Yaxşılıq qəbirdə sevgi göz yaşları ilə nəmlənməkdir….

 

elsan

 

Elşən Musayev

Bu həyatda ən gözəl iş 24 saat boyunca yaxşılıq etmək haqda düşünmək, beyini məhz bu minvalla yormaq, fikirdə-məramda eyni mətləbi durmadan çək-çevir etməkdir….

Dünya alimləri sübut edib ki, hər sahənin maksimum 2-3 faiz bilicisi var. Məsələn, yüz faiz insanın arasında maksimum 2 faiz peşəkar biznesmenin mövcudluğu mümkündür. Onlar sanki doğuşdan, gendən instinktiv təlimat almış, bir az da Allahın vergisi ilə dünyaya gəlmiş istedadlardır.
Qalanları isə sadəcə bu işlə məşğul olur. Vəssalam.

Yaxşılıq da elədir. Ha özünü zorla, canında yoxsa, alınmaz. Vergidir o. Tanrı yalnız sevdiklərinə bəxş edər həmin hissi.

Düzdür, bəzən göstərgi, reklam, imitasiya üçün də edərlər yaxşılığı və… sonucda səmimiyyət “dışı” olsa belə bu hərəkətin kiməsə xeyiri, mənfəəti dəyər. Fəqət, yekun etibarilə yalnız səbəbkar özü anlamaz ki, nə baş verdi, neylədi və ən əsası niyə elədi…

Çün, yaxşılıq…bir ruh məsələsi.

Yaxşılıq – edib sonra hiss etməyi deyil də, hiss edib sonra etməyi ehtiva edir…özündə.

Yaxşılıq – vicdanın kirini kisə ilə bərk-bərk, mütəmadi təmizləməkdir…

Yaxşılıq – bəzən ağlamaqdır. Gecələr. Etdiyin, həyata keçirdiyin gözəlliklərdən dolayı sevinərək, başını yastığa xısın-xısın diriyərək, uçaraq, qanadlanaraq ağlamaqdır.
Gözündəki işıqla, milsilsiz xoşbəxtliklə bərabər…

Yaxşılıq – kimlərinsə dualarından, alqışlarından tikilən əlbisəni öz əynində qürurla daşımaqdır…

Yaxşılıq – bir gün pulun, vəzifən, imkanın olmayanda – geri baxıb özünlə, keçmişinlə fəxr edə biləcəyin tək məqamdır…

Yaxşılıq – sabah qəbirdə tüpürcəklə deyil, sevgi göz yaşları ilə nəmlənməkdir….

Yaxşılar bol olsun.
Və…. hamının qarşısına çıxsın.