İşğaldan azad olunan ərazilərdə təbii sərvətlərdən və geniş turizm imkanlarından səmərəli istifadə olunacaq

Cənab Prezident  İlham Əliyevin iqtisadi rayonların yeni bölgüsü ilə bağlı imzaladığı fərman təkcə ölkənin iqtisadi inkişafı cəhətdən deyil, eyni zamanda 44 günlük Vətən müharibəsi nəticəsində bölgədə yaratdığı yeni reallıqlar və geosiyasi baxımdan mühüm əhəmiyyət kəsb edən sənəddir.

Bunu açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

Onun sözlərinə görə, cənab Prezident tərəfindən imzalanan Fərmanın ən mühüm cəhəti və çox böyük mahiyyət kəsb edən tərəfi Şərqi Zəngəzur və Xankəndi şəhəri, Xocalı, Xocavənd, Şuşa  və digər rayonları əhadə etən Qarabağ iqtisadi rayonudur. 

“İmzalanan sənəddə də qeyd olunduğu kimi indiyədək ardıcıl olaraq həyata keçirilən məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratdısa, yaradılan iqtisadi rayonlar da həm ölkəmizin gələcək davamlı inkişafını, həm də bölgə dayanıqlı sülhün, sürətli gələcək inkişafını təmin etməyə xidmət edəcək. Çünki parlaq qələbədən sonra işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilməkdədir. İmzalanan fərman da bu istiqamətdəki işləri daha da səmərəliliyinin artırılmasına gətirib çıxaracaq. Belə ki, qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etməklə onların bərabər inkişafının təmin edilməsi üçün nəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasının məqsədə müvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonların iqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdiyindən, sənəd bu istiqamətdə işlərin həyata keçirilməsini daha da  sürətləndirəcək. Bununla da gələcəyə ünvanlanan və qarşıdan duran hədəflərə nail olmağa xidmət edəcək. Hansı ki, cənab Prezident özü də dəfələrlə çıxışlarında bununla bağlı öz mesajlarını verib. O baxımdan fərmanda Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhədə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsi təkcə iqtisadi baxımdan deyil, digər baxımlardan da ciddi əhəmiyyət kəsb edən məqamdır. Şərqi Zəngəzur iqtisadi rayonu gələcəkdə Zəngəzur dəhlizi ilə bağlı layihənin reallaşmasına da öz müsbət töhfəsini verəcək.

Digər bir məqam isə Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün yeni Qarabağ iqtisadi rayonunun da yaradılmasıda xüsusi əhəmiyyət kəsb edir. Bu iqtisadi rayonun yaradılması həm də ölkəmizdə qalacaq ermənilərin reinteqrasiyası baxımından, iqtisadi idarəetmədə çevikliyin təmin olunmasına, məcburi köçkünlərin ora qayıtdıqdan sonra məşğulluq və işsizlik probleminin həllində müstəsna rol oynayacaq. Bu da nəticə etibarı ilə ölkənin iqtisadi gücünün, insanların sosial rifah halının daha da yaxşılaşmasına gəirib çıxaracaq”.