar atılmışdır. Bu kampaniyasının strateji məqsədləri – Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi və siyasi qiymətin verilməsi; Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməyəcəyinə təminatın verilməsi və vurulmuş ziyana (maddi və mənəvi) görə tam olaraq kompensasiyanın ödənilməsi; Müvafiq cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılması; Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlılığının artırılması; Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşaması, xüsusən də gənc nəsil tərəfindən unudulmamasıdır.
Əlbəttə ki, Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə, 200 ildən artıq davam edən Qarabağ yaramızı bütövləndirdi. Həmçinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizləndi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 2024-cü il fevralın 26-da dövlət başçısı İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoydu. Bu gün bütün azad edilən torpaqlarımızda olduğu kimi, Xocalıda da abadlıq, quruculuq işləri başlayıb, təmir, bərpa işləri aparılır, sakinlər doğma yurdlarına qayıdırlar.
Müharibələr, soyqırımlar insan mədəniyyətinin çöküşü nəticəsində yaranan faciədir. Amma müharibələrdən, soyqırımlardan sonra yeni mədəniyyət yaratmaq zərurəti meydana çıxır. Bu gün Xocalı başına gətirilmiş qeyri-insani bəlalardan sıyrılıb yeni yaranacaq dirçəlişin, insan əli ilə qurulacaq yeni mədəniyyətin astanasındadır. Qiyama və qisasa qalxan ruhlar da əlbəttə, şad və xürrəmdir!
Elnarə Akimova
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü,
filologiya elmləri doktoru