YAP Səbail rayon təşkilatında onlayn hesabat yığıncağı keçirildi

YAP Səbail rayon təşkilatında 2020-ci ilin yekunlarına və təşkilatın yaranmasının 28-ci ildönümünə həsr olunan onlayn hesabat yığıncağı keçirildi. YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynovun, Səbail rayonu ictimaiyyət nümayəndələrinin, ziyalıların, Rayon Şurası və İdarə heyətinin üzvlərinin, partiya veteranları və gənclərin iştirak etdiyi yığıncaqda rayon partiya təşkilatının 2020-ci ildəki fəaliyyətinə dair hesabat təqdim olundu, görülən işlərin yekunları və qarşıda duran vəzifələr müzakirə olundu.
Yığıncağı giriş sözü ilə açan YAP Səbail rayon təşkilatının sədri prof. Şəmsəddin Hacıyev bildirdi ki, 2020-ci il dünya tarixinə COVID-19 koronavirus pandemiyası səbəbi ilə çox çətin, ziddiyyətli və iqtisadi tənəzzül ili kimi yazılsa da xalqımız üçün möhtəşəm qələbə, Azərbaycanın müstəqillik, hətta son 100-200 illik tarixinə qızıl hərflərlə yazılan Şanlı Qarabağ Zəfəri İli kimi əbədi həkk olundu. Pandemiyanın dünya və Azərbaycan iqtisadiyyatına təsirini iqtisadi rəqəmlərlə təhlil və müqayisə edən Sədr qeyd etdi ki, dünyada 2 milyondan çox insanın və ya dünya əhalisinin 0,03%-nin pandemiyanın qurbanı olduğu 2020-ci ildə dünya iqtisadiyyatı müxtəlif beynəlxalq təşkilatların və maliyyə institutlarının hesablamalarına əsasında orta hesabla 5-5,5% həcmdə tənəzzülə uğradı. Dünya ÜDM-nin 87,6 trilyon dollar olduğunu nəzərə alsaq bu rəqəm dünya iqtisadiyyatında 4,8 trilyon dollar həcmində itki, başqa sözlə dünyada son 75 ildə qeyd olunan ən dərin tənəzzülün, sözün əsl mənasında resessiyanın baş verməsi deməkdir. Hər bir ölkəni, onun iqtisadiyyatını və ümumiyyətlə ictimai-siyasi həyatını ciddi sınağa çəkən COVID-19 koronavirus pandemiyası ilə mübarizə və onun fəsadlarının aradan qaldırılması istiqamətində Azərbaycanda görülən işləri yüksək qiymətləndirən Ş.Hacıyev qeyd etdi ki, pandemiya nəticəsində Azərbaycan iqtisadiyyatı 4,3% azalmışdır ki, bu da digər dünya ölkələri, hətta inkişaf etmiş ölkələrlə müqayisədə daha az itki deməkdir. Bununla belə iqtisadiyyatımızın bəzi sektorlarında, xüsusilə turizm, otelçilik, ictimai iaşə, nəqliyyat, loqistika və s. itkilərimiz daha çox olduğu qeyd olundu. Bütün bunlara baxmayaraq ölkəmizdə aparılan ardıcıl, sistemli siyasət və qabaqlayıcı tədbirlər nəticəsində insan itkisi, o qədər də böyük olmadı və bu göstəriciyə görə Azərbaycan dünya ölkələri arasında ən az itkiyə məruz qalan 10 ölkədən biri oldu.
Ş.Hacıyev qeyd etdi ki, 2020-ci il ölkəmizdə Könüllülər ili kimi elan olunsa da, Azərbaycan üçün ötən il birmənalı olaraq Vətən müharibəsindəki parlaq Qələbə və Azərbaycan xalqının 30 ilə yaxındır ki, həsrətində olduğu torpaqlarının işğaldan azad olunması, ərazi bütövlüyünün və suverenliyinin bərpası, tarixi Zəfər ili kimi yaddaşlara həkk olundu. Vurğulandı ki, möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun Şanlı Qarabağ Qələbəsi bütün dünyada Azərbaycana qarşı olan münasibəti dəyişdi, məğlub ölkədən qalib ölkəyə çevrilən ölkəmiz, dünyada yeni iqtisadi, siyasi və hərbi güc kimi qəbul olundu, regionumuzda və yaxın coğrafiyada tamamilə yeni iqtisadi-siyasi münasibətlər sistemi, yeni geoiqtisadi reallıqlar yarandı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın “dəmir yumruğu” nəinki əzəli düşmənimizi, erməni faşizmini, onun işğalçılıq siyasətini, ordusunu, erməniçilik ideologiyasını darmadağın etdi, eləcə də transmilli erməniçiliyin uydurduğu mifləri, yalanları bütün dünya ictimaiyyəti önündə ifşa etdi. İlham Əliyev siyasəti və Şanlı Qarabağ Zəfəri Azərbaycan xalqını məğrur, qalib xalqa çevirdi, xalqımızın Vətən torpağı həsrətinə son qoydu və müstəqil Azərbaycan dövlətinin siyasi iradəsini, iqtisadi və hərbi gücünü dünyaya nümayiş etdirdi.
Azərbaycanın 2021-ci ildə tamamilə yeni dirçəliş, yenidənqurma və dinamik inkişaf dövrünə qədəm qoyduğunu diqqətə çatdıran Ş.Hacıyev qeyd etdi ki, Ulu Öndər Heydər Əliyev və Onun layiqli siyasi davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın son 28 ildə əldə etdiyi misilsiz uğurlarda, müasir Azərbaycanın iqtisadi, siyasi, hərbi qüdrətinin əldə olunmasında cəmiyyət həyatının istisnasız bütün sahələrinin inkişafında Yeni Azərbaycan Partiyasının və onun hər bir üzvünün mühüm töhfələri olmuşdur. Kəmiyyət və keyfiyyət göstəricilərinə görə Cənubi Qafqazın ən böyük və mütəşəkkil ictimai-siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının sıralarında cəmləşən vətənpərvər, dövlətinə, xalqına sadiq vətəndaşlar daima dövlət başçısının siyasətini dəstəkləyir və görülən işlərə öz töhfələrini verirlər. Bu il fevralın 21-də yaranmasının 28-ci ildönümü tamam olan YAP Səbail rayon təşkilatı da YAP-ın mühüm tərkib hissəsi olmaqla Bakı şəhərinin mərkəz rayonlarından birində fəaliyyət göstərir və bütün dövrlərdə yüksək potensial və imkanlarını səfərbər edərək nümunəvi və avanqard fəaliyyəti ilə ümumxalq işinə daima dəstək olur.
Daha sonra YAP Səbail rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinə dair təqdimat nümayiş olundu və rayon partiya təşkilatının ötən il ərzindəki çoxşaxəli və günün tələblərinə uyğun fəaliyyəti haqqında ətraflı məlumat verildi. Qeyd olundu ki, 2020-ci ildə YAP Səbail rayon təşkilatı tərəfindən ümumilikdə 70-dən çox müxtəlif səpkili tədbir keçirilmiş, VI çağırış Parlament seçkilərinin təbliğat və təşviqat kampaniyası təşkil olunmuş, pandemiya ilə mübarizə, sərt karantin dövründə 17 sosial aksiya icra olunmuş, aztəminatlı, qayğıya ehtiyacı olan tənha, ahıl, xəstə rayon sakinləri diqqətdə saxlanılmış, Vətən müharibəsi və postmüharibə günlərində 22 sosial aksiya reallaşdırılmışdır. Şəhid ailələri, qazilər, yaralı hərbiçilər və hazırda hərbi xidmətdə olan əsgər ailələri daima xüsusi qayğı ilə əhatə olunmuşlar. Fəaliyyətini pandemiya şəraitinə və tələblərinə uyğun quran YAP Səbail rayon təşkilatında 12 videokonfrans keçirilmiş, mətbuatda 250-dən çox məqalə, yazı, müsahibə dərc olunmuş, rayon təşkilatının informasiya portalı fəaliyyət göstərmiş və sosial şəbəkələrdə yüksək fəallıq qeyd olunmuşdur.
Səbail rayonunun bütün kəmiyyət və keyfiyyət göstəricilərinə görə sözün əsl mənasında mərkəz rayonlardan biri olduğunu qeyd edən YAP İcra Katibliyinin təşkilat şöbəsinin müdiri, Milli Məclisin deputatı Aydın Hüseynov təqdim olunan hesabatı yüksək qiymətləndirərək bildirdi ki, bu zəngin hesabatın arxasında böyük zəhmət, məsuliyyət, konkret nəticələr və uğurlar dayanır. A.Hüseynov Azərbaycan xalqının dövlətimizə böyük şərəf və Şanlı Qələbə bəxş edən möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan, Yeni Azərbaycan Partiyasının sədri ilə fəxr etdiyini xüsusi vurğulayaraq YAP üzvlərinin və bütün ictimaiyyətin bundan sonra da Prezident İlham Əliyevin Azərbaycan xalqının maraqlarına və dövlətimizin ildən-ilə inkişafına, qüdrətlənməsinə xidmət edən siyasətini dəstəkləyəcəklərini və bu istiqamətdə bütün vəzifələri layiqincə icra edəcəklərinə dair əminliyini ifadə etdi.
Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Hikmət Babaoğlu Yeni Azərbaycan Partiyasının qələbələri və fəaliyyəti ilə ən yeni siyasi tariximizə və ölkəmizin müasir siyasi sisteminə öz imzasını atdığını bildirərək Azərbaycan üçün mühüm il olan 2020-ci ildə YAP Səbail rayon təşkilatının fəaliyyətinin qürurverici olduğunu qeyd etdi. H.Babaoğlu ölkəmizdəki siyasi proseslərdə yaxından iştirak edən, aktual gündəm hadisələrinə adekvat və çevik reaksiya verərək il ərzində İş planında nəzərdə tutulandan da çoxsaylı və fərqli tədbirlər keçirən, ictimai rəyin obyektiv formalaşmasına mühüm töhfələr verən rayon partiya təşkilatının Vətən müharibəsi günlərində, pandemiya ilə mübarizədə və Parlament seçkiləi kampaniyasında üzərinə düşən missiya və vəzifələrin öhdəsindən layiqincə gəldiyini diqqətə çatdıraraq, YAP Səbail rayon təşkilatının gələcək fəaliyyətinə də uğurlar arzuladı.
“Səs” media qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatı İdarə Heyətinin üzvü Bəhruz Quliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru prof. Cəfər Cəfərov, Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri Hüseynqulu Bağırov, Milli Kitabxanın direktoru prof. Kərim Tahirov, YAP Səbail rayon təşkilatının Sədr müavini Mehman İsmayılov, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Adilə Abasova, YAP Səbail rayon “İdarəedicilər” (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) ərazi ilk partiya təşkilatının sədri prof. Elçin Əhmədov, 132-134 saylı Təhsil Kompleksinin direktoru, YAP Səbail rayon təşkilatının İdarə Heyətinin üzvü Sara Xanlarova, YAP Səbail rayon təşkilatının Rayon Şurasının üzvü Faiq Qurbanov Vətən müharibəsində Azərbaycanın qazandığı möhtəşəm tarixi Zəfər münasibətilə bir daha hər kəsi təbrik etdilər və Şəhidlərimizi yüksək ehtiramla yad edərək, qazilərimizə şəfalar arzuladılar. Azərbaycan xalqının 2021-ci ilə yüksək əhval-ruhiyyə, milli birlik ruhunda qədəm qoyduğunu vurğulayan natiqlər bildirdilər ki, bu il Azərbaycan üçün Qarabağa Böyük Qayıdış, işğaldan azad olunmuş torpaqlarımızın bərpası və yenidən qurulması ili olacaqdır. Qeyd olundu ki, Vətən müharibəsi Azərbaycan xalqının Liderinə olan sevgisini, etibarını və ölkə başçısının xalqına olan inamını, Azərbaycandakı milli birlik və vətənpərvərlik ruhunu bütün dünyaya bir daha nümayiş etdirdi. Yeni Azərbaycan Partiyasının üzvlərinin Vətən müharibəsi və pandemiya ilə mübarizə dövründə gördüyü işləri yüksək qiymətləndirən natiqlər YAP Səbail rayon təkilatının üzvlərini 2020-ci ildəki nümunəvi və uğurlu fəaliyyətlərinə görə təbrik etdilər, 2021-ci ildə dövlətimizə, xalqımıza, partiyamıza yeni-yeni nailiyyətlər arzuladı.
Çıxışlar və müzakirələrdən sonra YAP Səbail rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinə dair hesabat səsverməyə qoyuldu və yekdilliklə qənaətbəxş hesab olundu.
Sonra rayon partiya təşkilatının yaranmasının 28-ci ildönümü münasibətilə təşkilatın ictimai-siyasi həyatında yaxından iştirak edən partiya fəalları Fəxri Fərmanlarla təltif olundular.
İclasa yekun vuran Ş.Hacıyev YAP Səbail rayon təşkilatının fəaliyyətində yaxından iştirak edən bütün ərazi ilk partiya təşkilatlarının üzvlərinə təşəkkür etdi və rayon partiya təşkilatının gələcək fəaliyyətini də möhtərəm Prezidentimiz, Yeni Azərbaycan Partiyasının Sədri, Liderimiz İlham Əliyevin partiyamız qarşısında qoyduğu vəzifələr, tapşırıq və tövsiyələri əsasında quracağına və ümumxalq işinə bütün potensial və resursları ilə töhfə verəcəyinə dair əminliyini bildirdi.