Xocalı qətliamı Azərbaycan xalqının tarixində ən faciəli səhifələrdən biri və erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin bariz nümunəsidir. Ulu Öndər Heydər Əliyev Xocalı faciəsini soydaşlarımıza qarşı törədilmiş soyqırımı adlandıraraq demişdir: “Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir. Xocalı faciəsi – Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımıdır – vəhşiliyin görünməmiş təzahürüdür”.

Xocalı qətliamından 33 il keçməsinə baxmayaraq, bu dəhşətli hadisə hər birimizin yaddaşına əbədi həkk olunub. Xocalı soyqırımını törətməkdə erməni millətçiləri öz miqyasına görə tarixdə analoqu olmayan bir cinayətə imza ataraq, necə qəddar, vəhşi olduqlarını dünyaya açıq şəkildə nümayiş etdirdilər.

Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə oluna bilər. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Bunu Milli Məclisin deputat Zaur Şükürov söyləyib.

Deputat qeyd edib ki, xalqımıza qarşı törədilmiş ağır cinayətlərin istintaqı və onlara hüquqi qiymət verilməsi, həmin cinayətlərin təşkili və törədilməsində iştirak etmiş təqsirkar şəxslərin müəyyənləşdirilib, mövcud qanunvericiliyə əsasən cinayət məsuliyyətinə cəlb olunması, habelə beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması faktları ilə bağlı beynəlxalq təşkilatlar qarşısında müvafiq vəsatətlər qaldırılması məqsədilə 2003-cü il dekabrın 18-də Azərbaycan Respublikası Baş Prokurorunun, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlərinin əmri ilə birgə istintaq-əməliyyat qrupu yaradılıb və bu istiqamətdə davamlı tədbirlər görülməkdədir. Cinayət işi üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizasının rəyindən məlum olur ki, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi nəticəsində dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi və talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına yüz milyonlarla ABŞ dollarından artıq ziyan vurulub. Aparılan istintaqla müəyyən edilib ki, beynəlxalq humanitar hüquq normalarını, insan hüquqları üzrə müxtəlif konvensiyaları kobudcasına pozan erməni hərbi birləşmələri, dinc əhalini qətlə yetirmək məqsədilə ən qəddar üsullara əl atıblar.

Ermənilərin bu vəhşi siyasətinin nəticəsində Azərbaycan xalqı ötən əsrin əvvəllərindən başlayaraq köçkünlük problemi ilə üzləşmişdir. Qərbi Azərbaycanda – indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar etnik təmizləməyə məruz qalaraq, tarixi vətənlərindən mərhələli şəkildə zorla çıxarılmışlar. 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə daha dəhşətli xarakter almış köçürmələr nəticəsində yüz minlərlə azərbaycanlı dədə-baba yurdunu tərk edərək Azərbaycana sığınmışdır. Bu dəhşətli deportasiyalardan sonra Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamış və Ermənistan monoetnik dövlətə çevrilmişdir.

Keçən əsrin 80-cı illərinin sonlarından başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Böyük Ermənistan” dövləti yaratmaq kimi cəfəng ideyasını reallaşdırmaq cəhdi, kəndlərimizin, şəhərlərimizin dağılması, on minlərlə günahsız soydaşımızın xüsusi amansızlıqla qətlə yetirilməsi və yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdir. Həmin vaxt xarici havadarlarına və ermənipərəst qüvvələrə arxalanan ermənilər daha da azğınlaşaraq Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törətdilər. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı bir qanlı cinayətdir.

Erməni qəddarlığı haqqında həqiqətlərin dünyaya çatdırılması və bu dəhşətli faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövləti bütün zəruri addımları atır. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə ilk dəfə olaraq hüquqi-siyasi qiymət verilmişdir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan etdi. Ulu Öndər Heydər Əliyevin 1997-ci il 25 fevral tarixli Sərəncamı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək məqsədilə hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan edilib.

Faciə ilə bağlı məlumatların dünya ictimaiyyətinə çatdırılması Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın daim diqqətindədir. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Xocalı soyqırımının ildönümü ərəfəsində, dünyanın müxtəlif ölkələrində keçirilmiş aksiyalara dəstək məqsədilə xüsusi hazırlanmış ekspozisiya və ingilis dilində bukletlər yayılmışdır.

Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə gerçəkləşən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti də yüksək qiymətə layiqdir.

Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınıb və xatırlanıb. Bu vaxtadək Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilib.

XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının ildönümü ilə əlaqədar hər il minlərlə insanın iştirakı ilə “Ana harayı” abidəsi önündə anım mərasimi keçirilir.

Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və mükəmməl siyasi, diplomatik və hərbi səriştəsi, şəhidlərimizin, qazilərimizin, əsgər və zabitlərimizin misilsiz şücaəti Ermənistanın işğalçılıq siyasətinə son qoydu. Torpaqlarımız 30 ildən sonra azadlığa qovuşdu, rəşadətli Azərbaycan Ordusu Ermənistana layiq olduğu yeri göstərdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olundu. Xocalılıların, eləcə də bütün şəhidlərimizin qisası alındı.

Digər mühüm bir məqam isə Ermənistanın hərbi təcavüzü dövründə sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və adətlərini pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin artıq Azərbaycanda davam etdirilməsidir. Şübhə yoxdur ki, insanlıq əleyhinə cinayətlər törətmiş bu və digər qatillər ədalət məhkəməsi qarşısında cavab verərək, öz layiqli cəzalarını alacaqlar.

Əminik ki, işğaldan azad edilən ərazilərimizin, o cümlədən Xocalının Böyük Qayıdış proqramı çərçivəsində dirçəlişi, bərpası və yenidən qurulması bu torpaqlarımızı inkişaf etmiş bölgəyə çevirəcək. Bu gün Xocalıdan olan sakinlər ermənilərin törətdikləri dəhşətli fevral faciəsini unutmasalar da, öz doğma yurdlarına qayıtmağın sevincini yaşayırlar.


media-ads728x90

Bənzər xəbərlər