Yaralı qızdan yeni xəbər var

Qiz

Ermənistan əsgərləri tərəfindən Şınıxda yaralanan 15 yaşlı məktəbli qızdan xəbər var.

Gədəbəy Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Akif Həsənovun ANS PRESS-ə verdiyi məlumata görə, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyevanın vəziyyəti hazırda kafidir.

“Güllə onun ayağını deşib keçib. Təcili olaraq axan qanın qarşısını almaq üçün onun ayağına gips qoyulub. Sabah isə rentgen müayinəsindən sonra Şəlalənin vəziyyətinin dəqiq proqnozu veriləcək. Ehtimallara görə, onun ayağında sınıq əlamətləri var. Şəlalənin dediyinə görə, hadisənin necə olduğundan xəbəri yoxdur. Yəni güllə qəfildən onun ayağına dəyib. Bu haqda rayonun inzibati orqanlarının məlumatı var. Onlar ermənilər tərəfindən güllə atılan əraziyə baxış keçiriblər”.

Qeyd edək ki, dünən günorta saatlarında Gədəbəyin Ermənistanla həmsərhəd Şınıx bölgəsinin Göyəlli kənd sakini, IX sinif şagirdi Şəlalə Mais qızı Tağıyeva həyətlərində oynayarkən düşmən gülləsinə tuş gəlib.

Ş.Tağıyevanın ailəsi Göyəlli kəndinin ən ucqarında, Ermənistan ordusunun “Sümüklü” dağındakı mövqelərindən görünən ərazidə yaşayır.

Kənd sakinlərinin bildirdiyinə görə, ermənilər neçə gündür ki, kəndin yuxarı hissələrini, habelə otlaq sahələrini və kənd təsərrüfatı işləri ilə məşğul olan sakinləri müntəzəm olaraq atəşə tutur.