Tarix boyu xalqımız müxtəlif faciələrlə üzləşsə də, Xocalı soyqırımı öz amansızlığı və qəddarlığı ilə seçilən cinayətdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin törətdiyi bu dəhşətli faciə zamanı beynəlxalq hüququn bütün norma və prinsipləri pozulmuş, keçmiş sovet ordusunun 366-cı alayının iştirakı ilə dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törədilmişdir. Rəsmi statistikaya görə, soyqırımı nəticəsində 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmuşdur. Səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmişdir. Bu rəqəmlər arxasında dayanan hər bir insan taleyi, hər bir ailə faciəsi erməni vəhşiliyinin miqyasını və dəhşətini əks etdirir.

İşğal nəticəsində Xocalı şəhəri tamamilə xarabalığa çevrilmişdir. Burada 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi erməni vandalları tərəfindən məhv edilmişdir. XIV-XV əsrlərə aid türbələr, günbəzlər və qəbiristanlıqlar yer üzündən silinmişdir.

Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Bu günədək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan və digər ölkələrin qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başladılan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə aparılan işlərin miqyasını daha da genişləndirmişdir. Kampaniya çərçivəsində 100 minlərlə insan və 115 təşkilatın dəstəyi ilə dünya ictimaiyyətinin diqqəti bu faciəyə yönəldilmiş, soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

2020-ci il Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 30 illik işğala son qoyaraq Xocalı şəhidlərinin də qisasını almışdır. 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Xocalı şəhəri separatçılardan tam təmizlənmiş, 2023-cü il oktyabrın 15-də şəhərdə Azərbaycan Respublikasının Dövlət Bayrağı ucaldılmışdır. Bu tarixi hadisələr Xocalı şəhidlərinin ruhuna ən böyük töhfə olmaqla yanaşı, Azərbaycan dövlətinin gücünü və qətiyyətini bütün dünyaya nümayiş etdirmişdir.

Son dövrdə Xocalının dirçəldilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. 2024-cü il fevralın 26-da Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməlini qoymuş, Prezidentin 2024-cü il 1 aprel tarixli Fərmanı ilə “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs yaradılmışdır. 2024-cü il mayın 28-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərində 15 çoxmənzilli binada aparılan təmir və yenidənqurma işləri ilə tanış olmuş, şəhərə köçən sakinlərlə görüşmüşlər. İyulun 5-də Xocalı Hava Limanında, sentyabrın 19-da isə Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanışlıq dövlətimizin başçısının diqqət mərkəzində olmuşdur. Bütün bu tədbirlər Xocalının yenidən dirçəldilməsi və əhalinin doğma yurdlarına qayıdışı istiqamətində atılan əhəmiyyətli addımlardır.

Xocalı soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş ağır cinayətdir. Bu faciənin dünya ictimaiyyəti tərəfindən tanınması, ona hüquqi-siyasi qiymət verilməsi və cinayətkarların cəzalandırılması istiqamətində səylərimiz davam etdirilməlidir. Eyni zamanda, Xocalı həqiqətlərinin gələcək nəsillərə çatdırılması və bu faciənin unudulmaması üçün hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməliyik. Azərbaycan xalqı Xocalı şəhidlərinin əziz xatirəsini daim yaşadacaq, bu tarixi ədalətin bərpası və günahkarların beynəlxalq səviyyədə cəzalandırılması istiqamətində mübarizəsini davam etdirəcəkdir.

Müşfiq Məmmədli, Milli Məclisin deputatı


media-ads728x90

Bənzər xəbərlər