Yeni iqtisadi rayonlarının yaradılması Azərbaycanın iqtisadi artımıdır

İmzalanan fərmana görə işğaldan azad edilmiş şəhər və rayonlar iki iqtisadi rayonda cəmləşir. O cümlədən yaradılan Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri də daxil edilib. Azərbaycanın müzəffər ordusu 44 günlük Vətən müharibəsi ilə ölkəmizin ərazi bütövlüyünü təmin edib”.



Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov Qarabağ iqtisadi rayonunun yaradılması haqqında fərmanı şərh edərkən deyib.

Millət vəkili qeyd edib ki, Dağlıq Qarabağ ifadəsi artıq gündəmdən çıxıb:

“Prezidentin imzaladığı fərmanla Qarabağ iqtisadi rayonu yaradılıb və bu iqtisadi rayona ermənilərin məskunlaşdığı ərazilər də daxil edilib. Respublika ərazisinin iqtisadi rayonlara bölünməsi ölkəmizdə sosial-iqtisadi siyasətin uğurla aparılmasına imkan verib. Düşünürəm ki, yaradılan yeni iki iqtisadi rayonu həmin bölgələrin sosial-iqtisadi inkişafı ilə əlaqədar ayrıca inkişaf proqramların həyata keçirilməsinə imkan verəcək. Çünki 2014-cü ildən həyata keçirilməyə başlanan Regionların Sosial İqtisadi inkişafı Dövlət Proqramları uğurla icra olunaraq Azərbaycanın sürətli inkişafına gətirib. Amma işğaldan azad olunmuş ərazilər isə uzun illər bizim nəzarətimizdə olmadığından inkişafdan kənarda qalıb. İndi yeni yaradılan Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üçün xüsusi inkişaf proqramları qəbul olunmalıdır ki, bu iqtisadi rayonların inkişaf səviyyəsini də digər iqtisadi rayonların inkişaf səviyyəsinə çatdıra bilək. Bu baxımdan yeni iqtisadi rayonlarının yaradılmasının böyük əhəmiyyəti olacağını deyə bilərik”.