“Xüsusi təyinatlılar”la bağlı bu qərar niyə indi verildi? – Prezident sərəncamının mühüm məqamları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib. Prezidentin digər sərəncamı ilə o, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin edilib. Diqqətçəkən məqam isə bundan əvvəl bu vəzifəyə Elçin Əmirbəyovun da təyinat almasıdır.

Xələf Xələfov və Elçin Əmirbəyov

Maraqlıdır, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi vəzifəsinin mahiyyəti nədir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan millət vəkili Elman Nəsirov deyib ki, Prezident İlham Əliyevin son təyinatları cəmiyyətimizdə ciddi müzakirə mövzusuna çevrilib:

“Bu təyinatlar onu göstərir ki, Azərbaycan dövləti hər zaman islahatlara açıqdır. Bu gün bu islahatların dərinləşməsi prosesi gedir. Paralel olaraq kadr islahatları da keçirilir. Cənab prezidentin son təyinatlarını kadr islahatları sahəsində dəyişikliklərin məntiqi nəticəsi kimi qiymətləndirmək lazımdır.

Cənab prezident ilk öncə Elçin Əmirbəyovu xüsusi tapşırıqlar üzrə nümayəndə təyin etdi. İyulun 24-də isə Xələf Xələfovu Azərbaycan Respublikası xarici işlər nazirinin müavini vəzifəsindən azad edib Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etdi.
Bu vəzifələr yeni vəzifələrdir. Lakin vəzifəyə təyin edilən şəxslərin hər ikisi də təcrübəli kadrlardır. Həm Elçin Əmirbəyov, həm də Xələf Xələfov kifayət qədər tanınan, cəmiyyətdə hörmət sahibi olan şəxslərdir. Onların diplomatiya sahəsində uzun illərə dayanan təcrübələri var.

Elman Nəsirov 

O ki qaldı xüsusi tapşırıqlar üzrə nümayəndənin hansı işləri görməsinə, deyə bilərəm ki, əslində hər şey vəzifənin adından bəllidir. Yəni cənab Prezident hansı məsələyə ki, önəm verəcək, həmin məsələlər ilə bağlı aparılacaq danışıqlarda sözügedən kadrlar görəvləndiriləcək.
Hər iki şəxsin xüsusilə xarici siyasət ilə məşğul olduğunu nəzərə alsaq deyə bilərəm ki, cənab prezidentin xarici siyasət ilə bağlı xüsusi tapşırıqlarının həyata keçirilməsində fəaliyyət göstərəcəklər”.

Turab Rzayev

Politoloq Turab Rzayev isə deyib ki, Azərbaycan prezident üsul-idarəsinə malik bir ölkə olduğu üçün prezidentin səlahiyyətləri çoxdur:

“Buna görə də prezident fərqli sahələrdə ixtisaslaşmış dərin bilik və bacarıqlara sahib olan şəxsləri özünə köməkçi, müşavir, nümayəndə kimi təyin edə bilər. Bu həmin şəxslərə etimaddan irəli gəlir. Yəni Prezident bu şəxsləri birbaşa tanıyır və onların etimadı doğruldacağına inanır.

Xələf Xələfov bundan öncə də Prezidentin xüsusi nümayəndəsi kimi çıxış edirdi. Xarici İşlər Nazirliyində Xəzər dənizinin hüquqi statusu və Qarabağ danışıqları üzrə əsas iki şəxs vardı. Xələf Xələfov həmin dövrdə bu iki istiqamətdən biri üzrə prezidentin nümayəndəsi idi. Lakin rəsmi vəzifəsi xarici işlər nazirinin müavini olub. Mümkündür ki, bu gün yenə o hansısa spesifik sahə üzrə xüsusi nümayəndə olaraq təyin edilib.

Hesab edirəm, bu addım dövlət içərisində bürokratik əngəllərin aradan qaldırılması istiqamətində mühümdür. Hər hansı sahə üzrə islahat keçirmək bu sahədə fəaliyyət göstərən qurumların etirazı ilə qarşılana bilər. Ancaq xüsusi sahələr üzrə bir nəfər təyin edilirsə, o, məsuliyyət daşıyır və işin gedişatı nəticəsi ilə birlikdə hesabat təqdim etməlidir. Mən bu təyinatları bir növ bu istiqamətdə görürəm”.

Qeyd edək ki, Prezident İlham Əliyevin xarici işlər nazirinin müavini Xələf Xələfovu özünün xüsusi tapşırıqlar üzrə nümayəndəsi təyin etməsi ermənilərdə qorxuya səbəb olub.

Ermənistan mediası Azərbaycan Prezidentinin bu təyinatının Qarabağ siyasəti ilə bağlı olduğunu yazır.

“Hraparak” nəşri iddia edir ki, Qarabağdakı erməni əhalisinin Azərbaycana reinteqrasiyasından sonra Xələf Xələfov Prezident İlham Əliyevin xüsusi nümayəndəsi kimi Xankəndiyə rəhbərlik edəcək.