Jalə Əliyeva Zərdabda şəhidimizin il mərasimində

Zərdab rayonun daha bir qəhrəman oğlu, Vətən müharibəsinin şəhidi Anar Nazim oğlunun anım günü qeyd edilib.
19.11.2021-ci il tarixdə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov, Millət vəkili Jalə Əliyeva,hüquq mühafizə orqanlarının rəhbərləri,Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Zərdabın Gəlmə kəndinin Şəhidlər Xiyabanında Anar Nazim oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Zərdab Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov şəhidin məzarı önündə çıxış edərək şəhidin ailəsinə başsağlığı verib və 44 günluk Vətən müharibəsində hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışıb. Bildirib ki, tarixi Qələbə ilə başa çatan 44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan dövləti və ordusu böyük gücə, qüdrətə sahibdir. Müzəffər Ali Baş Komandanımızın «Dəmir yumruğu» tək Azərbaycana deyil, bütün Qafqaza sülh, ədalət, inkişaf gətirdi. Qeyd etdi ki, bu gün özünü qalib ölkənin vətəndaşı hesab edən hər bir azərbaycanlı Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyur.
Millət vəkili Jalə Əliyeva çıxış edərək bildirib ki, bu tarixi qələbə Azərbaycanın güclü dövlət olması, güclü iqtisadiyyyata, güclü orduya malik olması, ən əsası xalqımızın Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşməsi hesabına əldə edildi. Cənab Prezidentimiz bəyan edib ki, biz işğaldan azad etdiyimiz əraziləri cənnətə çevirəcəyik. Həmin torpaqlar ölkəmizin ən gözəl, sosial-iqtisadi cəhətdən inkişaf etmiş, ən çox ziyarət edilən guşələrinə çevriləcək. Əsrlər boyu olduğu kimi, bundan sonra da xalqımız o doğma yurd yerlərində xoşbəxt firavan yaşayacaq.

44 günlük Vətən Müharibəsində şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Məmmədzadə Anar Nazim oğludur. Anar Nazim oğlu Məmmədzadə 1999-cu il avqustun 3-də anadan olub. O, 2006-2017-ci illərdə Zərdab şəhər 1 saylı məktəb liseydə təhsil alıb. Məktəbi bitirdiyi ildə Azərbaycan Dövlət Texniki Universitetinə qəbul olunub. 2019-cu ildə təhsilini müvəqqəti dayandıraraq könüllü olaraq 2020-ci ilin yanvarında həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb və Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaətlə iştirak edib. Həmlə Taborunda Baş Əsgər kimi hərbi xidmət keçən A.Məmmədzadə Tabor Komandirindən sonra 500 metrlik məsafədə 1-ci atıcı olub. Döyüşlərdə iştirak edərkən komandirin “Bu, müharibədir, bəlkə də burdan qayıtmayacağıq” – sözünə, Anar cavabında “bilirəm, mən Vətən üçün gedirəm” – demişdi. Oktyabrın 4-də ailəsi ilə telefonla danışarkən qardaşına “4-5 erməni itini öldürmüşəm, artırım?” -deyərək gülüb. Bu vaxtdan etibarən, Anardan heç bir məlumat almaq mümkün olmayıb. Onun sonuncu döyüşü olan 6-8 oktyabrda Füzuli yaxınlığında gedən hücum əməliyyatında da Anar hamıdan öndə hücuma keçərək düşmənə sarsıdıcı zərbə vurub. 2020-ci il oktyabrın 9-da 30 nəfərə yaxın şəxsi heyət, o cümlədən, A.Məmmədzadə şəhid olub və onları döyüş meydanından çıxarmaq mümkün olmayıb. Həmin istiqamətdə düşmənin böyük qüvvələri cəmləşdiyi üçün hücum istiqaməti dəyişdirilərək Cəbrayıl və Hadrutda davam etdirilib, həmin əraziləri isə 20-21 oktyabrda düşmən işğalından azad etmək mümkün olub. Şəhidlərimizin nəşi yalnız onda götürülüb və DNT analizindən sonra 19 noyabrda Zərdabın Gəlmə kəndinin Şəhidlər Xiyabanında dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Anar Məmmədzadə ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Allah rəhmət eləsin,ruhun şad olsun