Zəfərimiz Ali Baş Komandan, prezident İlham Əliyevin…

Vətən Müharibəsindəki zəfər Azərbaycan xalqının və bütövlükdə uca şəhidlərimiz, qəhrəman qazilərimiz və igid hərbçilərimizin, bir sözlə Ordumuzun qələbəsidir.

Bunu XALQ.AZ-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

Deputat qeyd edib ki,Ordu bir vəhdət sistemidir, əsgərdən nazirə qədər hər kəsin bu sistemdə öz əvəzedilməz rolu var.

Şükr Tanrıya ki, qəhrəman əsgər, çavuş, gizir və zabitlərimiz müharibənin ağır sınağından üzü ağ, alnı açıq çıxaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında 28 illik işğala 44 gündə son qoydular.

Vətən Müharibəsində ayrı-ayrı epizodlar, ayrı-ayrı döyüş əməliyyatları üzrə xüsusi fərqlənən yüzlərlə qəhrəmanımız var, hər biri də özlüyündə ayrıca bir dastan yazmış insanlardır, hamısı da bizim üçün əzizdir.

Onların bu əvəzsiz xidmətləri dövlətimiz və xalqımız tərəfindən uca tutulub, daim də qiymətləndiriləcək. Lakin, etiraf edək ki, bütövlükdə Vətən Müharibəsindəki zəfərimizdə bütün qəhrəmanlarımızı təmsilən ayrıca bir şəxsiyyətin adını çəkməli olsaq, heç şübhəsiz ki, bu yalnız və yalnız müzəffər Ali Baş Komandan, prezident İlham Əliyevin adı olmalıdır.