Xocalının 30 illiyində tam fərqli bir mənzərənin şahidi olduq

Bu gün Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, “Birlik” jurnalının təsisçisi İlham İsmayılovun 63 yaşı tamam olur. Türk xalqları və onların diaspora təşkilatları ilə əlaqələrin qurulmasında, dünyada Qarabağ həqiqətlərinin təbliğ olunmasında İlham İsmayılovun böyük əməyi olub. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi İlham İsmayılovun rəhbərliyi altında 15 ildən çoxdur ki, yüzlərlə yerli və beynəlxalq layihələri həyata keçirərək, öz fəaliyyətini Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü daxili və xarici siyasət kursuna uyğun quraraq, Azərbaycan həqiqətlərinin Türkdilli ölkələrlə əməkdaşlıq şəraitində, eləcə də Avropada fəaliyyət göstərən Azərbaycan və Türk diaspor təşkilatları vasitəsi ilə bütün dünyaya çatdırılmasına çalışıb. Bu illər ərzində Azərbaycan həqiqətlərin, eləcə də ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş deportasiya və soyqırımların dünya ictimayyətinə çatdırılması İlham İsmayılovun fəaliyyətinin əsasını təşkil edib.

İlham İsmayılovun ad günündə Demokrat.az onun fikirlərini öyrənib.

ATXƏM sədri bildirib ki, hələ bu yaşadığı ömür yolunda Azərbaycanlıların və digər Türkdilli xalqların yaxınlaşması ilə bağlı arzuları çoxdur:

“2020-ci ildə 44 günlük Vətən savaşında qazandığımız qələbə tək mənim deyil, eləcə də bütün Azərbaycanın ictimai-siyasi həyatında fəallıq göstərən insanların ən böyük arzusu olub. Ancaq ən böyük arzumuz Türk dünyasının və Turan birliyinin yaradılmasıdır. Bu sahədə biz uzun illərdir ki, fəaliyyət göstəririk. Xüsusən də, mədəni, elmi sahədə olan tarixi həqiqətlərin, ortaq milli-mənəvi dəyərlərin ortaya çıxmasını çox istəyirik. Biz daima bu istiqamətdə layihələrimizi həyata keçirmişik. Bunlar hamısı böyük Turan birliyinin həqiqi mənada reallaşması istiqamətində görülən işlərdir, arzularımızın bir hissəsidir. Bunlar da addım-addım reallaşır. Biz illər boyu Nuru Paşayla, Azərbaycanın müstəqilliyi ilə bağlı təbliğatlar da aparmışıq”.

ATXƏM sədri bildirib ki, bu ay ulu öndər Heydər Əliyevin 100 illiyi ərəfəsində silsilə tədbirlərin keçirilməsi planlaşdırılır:

“Biz Heydər Əliyevin 90 və 95 illiyi ilə bağlı müsabiqələr keçirmişik. Bu istiqamətdə yenə də işlərimiz davam edəcək. Əgər müəyyən nailiyyətlər əldə etmişiksə, bu, o demək deyil ki, artıq istiqamət fəaliyyət dəyişməlidir, ancaq format dəyişir. Təbii ki, biz illər boyu Xocalı soyqırımının tanınması və bu həqiqətlərin dünyaya çatdırılması ilə bağlı bütün Avropanın siyasi mərkəzlərində fəaliyyət göstərmişik. Ancaq sonuncu səfərimizdə, Xocalının 30 illiyində tam fərqli bir mənzərənin şahidi olduq. Artıq verilən sualların formatı da dəyişmişdi. Ancaq biz heç zaman bunları unutmamalıyıq. Çünki ermənilər qondarma erməni soyqırımının 100 ildən çoxdur ki, təbliğatını aparırlar. Yenə bu yaxınlarda məlum oldu ki, aprel ayının 24-də onlar öz iddialarından əl çəkmirlər və çəkməyəcəklər də. Biz də bu yaşadığımız soyqırımları unutmalı və unutdurmalı deyilik!”.

İlham İsmayılov əlavə edib ki, Azərbaycan 44 günlük savaşda dostları ilə düşmənlərini tanıdı:

“Qardaş Türkiyənin Azərbaycana olan münasibəti tarixi ənənənin davamıdır. Nuru Paşanın həqiqi qiymətini alması, onun xatirəsinin əbədiləşdirilməsi, abidəsinin qoyulması həm indiki, həm də gələcək nəsillərə bir stimul verə bilər. Yəni, bizim həqiqi dostumuz vaxtilə bura təmənnasız gəlib və minlərlə insan burada şəhid olub. Onlar millətimizi məhv olmaq təhlükəsindən xilas ediblər.

Demək olar ki, kağız üzərində olan “deyure” elan olunmuş dövlətin faktiki olaraq dövlət halına çevrilməsində müstəsna xidmətlər göstəriblər. Ona görə də bundan sonra görəcəyimiz işlər bu istiqamətdə davam edəcək.

Ümummilli mücadilə bu gün də var, sabah da var, həmişə olacaq. Xüsusilə, gənc nəsilə bu tarixi həqiqətlərin çatdırılması, o müstəvidə tərbiyə olunmaları vacibdir. Bizə qarşı olan bu haqsız iddialar gələcəkdə olmasın deyə, yaxud onların cavabı vaxtında layiqli verilsin deyə, biz bu işlərimizi davam etdirəcəyik”.