Zakir Həsənov Ermənistan ordusunun səriştəsizliyindən DANIŞDI

“Ermənistanın hərbi rəhbərliyi çıxışlarında bildirib ki, onların idarəçiliyində səriştəsizlik var idi”.

Bu sözləri “REAL TV”yə müsahibəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, onlar öz qüvvələrini düzgün qiymətləndirə bilmirdilər:

“Müharibənin yeddinci günü mən hiss etdim ki, Ermənistanın hərbi rəhbərliyi ordunu idarə edə bilmir. Müharibə zamanı idarəçilik çox mühüm məsələdir. İdarəçiliyin düzgün təşkili üçün böyük məbləğdə pul xərclənir, avadanlıqlar alınır və s. Bəzi hallarda düşünürdüm ki, düşmən tərəfindən bu əməliyyatları hərbçi idarə etmir.

Hücumun təşkilində qərarsız olublar, nə aviasiya dəstəyi olub, nə artilleriya. Bu müharibə göstərdi ki, Azərbaycan Silahlı Qüvvələrinin ordu idarəçiliyi yüksək səviyyədə qurulub”.

Z.Həsənov onu da əlavə edib ki, o, döyüş meydanında baş verən bütün prosesləri izləyib:

“Ali Baş Komandan da müharibənin gedişatını izləyirdi və öz istiqamətlərini verirdi”.