Zakir Fərəcovun sağ əli, aşkarlanan milyonlarla mənimsəmə…

Dövlət satınamaları prosesində yol verilən qanunsuzluqlara dair cinayət işinin istintaqı tamamlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, “Sumqayıt Tibb Mərkəzi” Publik Hüquqi Şəxsində baş verən qanunsuzluqlarla bağlı Maliyyə Monitorinqi Xidmətindən daxil olmuş məlumatlar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

İstintaqla qeyd olunan tibb müəssisəsinin sabiq baş mühasibi Gülnarə Bayramovanın həmin vəzifədə işləyərkən qohumu Gündüz Əliyevlə qabaqcadan əlbir olub tanışları Elxan Əsədovun köməkliyilə sahibkarlıq fəaliyyəti adı altında 2012-2019-cu illər ərzində keçirilmiş dövlət satınalmaları və müqavilələr üzrə xüsusilə külli miqdarda pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi materiallarına əsasən Gülnarə Bayramova və Gündüz Əliyev Elxan Əsədov vasitəsilə təsis etdiyi 41 hüquqi şəxsin qanuni fəaliyyətlə məşğul olması görüntüsü yaradaraq Sumqayıt şəhər Səhiyyə Şöbəsindən 5 milyon 716 min 684 manat məbləğində pul vəsaitini həmin şirkətlərə köçürülməsinə nail olub.

 

Bundan sonra, köçürülmüş pul vəsaitinin bir hissəsi, yəni 1 milyon 613 min 334 manat məbləğində hissəsi Elxan Əsədov və digərləri vasitəsilə nağdlaşdırmaqla mənimsənilib.

Cinayət yolu ilə əldə edilən mənimsənilmiş pul vəsaitinin 1 milyon 35 min manat məbləğində hissəsinin müxtəlif əqdlər bağlamaqla həyata keçirilən maliyyə əməliyyatları nəticəsində ayrı-ayrı şəxslərin bank hesablarından məxaric edərək leqallaşdırması ibtidai istintaq zamanı sübuta yetirilib.

İş üzrə toplanmış mötəbər sübutlar əsasında Gülnarə Bayramova və Gündüz Əliyevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) və digər maddələri, Elxan Əsədova isə həmin Məcəllənin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə köməkçilik), 32.5, 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik) və digər maddələrilə yekun ittiham elan edilib.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bundan başqa, istintaq zamanı 41 hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edilib və dəymiş maddi ziyandan 1 milyon 542 min 351 manatının ödənilməsi təmin olunub.

REDAKTORDAN SÖZARDI:

Bu da, Gündüz Əliyevin “iç üzü” — necə deyərlər, hər şey göz qabağında, “kor – kor, gör – gördür!”. Başçının “gözünə girmək” üçün, ikiüzlülüyün və yaltaqlığın ən dəhşətli kriteriyalarına əl atıb. Elə, buna görədir ki, icra başçısı Zakir Fərəcovla sahibkarlar arasındakı getdikcə daha da şiddətlənən mərəkədə daim “sinəsini qabağa verib”. Milyonlarla alacaqları olan iş adamlarını həmişə öz yalanları ilə aldatmağa nail olub. Elə, “Zəmanət məktubu” qalmaqalında onun adının daha çox hallanması da, deyilənlərin daha bir sübutudur.
Elə, aldadılan sahibkarlara icra başçısının adından verdiyi yalan vədlərə görə də, günü bu günədək utanana oxşamayıb. Bu yalanlarına görə, gələcəyi olan uşaqlarına görə də, narahatçılıq keçirmir. Daha bilmək istəmir ki, onun bu yalanları, uşaqlarını cəmiyyət içində gözükölgəli edəcək həmişə. Amma vicdanı olan ata belə səhv addım atmaz, həmişə gözləri önünə öz uşaqlarının gələcək talelərini gətirərdi.

Sumqayıtın icra başçısı Zakir Fərəcovla sahibkarlar arasında uzun müddətdir davam edən borc qalmaqalında Gündüz Əliyev hansı oyunlardan çıxmayıb. Elə, bu gün də, belədir! Nə özünə, nə uşaqlarına görə, ortada narahatlığı belə yoxdur!
Məhz buna görədir ki, ölkə mediası onunla bağlı çox xoşagəlməzliklər üzə çıxarır. Bir daha deyirik ki, bütün bunlara görə, onun nə utanmağı var, nə də qızarmağı. Elə, belə xoşagəlməzliklər müqabilində də, “zəmanət məktubu” ilə bağlı prosesdə icra başçısı sahibkarlara verdiyi kişi sözünə indiyədək əməl etmək istəmir. Bir də, yaltaqlığın və ikiüzlülüyün nəticəsidir ki, iş adamlarına birbaşa Zakir Fərəcovun özü borclu olduğu halda, “zəmanət məktubu” Sumqayıt İcra Hakimiyyətinin Yerli Özünidarətmə Orqanları ilə iş üzrə şöbənin rəhbəri Gündüz Əliyevin adına verilib. Nədən, məhz Gündüz Əliyevin adına?! Sualın cavabı çox sadə qeyd olunub: “Ona görə ki, bütün bu işlərin hamısı, məhz, ikiüzlü, yaltaq, saxtakar… şöbə müdirinin əli ilə həyata keçirilib. Eyni zamanda, Zakir Fərəcov bununla da, kimsəyə borcu olmadığı görüntüsü yaradaraq, bütün məsuliyyəti Gündüz Əliyevin üzərinə qoyub. Halbuki, bu istiqamətli pulların ayrılması və onlarla bağlı sərəncam verilməsi, Gündüz Əliyevin səlahiyyətində deyil.

Elə, Gündüz Əliyevin yalan vədlərinə görədir ki, bu ciddi məsələdən bir gün sonra nə pul ödənilib, nə də hər hansı borc bağlanılıb. Bunu görən iş adamları da, elə, notarial qaydada hazırlanmış “zəmanət məktubu”nu ləğv ediblər. Üstəlik, bütün dövlət qurumılarına müraciətlər edərək, durumun dəhşətli olduğunu çatdırıblar.

Xüsusi olaraq onu da iddia ediblər ki, törətdikləri bu qatı cinayət əməllərinə görə, Zakir Fərəcovun maxinator və talançı ortağı olan yüksək vəzifə sahibi Gündüz Əliyevin də vəziyyəti olduqca çətindir. Elə, araz.az-ın bu ciddi məsələ ilə bağlı ötən yazısında da qeyd edildiyi kimi, bütün deyilənlər ona bir işarədir ki, Zakir Fərəcov və onun bu yaxın cinayət ortağı, qanunsuzluq “donu geydirtdikləri” bütün əməllərini, ölkə üçün olduqca həssas keçən bu dönəmdə belə şiddətləndirməkdən heç vaxt çəkinməyiblər. Gündüz Əliyev həyata keçirdiyi bütün korrupsiya əməllərini bacısının adına olan şirkətlər vasitəsi ilə həyata keçirib. Bu barədə, araz.az araşdırmalar aparıb və deyilənlərin həqiqət olduğunu üzə çıxarıb. Tezliklə, bu barədə geniş araşdırma yazılarını dərc etməyi lazım bilib. Doğrudan da, ortadakı faktların arxasındakı qaranlıq məqamlar, Gündüz Əliyevin son vaxtlar düşdüyü təşvişə aid çox şeylərdən xəbər verir.

Borc bataqlığında olan Zakir Fərəcovun cinayət ortaqlarından biri də Gündüz Əliyevdir. İmzası olan sənədlərdə 50 milyondan gedən söhbətlərdə onun obyektlərinin sayı-hesabı olmadığı deyilir. Yalnız Bulvardakı “Boinq” restoranından o, gündə 10 min manatdan çox gəlir götürür.

Axı, barəsində cinayət işi olan birisi, belə məsul vəzifədə necə qala bilər?! Bu sual bütün Sumqayıtlıları hədsiz narahat edir.

 ena.az