Yeni vaqonlar xəttə buraxıldı

Demir

Yay fəslində istirahatə gedənlər əlverişli nəqliyyat vasitəsi kimi dəmiryoluna daha çox üz tutur.

XALQ.AZ-ın məlumatına görə, Azərbaycan dəmir yolları sərnişin sıxlığını və onların rahat və təhlükəsiz mənzil başına çatmalarını nəzərə alaraq xəttə yeni vaqonlar buraxıb.

Azərbaycan dəmir yolları parkına gətirilmiş 80 yeni vaqon əsasən beynəlxalq istiqamətlərdə sərnişin daşınmasına xidmət göstərir. Bu ildən İsveçrədən daha 30 vaqon alınacaq.

Ölkədaxili, eləcə də beynəlxalq istiqamətə gedən sərnişinləri də yeni qatarlar qane edir.

Sərnişin Sakit Hüseynov deyir ki, “45 ildir mən qatardan istifadə edirəm. Sovet dövründə də istifadə etmişəm. Bu qatarları onlarla müqaisə etmək düzgün deyil”.

Avropadan Qafqaz ölkələrini səyahət etməyə gələn turistlər də Bakıdan çıxarkən məhz bu nəqliyyat növünə üstünlük verir.

Holland turist Mathen Stadman qeyd edir ki, “Mən Tiflisə istirahətə gedirəm. Qatara daxil olub əşyalarımı qoydum. Çox rahat və təmizdir. İçəridə səliqə-sahman var. Belə bir qatarda səyahətə çıxmağımdan məmnunam”.

Daha rahat və təhlükəsiz vaqonlarda bəzi qadağalar da nəzərdə tutulub.

Qatar rəisi İlahə Kərimova vurğulayır ki, “Bələdçilərimiz hamısı qadınlardır. Yola çıxmazdan əvvəl qatarın bütün parametrləri yoxlanılır. Siqaret çəkməyə qoymuruq. Buna görə də vaqonlarımız çox təmiz olur”.

Yeni vaqonların ən üstün cəhəti yay fəslini nəzərə alaraq burada soyutma sistemlərinin quraşdırılmasıdır. Bununla yanaşı, fəslə uyğun olaraq qatarlarla bır sıra profilaktik tədbirlər də aparılır.

“Azərbaycan Dəmir Yolları'”QSC-nin mətbuat katibi Nadir Əzməmmədov deyir ki, “Qatarlarda yay vaxtını nəzərə alaraq soyutma sistemləri quraşdırılıb. Havaların isti keçməsi ilə əlaqədar müxtəlif xəstəliklərin qarşısının alınması məqsədilə qatarlar dezinfeksiya olunmalıdır”.

Bələdçilər müşahidə kameraları vasitəsilə gəlib-gedənləri müşahidə edə bilirlər. Subtitrlər vasitəsilə qatarın keçdiyi ərazilər haqqında məlumat verilir. Sərnişinlərin mədəni istirahəti üçün isə biznes vaqonlarda monitorlar quraşdırılb ki, bunun vasitəsilə müxtəlif televiziya kanallarını izləmək mümkündür.

Ən əsası isə dəmiryol parkında olan köhnə və sıradan çıxmış qatarların təmiri üçün gələcəkdə heç də Ukraynaya müraciət etməyə ehtiyac olmayacaq. Yaxın vaxtlarda Gəncə vaqon deposunda yeni zavodun tikintisi plaşdırılır.