Zəngilan rayonun yeni inkişaf dövrü-“Böyük Qayıdış” layihəsi.

Azərbaycan 44 günlük Vətən müharibəsindəki Zəfərindən sonra regionda yeni reallıqlar yaradıb. Dünyanın inkişaf etmiş güclü dövlətləri və beynəlxalq təşkilatlar, siyasi mərkəzlər bu reallığı qəbul edərək ölkəmizlə əməkdaşlıq üçün təşəbbüslər irəli sürürlər. Azərbaycan beynəlxalq hüquq çərçivəsində öz haqqını bərpa edərək, bütün dünyaya güclü dövlət olduğunu göstərdi. Azərbaycan, sözün əsl mənasında, regionun güclü dövləti, başqa sözlə desək, yeni güc mərkəzidir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş və uzaqgörən, eyni zamanda, qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu uğurlara nail olmağı bacarıb.Postmüharibə dövrünün elə ilk günlərindən etibarən Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm prioriteti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə başlanması, yeni yaradılan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır. Cənab Prezident İlham Əliyev qurucu lider olaraq işğaldan azad edilmiş əraziləri addım-addım, qarış-qarış gəzib orada aparılan bərpa və yenidənqurma prosesinə şəxsən rəhbərlik edir.
Otuz ilə yaxın yurd həsrəti ilə yaşayan ailələr yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr, əsasən, müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin sakinləri var.
Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.
Zəngilan rayonunda “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə Böyük Qayıdışa uyğun olaraq əhalinin köçürülməsinin ikinci mərhələsinə həsr edilmiş tədbir Abşeron rayonunun Masazır kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində keçirilib. Məcburi köçkünlərin 12 ailədən (63 nəfər) ibarət növbəti qrupu Abşeron rayonu Masazır qəsəbəsində yerləşən “Zəngilan şəhərciyindən” Daxili İşlər Nazirliyinin əməkdaşlarının müşayiəti ilə öz doğma yurd-yuvalarına yola salınıb.
Böyük Qayıdışa uyğun olaraq ikinci mərhələdə daha 25 ailənin (125 nəfər) köçürülməsi planlaşdırılır. On iki ailədən ibarət birinci köç karvanı sentyabrın 7-də doğma yurdlarına yola düşüblər
İnşallah tezliklə bütün Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq! Bu sevinci bizə yaşadan Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevə, rəşadətli ordumuza sonsuz təşəkkür edirik! Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyirik! Nəticə etibarilə, Azərbaycan strateji hədəflərini ardıcıl olaraq reallaşdırır,Böyük Qayıdış yolunda əmin addımlar atırıq. Bu isə tarixi Qələbənin prosesə çevrilməsi, milli həmrəyliyin güclənməsi, o cümlədən siyasi güc və sosial-iqtisadi inkişaf deməkdir.

Nəsimi rayon sakini Hüseynli Billurə