Zahid Orucun görəcəyi işlər müəyyənləşdi – Siyahı

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Sosial Tədqiqatlar Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.

XALQ.AZ  xəbər verir ki, fərmanla mərkəzin fəaliyyətinin məqsədi və istiqamətləri müəyyən olunub.
Sosial Tədqiqatlar Mərkəzinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

– Azərbaycan Respublikasında sosial tədqiqat, təhlil və proqnozlaşdırma işi ilə, habelə ictimai rəyin öyrənilməsi ilə bağlı siyasətin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;

– dövlət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin inkişaf dinamikasını və tendensiyalarını təhlil etmək, proaktiv yanaşma əsasında müasir informasiya texnologiyaları və innovativ üsullar vasitəsilə rəy sorğuları keçirmək, ictimai fikri öyrənmək, təhlil etmək və təkliflər vermək, elmi araşdırmalar aparmaq və bu sahədə dövlət orqanları (qurumları) ilə əməkdaşlıq etmək;

– sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını gücləndirmək və inkişaf etdirmək;

– idarəetmə prosesinin təkmilləşdirilməsi, aparılan islahatların səmərəliliyinin artırılması məqsədilə, habelə verilən qərarların, görülən tədbirlərin mümkün təsirlərinə dair sosial tədqiqatlar aparmaq;

– ictimai əhəmiyyət kəsb edən müxtəlif mövzularda ictimai dinləmələr, debatlar keçirmək, bu sahədə vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq etmək, geniş müzakirə platformaları qurmaq və onları idarə etmək.

Qeyd edək ki, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri deputat Zahid Orucdur.

 

Orxan