1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycan xalqının tarixində ən qanlı faciələrdən biri olan Xocalı soyqırımı baş verdi. Xocalı soyqırımı Ermənistan silahlı qüvvələri və keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə törədilmiş soyqırım aktıdır”.

Bunu açıqlamasında Milli Məclisin deputatı Vasif qafarov deyib.

Deputat qeyd edib ki, Xocalı soyqırımını törədənlərin əsas məqsədi Qarabağda azərbaycanlı əhalini qorxudaraq yerindən-yurdundan didərgin salmaq, etnik təmizləmə aparmaq və bu bölgədə ermənilərin tam nəzarətini təmin etmək idi. Xocalı, Qarabağın strateji nöqtələrindən biri olduğuna görə, Ermənistan silahlı qüvvələri bu şəhəri məhv etməklə digər bölgələrin də işğalını asanlaşdırmağa çalışırdı:

“Törədilmiş soyqırım nəticəsində 106 qadın, 63 uşaq, 70-dən çox yaşlı insan olmaqla 613 nəfər vəhşicəsinə qətlə yetirilib. Xocalı soyqırımı zamanı 56 nəfər xüsusi qəddarlıqla – diri-diri yandırılaraq, başının dərisi soyularaq, boynu vurularaq, gözləri çıxarılaraq, hamilə qadınların isə qarın boşluğuna süngü ilə vurularaq öldürülüb, 8 ailə tamamilə məhv edilib. 27 ailənin yalnız 1 üzvü sağ qalıb. 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib. 230 ailə öz başçısını itirib, 487 insan şikəst olub, onlardan 76 nəfər həddi-buluğa çatmayanlardır. 1275 nəfər əsir götürülərək onlara insanlığa sığmayan, ağır işgəncələr verilib. Onlardan 1165 nəfəri daha sonra girovluqdan azad etmək mümkün olsa da, 150 nəfərin taleyindən indiyə kimi heç bir məlumat yoxdur.

 

1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Xocalı soyqırımı günü haqqında” qərar qəbul edib. Bu qərarla 26 fevral tarixi Xocalı soyqırımı günü elan edilib. Ulu öndər Heydər Əliyev Xocalı soyqırımını yalnız Azərbaycan xalqına qarşı deyil, bütövlükdə bəşəriyyətə qarşı törədilən ağır cinayət kimi qiymətləndirib və bu hadisənin dünya ictimaiyyəti tərəfindən tanınmasının vacibliyini vurğulayıb. Onun siyasi iradəsi və diplomatik səyləri nəticəsində Xocalı soyqırımı beynəlxalq səviyyədə müzakirə olunmağa başladı. Bu qərardan sonra Azərbaycan dövləti Xocalı soyqırımının dünyaya çatdırılması və bu soyqırımın beynəlxalq səviyyədə tanınması istiqamətində sistemli fəaliyyət göstərməyə başladı”.

Deputat vurğulayıb ki, Xocalı soyqırımı xalqımızın qan yaddaşıdır. Xalqımız Xocalı soyqırımını heç bir zaman unutmayıb və unutmayacaq:

“Hər il Xocalı soyqırımının ildönümü ilə əlaqədar minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.”Xocalıya ədalət!” kampaniyası bu faciənin beynəlxalq səviyyədə tanınması üçün mühüm təşəbbüslərdən biridir. Təşəbbüskarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan “Xocalıya ədalət!” kampaniyasının əsas məqsədi Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması və hüquqi-siyasi qiymətin verilməsidir. Kampaniya çərçivəsində 100 minlərlə insan və 115-dən çox beynəlxalq təşkilat onun fəaliyyətini dəstəkləyir. Bu kampaniya sayəsində Xocalı soyqırımı artıq təkcə Azərbaycanın deyil, beynəlxalq ictimaiyyətin də müzakirə etdiyi bir tarixi ədalətsizlikdir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb. Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib, İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırım aktı kimi qiymətləndirib. Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində Xocalı şəhidlərinin qanı yerdə qalmadı. 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağı işğaldan azad etdi. Xüsusilə 2023-cü il sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri nəticəsində Xocalı və digər ərazilər tamamilə Azərbaycanın suveren nəzarətinə qaytarıldı. Bununla da 31 il əvvəl Xocalıda soyqırım törədənlərə və işğalçılara layiqli cavab verildi. Bu zəfər bir daha sübut etdi ki, Azərbaycan heç bir haqsızlığı və ədalətsizliyi unutmur və torpaqlarının bir qarışından belə vaz keçmir!

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Xocalı şəhidlərinin ruhu şaddır! Bütün Qarabağ və Şərqi Zəngəzurda üçrəngli bayrağımız dalğalanır! Prezident İlham Əliyevin də qeyd etdiyi kimi Xocalı yenidən qurulacaq, burada həyat canlanacaq və şəhər öz əvvəlki görkəmini bərpa edəcək. Artıq Xocalı sakinləri öz doğma evlərinə qayıdır. Xocalı dirçəlir, Xocalı yaşayır! Tezliklə bu şəhər yenidən Qarabağın parlayan incilərindən birinə çevriləcək!”


media-ads728x90

Bənzər xəbərlər