Yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında cəmiyyətin hər bir üzvü iştirak etməlidir

 

71

 

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi, “Digesta” hüquq firması və “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin nümayəndələri Bakı Dövlət Sosial-İqtisad Kollecinin müəllim və tələbələri ilə görüşmüşlər.
AzərTAc xəbər verir ki, tədbir yol hərəkətində təhlükəsizliyin təmin edilməsinə dair təbliğat işlərinin aparılması, yol-nəqliyyat hadisələri, onların təhlili və aradan qaldırılması yollarının müzakirə edilməsi məqsədilə keçirilmişdir.
Son vaxtlar paytaxtda toy karvanlarında gənclərin ehtiyatsızlığı ucbatından baş vermiş yol qəza hadisələri, onların təhlili və ağır nəticələri barədə tələbələrə məlumat vermək və onları maarifləndirmək də tədbirin əsas hədəflərindən olmuşdur.
Tədbirdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Elməddin Muradlı, hüquqşünas Ərşad Hüseynov və kollecin direktoru İlham Vəliyev çıxış etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, yol hərəkəti təhlükəsizliyi ictimai təhlükəsizliyin əsas tərkib hissələrindən biridir. Ona görə də yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında cəmiyyətin hər bir üzvü iştirak etməlidir. Bunun üçün hər bir insan yol hərəkəti iştirakçısı kimi öz vəzifələrinə riayət etməli, heç bir halda hərəkət qaydalarını pozmamalıdır. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün maarifləndirmə və profilaktik işlərin görülməsinə diqqət artırılmalıdır.
Diqqətə çatdırılmışdır ki, bir çox yol qəza hadisələri məhz piyadaların qaydaları pozması səbəbindən baş verir. Buna görə də qayda pozan piyadalara qarşı yol polisi tərəfindən artıq sərt tədbirlər görülür. Piyadalar əsasən təyin olunmayan yerlərdən keçdikləri üçün cərimələnirlər.
Məlumat verilmişdir ki, ötən il Bakıda 7 min piyada inzibati qaydada məsuliyyətə cəlb edilmişdisə, 2013-cü ilin yanvarından indiyədək bu rəqəm 122 minə çatmışdır. Piyadaların vurulması 2012-ci ildə ümumi hadisələrin 53 faizini təşkil etdiyi halda, görülən tədbirlər nəticəsində hazırda bu rəqəm 46 faizə düşmüşdür.
Sonda müəllim və tələbələri maraqlandıran suallar cavablandırılmışdır.