Zərdab acınacaqlı vəziyyətdə

 

67

İcra başçısının imza atdığı  işlər Zərdabı bərbad vəziyyətə salıb

Son 7 ildə rayonun abadlaşması məqsədilə büdcədən ayrılan vəsaitlərin böyük hissəsi göyə sovrulub

Əhalisinin ən çox problemlə üzləşdiyi rayonlarımızdan biri də Zərdabdır. Ərazisinə görə kiçik olan bu rayonda böyük problemlər hökm sürür. Bütün bunların səbəbkarı kimi isə Zərdab Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Lütvəli Babayev göstərilir. Qeyd edək ki, Lütvəli Babayev 1959-cu il yanvarın 30-da Zərdab rayonunun Qaravəlli kəndində anadan olub. 1980-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub və 1986-cı ildə həmin institutun ümumi texniki fənlər müəllimi ixtisasını bitirib. 1977-ci ilin yanvar ayından 1977-ci ilin may ayınadək Mingəçevir Şəhər Yol tikinti maşınları zavodunda ikinci dərəcəli fəhlə işləyib. 1977-ci ilin may ayından 1979-cu ilin iyun ayınadək Çita şəhərində Sovet ordusu sıralarında hərbi xidmətdə olub.

1991-ci ilin sentyabr ayından 1993-cü ilin yanvar ayınadək Mingəçevir şəhər 17 saylı orta məktəbdə direktor müavini, 1993-cü ilin yanvar ayından 1993-cü ilin dekabr ayınadək Mingəçevir şəhər 11 saylı orta məktəbdə direktor vəzifəsində işləyib. 1993-cü ilin dekabr ayından 1997-ci ilin mart ayınadək Mingəçevir Şəhər İcra Hakimiyyəti Başçısı Aparatında ümumi şöbənin müdiri vəzifəsində çalışıb. 1997-ci ilin mart ayından 1999-cu ilin iyul ayınadək San-Marino BEA-nın Mingəçevir filialında müəllim, təcrübə rəhbəri işləyib. 2005-2007-ci illərdə Mingəçevirə rəhbərlik edib. 2007-ci ildən bu günə qədər isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısıdır.

Diqqətinizə çatdıraq ki, Lütvəli Babayevin barəsində indiyə kimi çoxsaylı tənqidlər səsləndirilib. XALQ.AZ-a daxil olan ilginc məlumatlarda isə bildirilir ki, icra başçısının Zərdabda 7 il ərzində göstərdiyi fəaliyyət ürəkaçan deyil: «Əksər rayonlarımıza başqa-başqa bölgələrdən olan şəxslər rəhbərlik edir. Lütvəli müəllim isə əslən zərdablıdır. O icra başçısı vəzifəsinə keçəndə sevinmişdik və gözləyirdik ki, məmur doğulub boya başa çatdığı rayonun inkişafı üçün əlindən gələn hər şeyi edəcək və camaatın problemini öz problemi biləcək. Əfsus ki, onun başçı postuna keçməsi Zərdabın tənəzzül dövrünə qədəm qoymasına səbəb oldu. Rayonda hər sahədə problem mövcuddur. Son 7 ildə Zərdab tarixinin ən ağır dövrlərini yaşayır. Kommunal sahədən tutmuş səhiyyəyə qədər hər sahədə neqativ hallar mövcuddur. Əhalinin içməli su, işıq və mavi yanacaqla təminatı acınacaqlı vəziyyətdədir.İcra başçıs sakinlərin problemləri ilə maraqlanmaq əvəzinə, həftə sonları Bakıya gəlib istirahət edir. Mərkəzi və kənd yolları istifadəyə yararsız hala düşüb. Vətəndaşlar şəxsi imkanları hesabına yolları təmir etsələr də, davamlı olmur». Məlumatda həmçinin qeyd edilir ki, sahibkarlar icra başçısının yersiz tələblərindən təngə gəliblər. Belə ki, dövlət büdcəsindən rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə ayrılan vəsaitlərin müəyyən hissəsi şəxsi büdcələrə yönəldildiyindən abadlıq işləri yerli iş adamlarının boynuna qoyulur. İcra başçısı dövlət büdcəsindən ayrılan külli miqdarda vəsaiti özünə yaxın olan şirkətlər vasitəsilə təyinatdan yayındırır: «Buna dair konkret faktlar var. Zərdabda binaların dam örtüyünün dəyişdirilməsi üçün “Əlif-ƏƏ” MMC və “Dəniz- 11 ”MMC-yə 220 min manat, şəhərin müxtəlif yerlərində abadlıq işlərinin görülməsi üçün “Odlar Yurdu- 2 ”MMC-yə, “Əhəd” MMC-yə, “Sələflər” MMC-yə, “Omeqa” MMC-yə, “Ziya” MMC-yə, “Elşən” MMC-yə və digər şirkətlərə 1,9 milyon manat vəsait köçürülüb. Bu şirkətlərin hamısına icra başçısının yaxınları rəhbərlik edir. Yəni həmin şirkətlər Zərdab İcra Hakimiyyətindən aldıqları vəsaitin bir hissəsini təkrar olaraq onların özünə qaytarırlar. 2007-ci ildən bu vaxta qədər Zərdabın abadlaşmasına dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənsəydi, rayon görkəmini müsbət mənada xeyli dəyişərdi. Büdcə vəsaitlərinin əksər hissəsi talan edildiyi üçün rayon pis günə düşüb. 2012-ci ildə prezident İlham Əliyev Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzaladı. Sərəncamla doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Zərdab-Yuxarı Seyidlər-Siləyli avtomobil yolunun tikintisi məqsədi ilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 5.4 milyon manatı Zərdab Rayon İcra Hakimiyyətinə ayrılıb. Həmin ildə rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin və Zərdab rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə əlavə 2 milyon manat ayrıldı. Amma bu pulların çoxu kimlərinsə cibinə gedib. Rayonda nə abadlıq işləri görülübsə, hamısı yerli sahibkarların hesabınadır». Bu arada onu da qeyd edək ki, Lütvəli Babayevin bəzi qohumları ona arxayın olaraq özbaşına işlər törədirlər. Məsələn, ötən ilin yayında Mingəçevir polisi avtoxuliqanlıq etdiyinə görə şəhər sakini Babayev Yadigar Şahvəli oğlunu saxlayıblar. 99-BH-045 dövlət nömrə nişanlı “Nissan” markalı avtomobillə şəhər sakinlərinin həyatına və asayişinə təhlükə yaradaraq, müxtəlif manevrlər edən məmurun qardaşı oğlu Dövlət Yol Polisi bölməsinin əməkdaşlarının əmrlərinə tabe olmayıb. Əməliyyat heyətinin apardığı xüsusi tədbirlərdən sonra Yadigar Babayev avtomobili saxlamalı olub. Yüksək səslə danışan, polisə qarşı müqavimət göstərən Yadigar Babayev Mingəçevir Şəhər Polis Şöbəsinə gətirilib. Faktla bağlı inzibati protokol tərtib olunub. Onun barəsində tərtib edilən sənədlər hazırlanaraq Mingəçevir şəhər məhkəməsinə təqdim edilib. İcra başçısının digər qohumlarının da adı bəzi qalmaqallı məsələlərdə çəkilib. Maraqlıdır ki, Lütvəli Babayev bu kimi olaylarda qohumlarını günahkar bilmək əvəzinə, hüquq-mühafizə orqanlarını səhv çıxarmağa çalışıb. Faktlardan aydın olur ki, icra başçısı Zərdaba istənilən səviyyədə rəhbərlik edə bilmir və ən əsası özünü prezidentin səlahiyyətli nümayəndəsi kimi aparmır. Odur ki, yuxarı dairələr səviyyəsində icra başçısının fəaliyyəti nəzarətə götürülməlidir ki , Zərdabın problemləri həll olunsun

Qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq