Yeni il xeyriyyə yarmarkası açılıb

11

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin yaxınlığında yerləşdirilmiş balaca taxta evlərdə “Nargis” jurnalının təşkilatçılığı ilə “Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkası açılıb.

Xalq.az  xəbər verir ki, açılış mərasimində xeyriyyə yarmarkası haqqında geniş məlumat verilib. Bildirilib ki, yarmarkadan əldə olunan vəsait 3 nömrəli internat məktəbinin hesabına köçürüləcək.

“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının ideya müəllifi “Nargis” jurnalının baş redaktoru Ülviyyə Rəhmanovadır.

Diqqətə çatdırılıb ki, dekabrın 20-dək davam edəcək yarmarkaya gələn şəhər sakinləri və qonaqlar buradakı bayram ab-havasından zövq alacaq, “Jan Atelier”, “Lilak”, “Carrousel”, “Ali&Nino” və digər brendlərdən hədiyyələrini əldə edə biləcəklər.

Yarmarkada 3 nömrəli internatda tərbiyə alan uşaqların da əl işləri satışa çıxarılıb.

Buraya gələnləri suvenirlərin əldə olunması və ləziz yeməklərdən əlavə, Azərbaycanın tanınmış yazıçılarının avtoqraf-sessiyası, uşaqlar və böyüklər üçün müxtəlif əyləncələr və əlbəttə, Şaxta baba ilə Qar qız gözləyəcək.

Qonaqlar hər gün saat 12:00-dan başlayaraq gün ərzində Yeni il hitlərindən həzz alacaq, isti şokolad içəcək və “Nargis” jurnalının tərəfdaşları tərəfindən təşkil olunan əyləncələrə qoşulacaqlar.

Açılış mərasimində tədbir iştirakçıları səhnəyə dəvət olunmuş internat məktəbinin uşaqlarını onlara dəstək əlaməti olaraq alqışlayıblar.

İnternat məktəbinin direktoru Bahar Kərimova isə uşaqların istedadlı olduğunu demiş və tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Sonra “Beat Heaven” qrupunun ifasında konsert təqdim edilib.

Yarmarkanın təntənəli bağlanışı dekabrın 20-də olacaqdır. Həmin vaxt qonaqlar lotereyada iştirak edib “Nargis” jurnalının tərəfdaşları tərəfindən müxtəlif hədiyyələr əldə etmək şansını qazanacaqlar. Bu hədiyyələr arasında tanınmış müğənni Emin Ağalarovun konsertinə iki bilet və əsas priz olaraq “Pasha Travel”dən Dubaydakı beşulduzlu otellərin birinə bilet oynanılacaq.

Miroslava Duma “Buro 24/7” kimi tanınmış dəbli saytın Azərbaycan versiyasının açılışı ərəfəsində sərgiyə təşrif buyuracaq və gecənin xüsusi qonağı olacaq.

İnternat uşaqlarının arzularını həyata keçirmək şansını qaçırmayın. Gəlin hər birimiz Şaxta baba olaq!

“Soyuq əllər, isti ürək” adlı Yeni il xeyriyyə yarmarkasının baş sponsoru “Bank Technique”dir.

 

61 60 59 58 57 56 55