Zəngilan inkişaf edəcək

İşğaldan öncə rayon ərazisində onlarla milli və dini-tarixi abidə olmuşdur.
Zəngilan rayonu 1930-cu ildə yaradılmışdır. Rayonun sahəsi 707 kvadrat kilometrdir. Ərazisinə bir şəhər, 6 qəsəbə, 78 kənd daxildir. Zəngilan rayonu 29 oktyabr 1993-cü ildə təcavüzkar Ermənistan tərəfindən işğal olunmuşdur. İşğal nəticəsində rayon ərazisindəki onlarla milli və tarixi-dini abidə talan olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən 2020-ci ildə Zəngilan rayonu işğaldan azad edilib. Rayonun işğaldan azad edilməsi nəticəsində oradakı tarixi, memarlıq abidələrimiz də erməni əsarətindən qurtuldu. Prezident İlham Əliyevin göstərişi ilə Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi Zəngilan rayonunun ərazisində olan tarixi-dini abidələrimiz də bərpa olunacaq.
Zəngilan rayonunun təbii şəraiti, zəngin bitki örtüyü, çaylardan, sal daş-qayalardan ibarət olan təbii qala-mağaralar bu ərazilərin qədimliyini, yəni ilk insan yaşayış məskənləri olmasını təsdiqləyən sübutlardandır. Tarixi, arxeoloji, etnoqrafik və memarlıq abidələri ilə diqqəti cəlb edən Zəngilan Alban çarlığının tərkibində olmuşdur. Albaniyanın süqutundan sonra isə Səlcuqlar, Atabəylər, Monqollar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Osmanlı hökmdarları, xanlıqlar və nəhayət, çar Rusiyasının tərkibinə qatılan Zəngilanın ərazisində çoxsaylı dağıdıcı hadisələr baş vermişdir.
Təəssüflə qeyd edilməlidir ki, tarixçi alimlər tərəfindən Zəngilanla bağlı vaxtilə tədqiqat aparılmayıb, lakin 1976-cı ildə tarix elmləri doktoru Rəşid Göyüşov və Aləm Nuriyev tərəfindən Şəhri-Şərifan adlı qədim şəhər öyrənilmiş, burada bir sıra qiymətli maddi-mədəniyyət nümunələri aşkar edilmişdir.
Zəngilan dağıdıcı, viranedici müharibələrə, təbii fəlakətlərə məruz qalsa da, 1993-cü il oktyabr ayının sonuna, yəni erməni vandalları tərəfindən işğalına qədər ərazisində tarixi, arxeoloji, etnoqrafik, memarlıq abidələri və təbii sərvətlər öz varlığını qoruyub saxlaya bilmişdi. Hacallı kəndindəki dairəvi bürc, Məmmədbəylidəki səkkizguşəli türbə (1304-1305), Yenikənddə ziyarətə çevrilmiş XIV əsr türbəsi məhz dediklərimizə bariz nümunələrdir.
Rayonun Yeməzli kəndi yaxınlığından tapılmış küp qəbirlərdəki muncuq, sikkə və bülöv daşlar e.ə. IV-II əsrlərə aid edilmişdir.
Bu ərazilərdə İslamdan əvvəl xristian dini yayılmışdı. Araz çayının sol sahilindəki Bartaz kəndi yaxınlığında, Xanəzir pirinin 100-150 metrliyində, meşənin dərinliklərindəki bir hissəsi uçub dağılmış alban kilsəsinin divarlarının qalınlığı 1,5 metrə çatırdı. Rayonun Qarababa kəndindəki alban abidəsi də sanki eyni memarın əsəri idi.
XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılıb. 1868-ci ildə Yelizavetpol quberniyası yaradılıb. Onun tərkibində Şuşa, Yelizavetpol və Zəngəzur qəzaları yaradılıb və yeni bölgüyə əsasən, Zəngilan rayonu Zəngəzur qəzasına daxil edilib.
Həmin dövrdə tərtib edilən xəritədə Zəngilanın ərazisindən yalnız Bartaz və Xanlıq kəndlərinin adı göstərilib. 1925-ci ilin sənədlərində Zəngilan Cəbrayıl qəzasının tərkibində göstərilib və burada rayonun Genlik, Aladdin, Dəlləkli kəndləri qeyd olunub.
Son iki yüz ildə vahid təbii sərhədə malik olmayan Zəngilan 1930-cu ilin avqustunda müstəqil rayon kimi formalaşıb və dəqiq müəyyən olunmuş bir əraziyə çevrilərək, 1967-ci ildə qəsəbəyə şəhər statusu verilib.
1993-cü il oktyabr ayının 30-da rayon erməni təcavüzkarları tərəfindən işğal olunub.
Zəngilan Azərbaycan Respublikasının qərb qurtaracağında, Araz çayından şimalda yerləşir. Rayon müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati ərazi bölgülərinə məruz qalıb. Rusiyanın işğalı zamanı, 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçaydan qərb tərəfi Naxçıvan, şərq tərəfi isə Qarabağ xanlığının tərkibinə daxil olub.
Rayonun ərazisində xeyli maddi-mədəniyyət abidələri var idi ki, onların da 1993-cü ildən sonra salamat qalmasına güman yoxdur. Çünki Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində törədilmiş vandallıq bunu söyləməyə əsas verir. Rayonun Məmmədbəyli kəndində olan türbə dövrümüzə qədər salamat gəlib catan abidələrdən idi.
XII əsrin yadigarı olan Şərifan sərdabəsində 1974-cü ildə Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya şöbəsi tədqiqat aparmış, “Şəhri-Şərifan” və ya “Şəhri-Xəlifan” adı ilə tanınan bir orta əsr şəhərinin xarabalıqları aşkar olunmuşdur. Şəhər Cənubi Qafqazdan keçən baş ticarət yolunun üzərində yerləşirdi. Qazıntılar burada ilk mədəni təbəqənin olduğunu aşkar etmişdir. Bu, orada IX əsrdən insan yaşadığını söyləməyə əsas verir. Şəhər XIV-XV əsrlərə kimi mövcud olmuşdur.
Zəngilan rayonunda, Həkəri çayının sağ sahilində olan Şərifan kəndindəki türbənin ancaq sərdabə hissəsi bizə qədər gəlib çatmışdır. Hacallı dairəvi bürcü XIV əsrdən qalmadır. O, tarixi-memarlıq abidəsi kimi qorunurdu. Bu abidə Məmmədbəyli və Şərifan türbələrindən fərqli olaraq, səkkizguşəli deyil, dairəvi formada olmuşdur.
Zəngilan abidələri öz memarlıq xüsusiyyətlərinə görə fərqlənir. Bu ərazilərdə XIII-XIV əsrə aid sənduqə, qoç, at heykəlli qəbirdaşları ərəb, fars, Azərbaycan dilli yazılarla və müxtəlif relyeflərlə xalqımızın həyatının, məişətinin müxtəlif tərəflərini əks etdirir, tariximizə, toponimikamıza, xalq təbabətinə, etnogenez məsələlərinə aydınlıq gətirir, Azərbaycanın orta əsr mədəni həyatına dair bir sıra məsələləri işıqlandırır.
Zəngilanda 6 məscid, 2 alban kilsəsi, 20 ziyarətgah var idi. Eyni zamanda, 70 kitabxana, 3 muzey, 4 musiqi məktəbi, 2 kinoteatr, park işğal zamanı yox edimişdir. Amma cənab Prezidentin dediyi kimi, dağıdılmış bu abidələr, mədəniyyət müəssisələrinin binaları bərpa edilərək öz əvvəki görkəminə qaytarılacaq.
Bəli, “Böyük Qayıdış”ın ilk addımları məhz Zəngilandan başlamışdır. Zəngilanın cənnət olması üçün “ağıllı kənd”layihəsi artıq reallaşmaq üzrədir. Bununla rayonda yenidənqurma və bərpa işlərinə imza atıldı.
Biz zəngilanlılar qürur hissi keçiririk ki, “ağıllı kənd” layihəsinə bizim a ğalı kənddən başlanılır. Həm “ağıllı kənd” termini, həm də Ağalı toponimi arasında fonetik baxımdan səslənmə də vardır. Zəngilanın tarixi kifayət qədər qədimdir. Ağalı kəndindəki kahalar ən qədim insan məskənləri hesab edilir. “Ağıllı kənd” layihəsi də ilk insan məskənlərinin olduğu məkandan başlanır.
Zəngilanın tarix və mədəniyyət abidələrinin işğaldan sonrakı vəziyyətinin qeydə alınması komissiya¬sında mən də iştirak edirdim. Müəyyənləşdirdik ki, abidələr çox bərbad günə qoyulub, təkcə Məmmədbəyli türbəsini, Şatrazda və Qarabağlar kəndlərindəki alban abidələrini bərpa etmək mümkün ola¬caq. Qalan abidələr tamamilə yenidən qurulmalıdır.

Zərinə Hümbətova–ADPU