Deputat: “Azərbaycanın iradəsi əleyhinə bölgədə mövcud reallığı heç kim dəyişə bilməz”

Müharibə sonrası biz davamlı olaraq Ermənistan tərəfindən heç bir gücə və hüquqa əsaslanmayan revanş bəyanatları eşitməkdəyik.

Bu müddət ərzində müxtəlif səviyyələrdə həmin zərərli fikir və aktlara lazımi formada cavab verilib, lakin, “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” cənab Prezidentinin Fərmanı bu cavablardan ən yaxşısı, ən tutarlısı oldu.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bilidrib.

Deputat qeyd edib ki, Yeni Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis edilməsi ilə biz dünyaya nümayiş etdirdik ki, heç kimin rəyindən asılı olmayaraq, bütün hallarda Azərbaycan Zəfərin nəticələrinin davamlılığı, bölgədə sülh və sabitlik mühitinin yaranaraq möhkəmlənməsi, Azərbaycanın maraq və mənafelərinə cavab verən bütün tədbirlərin görülməsi üçün zəruri addımları atır və atacaq da. Bir sözlə, Ermənistanın da onun havadarlarının da digər istənilən cəhdləri əbəsdir və kimsə Azərbaycanın iradəsi əleyhinə bölgədə mövcud reallığı dəyişə bilməz. Bu mənada, biz müvafiq Fərmana ciddi siyasi yükə malik sənəd kimi yanaşmalıyıq. Fərmanın ən mühim siyasi-hüquqi nəticələrindən biri ondan ibarətdir ki, Azərbaycan rəsmən vahid Zəngəzur konsepsiyasını gündəmə gətirməklə həm keçmiş, həm də gələcəyə baxış faktoru ortaya qoyaraq Qərbi Zəngəzuru tədricən müzakirə predmetinə çevirəcək. Əlbəttə, bu perspektiv məsələdir, lakin, unutmayaq ki, Vətən müharibəsində zəfərimiz bizə geniş imkanlar açıb. Sirr deyil ki, indiki tarixi siyasi şəraitdə Zəngəzur ideyasını rəsmən gündəmə gətirən belə bir siyasi aktın realizəsi üçün dövlət müstəqil siyasət kursuna, iqtisadi və hərbi suverenliyə malik olmalıdır. Bu mənada, cənab İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının təsis etməsi hər şeydən öncə məhz suveren güc və imkanlarımızın məhsuludur.