Yas qadağalarına əməl olunmağa başlandı

yas

Cəmiyyətimizin indi müzakirə etdiyi daha bir mövzu var. Yas mərasimlərinin təşkili. Əslində ata babadan yas mərasimlərinin çox sadə olduğunu görmüşdük. Amma illər keçdikcə yaslarımıza bir toy təmtarağı sirayət elədi. İndi ekran başında oturub baxanlar etraf edərlər ki, yasa həm də yemək üçün gedənlər də az deyil.

Yas mərasimlərində israfçılığın qarşısının alınması üçün təklif olunan tövsiyyələrdən sonra Gəncədə hüzr yerlərində təqdim olunan menyuya nəzarət gücləndirilib. Yas mərasimi keçirən sakinlər də yeni tövsiyyələrin daha məqsədə uyğun olduğunu düşünür. Anasını bu gün itirən Məhəbbət Abbasova da din nümayəndələrinin məsləhəti əsasında yas mərasimində israfçılıq hallarına yol vermədiklərini dedi:

“Bu gün anam vəfat edib. Allah bütün ölənlərə rəhmət eləsin. Molla dedi ki, çay, limon və xurma olsun. Belə deyiblər. Mənə elə gəlir ki, yaxşı məsləhətdir. Eləsi var imkanı yoxdur gedir sələmə-banka girir. Deyir bundan geridə qalmayım. Amma borc altında qalır. Bu da Allaha xoş getmir”.

Gəncə sakini Ramazan Qasımov: “Bu formada yaxşıdı. Nəyə görə? Ona görə ki, varlılar yasda istədiyi şeyi verə bilir, kasıblar da qalır utana-utana”.

Artıq əksər yas yerlərində ev yiyəsi gələn qonaqlara əvvəlki tək çox çeşidli və israfçılığa yol açan yeməklər, müxtəlif təamlar, şirniyatlar deyil, daha ucuz başa gələn və israfçılığa yol açmayan qidalar təklif edir. Bunu müxtəlif yas mərasimlərini aparan dini nümayəndələr də təsdiq edir. Gəncədə fəaliyyət göstərən dini icmanın sədri Əlisəftər Səfərəliyev deyir ki, şəhər infrastrukturunun genişləndiyi bir vaxtda günlərlə yolların bağlı qalaraq, çadırların qurulması da bəyənilən deyil. Və ən böyük ehsanın su olduğunu dilə gətirən icma sədri israfçı süfrələrin əvəzinə, bulaqlarının açılması kimi xeyriyyə işlərinin daha məqsədə uyğun olduğunu bildirdi:

“Siz baxın vaxtı ilə də ən böyük ehsan kəhrizlərin çəkilməsi olub, onları çəkənlər yaşayıblar. Sonra da çaydı, halvadı. Çünki halvada da zəruri olan zülal, şəkər var ki, bədənin itirilmiş – yas günü ev yiyəsi və qonaqların itirdiyi enerjini bərpa edir”.

Qeyd edək ki, yas mərasimlərində süfrəyə verilən təamlara təkcə Gəncədə deyil, digər bölgələrdə eləcə də Bakinin özündə də nəzarət ediləcək.