Xocalı şəhidlərinin qanı yerdə qalmadı
Xocalı soyqırımı qurbanlarının xatirəsi hər zaman əziz tutularaq Azərbaycan xalqı tərəfindən anılır!
Öz xalqını zaman-zaman “dənizdən-dənizə Ermənistan” xülyası ilə qanlı cinayətlərə aparmış erməni millətçi başbilənləri xarici dairələrin əlində alətə çevrilərək həmişə avantüralar girdabına
yuvarlanmışlar. 30 ildən artıq davam etmiş növbəti belə təcavüzkar siyasətin ötən ilin payızında Azərbaycan xalqının Vətən müharibəsində tarixi Qələbəsi ilə puça çıxarılması, görəsən, bu başabəla
topluma birdəfəlik dərs olacaqmı?.
Çağdaş dünyanın gözü qarşısında əlləri Xocalı və Birinci Qarabağ müharibəsində Şəhid düşmüş qardaş-bacılarımızın qanına batan cəlladlar dəqiq bilirdilər ki, qeyrətli Azərbaycan xalqı hər tökülən damcı-damcı qanı yerdə qoymayacaq, qisasını alacaqdır.
Xocalı soyqırımı XX əsrin böyük bir faciəsidir və Ulu öndər Heydər Əliyev demişdir :
“Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu”.
1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutdu.
Azərbaycanın böyük oğlu Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi.
Ulu Öndər Heydər Əliyev deyirdi: Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir”.
Bu sözləri ilə Ulu Öndər bizim bir xalq kimi, hiss etdiklərimizi və ürəkdən hayqırdıqlarımızı dilə gətirmişdir.
Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Ulu Öndər Heydər Əliyev 25 fevral 1997-ci il tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədi ilə hər il fevral ayının 26-sı saat 17.00-da Azərbaycan Respublikası ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi sükut dəqiqəsi ilə yad edilir.
Xocalı, təkcə Azərbaycan xalqına qarşı deyil, bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir bir cinayətdir. Bu illər ərzində dövlətimiz tərəfindən Xocalı faciəsi haqqında dünya ictimaiyyətinə doğru məlumatlar çatdırılır, bir çox tədbirlər keçirilir və kompaniyalar aparılırdı.
Onlardan, “Xocalıya Ədalət” kampaniyasının təşəbbüskarı və müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. “Xocalıya ədalət” beynəlxalq maarifləndirmə kampaniyasına Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə start verilmişdir. Kampaniya bir çox ölkələrdə səmərəli şəkildə fəaliyyət göstərir. 100 minlərlə şəxs və 115 təşkilat kampaniyanın fəaliyyətini dəstəkləyir. Sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər kampaniyanın məqsədlərinə çatmaq üçün istifadə olunan səmərəli vasitələri təşkil edir.
Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınıb. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar. Avropa İnsan Hüquqları Məhkəməsi 22 aprel 2010-cu il tarixli qərarında Xocalının azərbaycanlılardan ibarət mülki əhalisinin qırılmasını “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən etmişdir.
Ölkə rəhbəri cənab İlham Əliyev deyirdi: “Mən əminəm ki, gün gələcək Xocalı faciəsini törədən, dinc əhaliyə qarşı qəddarlıq göstərən, dinc əhalini məhv edən erməni cinayətkarları məhkəmə qarşısında cavab verəcəklər”.
Və budur, biz bunun şahidi olduq! Bu gün cinayətkarlar sorğulanır. Sorğulanır, lakin onların insani hissləri artıq çoxdan ölüb, onlar insan simasından çıxmış qatillərdir və cəzalarını mütləq çəkəcəklər!
Dünənki, yurd-yuvalarından didərgin düşmüş uşaqlar bu gün Vətən uğrunda döyüşlərdə iştirak edərək, öz dədə-babalarının qisasını aldılar. Torpaqlarımızın təxminən 30 faizini itirmiş Azərbaycan 1994-cü ildə Bişkekdə imzalanmış atəşkəs razılaşmasından sonra 25 ilə yaxın müddət ərzində Ermənistan ilə uzunmüddətli sülh danışıqları apardı. Lakin bu danışıqlar 2018-ci ildə Ermənistanda inqilab yolu ilə hakimiyyətə gəlmiş baş nazir Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi çıxışları və digər təxribatçı fəaliyyətlər nəticəsində pozuldu. 2020-ci il sentyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının videoformatda keçirilən 75-ci sessiyasında çıxış edərkən, 2020-ci ilin iyulundan sentyabrınadək Ermənistana hərbi yük təyyarələri ilə min tondan artıq hərbi avadanlığın daşındığını bəyan etdi. Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozması ilə bağlı bəyanat yaydı. Həmin gün səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təmas xəttində Azərbaycan Ordusunun mövqelərinə və yaşayış məntəqələrinə hücuma keçməsindən sonra, Prezident, Ali Baş Komandan İlham Əliyev Ermənistana qarşı sülhə məcburetmə əməliyyatına başlamaq haqqında qərar verdi.
Ermənistan ilə 44 gün davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.
Moskvada imzalanan müqaviləyə əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan qüvvələrinin Dağlıq Qarabağın ətrafında Ermənistan nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
2020-ci il noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də Laçın rayonları azad edilmişdir.
Bu gün biz baş ucalığı ilə deyə bilərik ki, Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci il Vətən müharibəsində Azərbaycan Ordusu 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.
Bu gün biz Zəfər tariximizi yaşayırıq, lakin Xocalı faciəsini, I Qarabağ müharibəsini unutmarıq və unutdurmarıq! II Qarabağ müharibəsi zamanı qəhrəmancasına döyüşən və torpağımızın bütövlüyü uğrunda canlarından keçən Şəhidlərimizi minnətdarlıqla anırıq! Qazilərimizi unutmuruq!
Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar olaraq minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir. Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar Bakıda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə ümumxalq yürüşü keçirilmişdir. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak etmişlər. Siyasi dialoqun təzahürü olaraq yürüşdə dövlət rəsmiləri ilə yanaşı, ölkədə fəaliyyət göstərən müxtəlif siyasi partiyaların nümayəndələri də iştirak etmişdir.
Bu gün Xocalıda artıq Azərbaycan bayrağı dalğalanır! Xocalıya “Böyük qayıdış” planına uyğun olaraq köç başlayıb. Bu isə bizim artıq öz torpaqlarımıza ağrılı-acılı yollardan keçən çətin mübarizəmizin şirin qalibiyyəti və qürurlu, zəfər dolu anlarımızın göstəricisidir.
Azərbaycan xalqı göstərdi ki düşmənə ən böyük cavab, qaytarılmış torpaqlarımıza qayıtmaq və yaşamaqdır!
Yaşasın Azərbaycan xalqı!
Yaşasın Ali Baş Komandan cənab İlham Əliyev və güclü, qüdrətli Azərbaycan Ordusu!
Ülviyyə Həmzəyeva
Millət vəkili