Parlamentarilər istirahətlərini harada və necə keçirir?

İyul ayının 15-dən avqust ayının 30-dək Milli Məclis tətilə buraxılıb. Millət vəkilləri bu dönəmdə məzuniyyətə olacaqlar.

Maraqlıdır, parlamentarilər istirahətlərini harada və necə keçirir?

Millət vəkili Ceyhun Məmmədov istirahətini avqust ayına planlaşdırdığını deyib:

“Mili Məclis yay tətilinə çıxsa da, cari işlərlə əlaqədar məzuniyyətə tam çıxa bilməmişik. Televiziya verilişlərində oluruq, mediaya müsahibələr verməkdə davam edirik. Eyni zamanda, bəzi yarım qalmış işlərimizi tamamlamağa çalışırıq. Yay tətilini ölkə daxilində keçirməyi düşünürəm. Avqust ayında bir neçə gün Azərbaycan bölgələrindən birində istirahət etməyi planlaşdırıram”.

Deputat Razi Nurullayev səhhəti ilə əlaqədar Bakıda olduğunu və müalicə aldığını bildirib:

“Yay tətilində Bakıdayam, müalicə alıram. Heç yoxlanmağa vaxtım olmamışdı. Birinci növbədə can sağlığıdır. Hər kəsə gözəl istirahət və cansağlığı arzulayıram”.

Millət vəkili Kamilə Əliyeva Azərbaycandan kənara çıxmayacağını vurğulayıb:

“Məzuniyyət günlərində həmişə olduğu kimi, yenə də Azərbaycanda olacam. Zaqatala-Balakən rayonlarında seçicilərimlə görüşəcəm. Daha sonra istirahətimi ailə üzvlərimlə birgə Azərbaycanın digər dilbər guşlərində davam etdirəcəm”.

Millət vəkili Arzu Nağıyev yay tətili müddətində əsasən Bakıda olacağını deyib:

“Məzuniyyət dönəmində Tovuzda, Gədəbəydə olacam, seçicilərlə görüşəcəm. Seçicilərin arasında olmaq elə ən böyük istirahətdir. Bundan başqa, iş səfəri ilə əlaqədar ölkə xaricinə gedəcəm”.

Millət vəkili Vüqar İskəndərov məzuniyyətini əsasən, Şəkidə keçirəcəyini qeyd edib:

“İstirahətimi ailəmlə birlikdə doğulduğum və deputat seçildiyim Şəki rayonunda keçirirəm. Gündüzlər burada isti olmasına baxmayaraq, axşamlar hava sərin, təmiz olur. Burada istirahətdə olsam da, yenə də iş fəaliyyətimi davam etdirir, mediaya müsahibələr verirəm. Yaxınlarda Bakıya qayıdacam, amma əsasən istirahətimi ölkə xaricində yox, ölkədə keçirəcəm”.