Zaman məndən keçir

02

 

Xakasiya

Ellik budun idim, bəs elim hani?!

Nağıllarımızın, əfsanələrimizin iç dünyasından unudulmaz duyğu kimi ürpəşib keçən Sayan, Altay dağlarının bir hissəsi kimi təsbit olunan Xakasiya boyu nəzər yetirib də bizim tanınmış şairlərdən birinin illər öncəsi yazdığı şeirdən misraları kıpır-kıpır gümüldənirəm:

Nə səni mənim tək sevən tapılar,
Nə mənim sənintək duyanım olar…

Xəyallarım Yenisey çayının duyğulu sularına baş qoyubmuş kimi dincəlməkdədi…
Bəxt məni bu əfsanəvi nəhrin Minusinsk çökəkliyinin qərb səmtinə müsafir edib. Cənub-şərqi Sibirdəyəm;
Qədim-qayım türk boylarının məskunlaşdığı Xakasiya Respublikasında…
Dünyanın ən böyük çaylarından olan Yeniseyin (Kimsuyu) qollarından biri kimi tanınan Abakan çayı Xakasiyanın içindən axıb keçməkdədi. Baxdıqca, nəzər yetirdikcə Arazımı xatırlayır, Kürümü yad edirəm.
Orxan-Yenisey kitabələrinin daş yaddaşı elə bir ucdan vərəqlənir gözlərim önündə. Gül-Təkin abidəsindən yönü bəri daşlanıb gələn ahlar, amanlar, yaşanan acılar hissimi, duyğumu oyadıb keçir:

Türk bəylər, budun, bunu eşidin
Türk budunun dirçəlib
Elini tutacağını
Daşa həkk etdirdim,
Yazdırdım burda…

Nə yazıq ki, türk budunu qurub el etdiyi elindən oldu. Türk bəylər türk adın atıb özgə xiqanlığın adını tutdu.
Bakirə qızları kənizə döndü. Bəy oğlu bir qula çevrilib getdi.
Gül-Təkin abidələrində yazılanlardı bunlar:
Türk qara (böyük) budun belə demiş:

Elim budun idim,
Elim indi hanı?
Kimə el qazanıram?
Xiqanlıq budun idim,
Xiqanım hanı?.

Yenisey məzar yazıları addım-addım izləyir hər qədəmimi, yaddaşı qanadıb, könlü üşüdür:

Göy Tanrıdan günü, ayı itirdim,
yerimə yazıq…
Xanımdan, elimdən, sizdən doymadım,
ayrıldım…
Xanıma, elimə yazıq!
Elim uğrunda qoşun olan əllərim,
bəxtim yox…
Kədər mənə batmış,
öldüm, nə yazıq…
Qardaşıma, kəmərimə,
Atıma yazıq…
Qara budunumdan ayrıldım,
yazıq mənə…

Əvvəlli-sonlu, cəmi 47 il yaşamış Gül-Təkinin ağısıdı bu…
Üstündən əsrlər, qərinələr keçib. Ancaq yenə də ağrı həmin ağrı, qəm həmin qəmdi?
Göz yetirib Yenisey çayı vadisinin cənubuna-qərbi Sayan dağları (Karaqom) səmtinə baxır, baxıram. Unudulmaz “Dədəm Qorqud dastanlar”ından Uruzun anasının söyləmələri verər təskinliyimi:

Xatun ana!..
Nə ağlarsan, nə bozlarsan,
Bağrımla ürəyim nə dağlarsan?
Keçmiş mənim günümü nə andırarsan?..

O keçmiş günlərin anım ağrısı tarixin, vaxtın, zamanın diqtəsindən gəlir; qədər, olub-olmuşlar belədi ki, 1910-cu ilə qədər Xakasiyada əhalinin 98 faizi Xakas türkləri idi. 1990-cı illərdə isə bu toplum əhalinin vur-tut 11 faizini təşkil edə bilirdi…
Eyni “ayır-buyur” siyasətinin süzgəcindən keçmişik… Eyni taleyi yaşamışıq.
Bu gün cənub-şərqi Sibirdə yerləşən, daha çox Rusiyanın Krosnoyarsk əyalətinə bağlı olan Xakasiya Respublikası doğma Azərbaycanımızın Şimali və Cənubi Azərbaycan deyə iki yerə ayrıldığı, qardaşın-qardaşa, ananın balaya həsrət qoyulduğu zamanlarda -XVIII əsrdə rus imperiyası tərəfindən istilaya məruz qalıb. Nə Abakan ilə Kuznetsk Alatausu silsiləsinin ən yüksək zirvəsi olan Verxin Zub dağının sərtliyi, nə Yenisey çayı vadilərinin keçilməzliyi, nə Qərbi Sayan dağlarının unikal özəllikləri bu haqsız basqınların qarşısını kəsə bilmədi. Bütün türk xalqlarına yaşadılan acılar Xakasyada da təkrarlandı.

Köçər ellər, düşər səndən aralı

Xakasların kökdən gələn yaşam tərzləri bizim tərəkəmə ellərinin eyni, oxşarıdı. Dağ-aran arası köç-düşlərdə keçibdi ömrünün şirin anları. Qarşı yatan qara dağların o üzündən həsrətlə boylanmaqdadır ana vətənlər olan, hazırkı Krasnoyarsk vilayəti tərkibində qalan torpaqlar.
Qanlı-qanlı axıb keçən sellər-sular durulubdumu?
“Arğab-arğab yıxılmışdı qara dağlar”, ucalacaqmı?
“Qarşı yatan qara dağlar qarıyınca otu bitib, el yaylanarmı?”
Düşünür, düşünürəm: “Görəsən hansı səmtdən, hansı baxış bucağından boylanıb Altay, Sayan dağlarının zirvəsi boyunca qırğız şairi Suyunbay Eralıyev? Xakaslara çox vaxt Yenisey qırğızları deyildiyinin fərqində olubmu o zaman:

Dərd güclü gələndə, düşəndə dara
Dağlara qalxıram, uca dağlara.
Əlvan çiçəklərin, yaşıl otların
Yaxın təmasında tapıram çara.

…Müdrik Altay dağı, vaxt tapıb hərdən
Oğluntək gəlirəm sənin səcdənə.
Böyüklük, ucalıq başlanan yerdə
Dərdlərim çox xırda görünür mənə.

O güclü gələn dərdin, düşülən darın adını nə qoyaq?! Bəlkə elə Xakas türklərinin qəm ortağıdı. Bu dərdi qədim xalq mahnılarının nəqarətində “A-a-a, e-eee” şəklində təkrar-təkrar dilə gətirər xakaslar… Dönüb-dönüb də dinləmişəm. Oxumuşam Dağlıq Altay şairi Pasley Samıkın “Kəndimiz Kaspa” şerini:

Doğma kəndimizə
bir gün biz
bir şüar yazdıq:
“Kaspa-ikinci Moskva…”
İki şam ağacının başına bağladıq.
Altay dağlarının başında,
Göyün yeddinci qatında.
Taleyimizin ayağı altında
Tənhalıqdan oturub ağladıq.
İndi on milyonluq Moskvada
Oturmuşam təm-tək.
Taleyin də, dağların da
ayağı altında.
Bağışla, kəndim,
“Kaspa birinci Moskva”
yazaydım gərək…

Özgəsininkini özününkündən irəli tutanların ağrısıdı bu, gecikmiş olsa da vacib olan etirafdı.
Altay dağlarının başı üstündə, göyün yeddinci qatında-uçaqda olanda da bunları düşünürdüm, taleyin ayağı altında yol getdiyim həmin o unudulmaz günlərdə də.
Böyük türk şairi Midhət Camal Kuntayın misralarını yenidən yada salmaqdaydım:

Bur ovuc torpaq əzərsən –
bir çəlik, bir tunc olur.
Ağlayan bir millətin siması
pek qorxunc olur…

Öz vətənlərində əksəriyyət təşkil edə bilməməyin ağrısı yaşanır Xakasiyada. Öz vətənlərində Xakasların ümumi sayı 12 faizdən o yana deyil. Qalan 78 faizi ruslardı. Doğma yurdda 80-90 min nəfərdən çox Xakas yaşamır.
Qırğız və Saqay adlı qollardan, müxtəlif boylardan ibarət Xakas türklərinin durumu belədi. Gözlərim arayır Kaçin (Şaaş, Şaas), Saqay, Qızıl, Koybal, Belitir, Şor boylarının tarixə bəlli nəm-nişanələrini.
Abakan və Yenisey çayları boyunca yurd salan əhali arasından səsləsəm səsimə cavab gələrmi?
Bəlkə Abakanda ucaldılan, eynən Eyfel qülləsinin görkəmini göz önünə gətirən abidəyə qalxam, o gözəlim abidəni bir ədalət tribunası kimi özümə sipər edim, oradan söyləyim Xakas tarixini…
Ruslar Napoleona qarşı savaşda ali baş komandanlığı Brakli de Toyler-Tyan-Şanskiyə etibar etməmişdilər. Altay dağlarından gəlmə kəsləri özlərindən saymamışdılar.
Özlərindən hesab etmədiklərini ruslaşdırmaq siyasəti çarizmin ən ümdə məqsədi olub. Düşünüblər, deyiblər və həyata keçiriblər də!
İnanmayanlar Xakasiyanın tarixini oxusunlar. Bir xalqın iki cür taleyi olduğuna şahid dursunlar.

“Manas” dastanına görə…

Bu, Tanrı dağı qırğızlarının bütün dünyada tanınan, bilinən dastanıdı. Burası bəlli…
Qırğızların xakaslardan ayrılan yolu bu dastandan nağıl, əfsanə diliylə keçir.
Deməli, IX-X əsrlərdi və zaman o zamandı ki, Çin mənbələri qırğızlardan “xeqes” və ya “kie-kia-se” deyə bəhs etməkdədirlər. Dastanda Tanrı dağı qırğızlarının Yenisey bölgəsindən bugünkü vətənlərinə Manan xanın rəhbərliyi altında köçməsi nəql olunur.

Zaman ötdü, vaxt adladı,
Dövranın suları axdı, duruldu.

Bu qarğaşa, yığval içində Tanrı dağı qırğızları müsəlmanlaşdı, araya upuzun məsafə ayrılığı düşdü. Doğma yurdlarını qış soyuğunda, payız sazağında tərk etməyən quşcuğazlar qismində qalan Yenisey qırğızları həmin çağdan yönü bəri “xakas” adıyla tanınmağa başladı.
Bu bölgələrdə türk izlərinə rast gəlmənin tarixini göz önünə gətirmək istəyirsənsə Miladddan 3 min öncəyə dönəsən gərək.
Eradan əvvəl ikinci əsrdə Xakasların hunların tabeliyi altında yaşaması tarixin gerçəkliyidi. Cənubi Sibirin digər türk xalqları kimi, xakasların da yazı tarixinin bu dövrdən etibarən başladığı bilinir.
O zamanlar üçün güclü bir icma olduqlarının sədası göytürklük zamanında hökmdarlarının “xaqan” adıyla tanınmasından gəlir.
Tarix müntəzirdi qüvvət önündə…
Elə həmin tarixin şəhadətidi, yetərincə güc sahibi olduqlarındandı ki, qırğızların siyasi varlığına nə göytürklər, nə də uyğurlar son verə bilməmişlər. Əksinə, qırğızlar 840-cı ildə böyük çölə enərək Uyğur dövlətini yıxmış və Orxan bölgəsini fəth etmişdilər.

Haşiyə…

Qırğızların Yenisey boylarından Manal xanın başçılığı altında Tanrı dağlarına yol etdiyini söylədik… Qaldı bu qüdrətli xanın soy-kökdən gələn tarixi və bir də bu tarixlə bağlı əfsanə:
Cakib xanın sevimli xatunu Cərcidən doğulmuşdu Manas xan; ap-ağ əti pambıq kimi, sümüyü mis dözümündə. Atası dörd peyğəmbər qocadan Manas adı qoydurmuşdu bu doğulan körpəyə.
Dörd peyğəmbər qutlamış, sınamışdı Manası. Hələ ana bətnində üçaylıq olarkən anası Cərci xatunun meyli pələng ürəyi istəmişdi…
Qismət özünü gecikdirməmişdi. Pələng də vurulmuş, ürəyi gənc xatuna götürülmüşdü.Yanında da əlavə olaraq ayğır at ürəyi.
Səhəngdən su töküb pak eylədilər o iki ürəyi nökərlər həmən. Sonra da Baybikə Xatun nuş etdi…
Zaman ötüb… Yenisey vadiləri boyunca pələng ovuna çıxan o xakas gəncini anıram… Hansı inamla yay-oxu qaldırıb nişan almışdı? Bilirdimi ovundan yeyənin kim olduğunu? Kimin bu dünyaya gələcəyini düşünüb ağlına vururdumu heç?
Əfsanələrin tarixləşməsi, tarixlərin əfsanələşməsi ruhun, düşüncənin böyüklüyündən gəlir. Kim dünəni özüylə götürürsə, dünən də onunla sabaha gedir.
Yenisey qırğızlarının – Xakasların dünəndən sabaha götürdükləri tarixdi “Manas”; milli kimlik tarixi. Kök ordan gəlir. Yenisey vadilərindən, Sayandan, Altay dağlarından.
Böyük qırğız Çingiz Aytmatovu, “Gün var əsrə bərabəri” xatırlayıram, Nayman Ananın Manqurt oğul kədəri qəlbimi üşüdüb keçir, yerli-yataqlı yazmağı qırğız türkləri haqqında yazacağım fəsilə saxlayıram.
İndilikdə İlteriş Xaqanın oğlu Kanqan Xaqanın dövrünə, oğuzların göytürklərlə mübarizə anlarına qayıtmaq istəyirəm…
Kanqan xaqan türk mtarixinin ən ünlü fatehlərindəndi.
Çin səfərini başa çatdırmışdı. Sıra Yenisey ətrafında məskunlaşan icmalar üzərinə gəlirdi.
Yolsuz vadilərdən Konqan dağlarına yol açdı qoşun. Yenisey qaynağı səmtindəki Ani çayının sahilləri qanla suvandı. Xanı tələf oldu qırğız elinin…
Ancaq belə də qalmadı, 745-ci ildə Göytürk dövləti dağıldı, yerində uyğur xaqanlığı bərqərar oldu.
Bu xaqanlığın ömrü 95 il sürdü. Qırğızların şiddətli bir hücumu uyğur dövlətini yıxdı. Ötükəndə yeni qırğız dövləti yaradıldı. 920-ci ildə Monqolustanı ələ keçirən kidanlar qırğızları Ötükəndən çıxarıb köhnə yurdlarına qovdular.

Çiçəkçi, mənə bir gül ver…

1207-ci ildə Çingiz xan qırğızları özünə tabe etdi və qırğızlar Çingiz xana itaət edən ilk türk boyu olaraq tarixə həkk olundular. Qırğız qövmü uyğur xaqanlığını yıxaraq işğal etdiyi Ötükəndə qalmağa müvəffəq olmadı…
Heç monqol kidanları da zəbt etmələrinə baxmayaraq Orxan mədəniyyətinin ruhunu dərk edib ona uyğunlaşa bilmədilər.
Ancaq qədim türk xalqlarının doğma yurdunun bir daha geri qaytarmayacaq şəkildə monqollara güzəşt edilməsi tarixdə öz mənfi izini qoymamış da olmadı.
İslam dininin Türküstanda yayılmağa başladığı IX-X əsrləri göz önünə gətirirəm…
Bu o dəmlər idi ki, qırğızlar hələ Yenisey boylarında yaşamağa davam edirdilər. İslamı qəbul etmiş türklərlə ticarət əlaqələri vardı.
Dəvə karvanları iki ildən bir gəlirdi. Gələnlərin yükü adətən toxunma mallar olardı. Qayıdanbaş qiymətli kürklər, müşk və xüsusən ox düzəltmək üçün istifadə edilən ağaclar aparardılar.
Monqol istilasından sonra XIV əsrdə Honqoray ( və ya Hooray) dövləti isə rus istilasına qədər mövcud olmuşdur. Bu gün Xakasiya deyilən dövlətin torpaqlarına XVII əsrdə Xakasiyanı istila etmək üçün gələn rus əsgərləri belə “Qırğız torpağı”, “qırğız yeri” deyirmişlər.
VI və XIV əsrlərdə müstəqil bir dövlət olan Xakasiya, XVIII əsrin əvvəllərində rus işğalına məruz qaldı. Bu barədə yazılanlarla tanış olduqca gözəlim Azərbaycanın aqibəti, azərbaycanlılara qarşı yeridilən siyasətin eybəcərliyi kino lenti kimi gözlərim önündən keçir.
– Ruslar işğaıdan əvvəl də, sonra da Xakas türklərini “Tatar” adlandırırdılarmı?
– Yüzdə-yüz belədi?
– Bəs azərbaycanlıları nə adla tanıyırdılar?
– Eynilə o cür, “Tatar” deyirdilər bizlərə. Özü də ironiya və həqarətlə.
– Bəs yer-yurd adlarına münasibətləri necəydi?
– Eynilə bizdəki kimi… Dəyişdirirdilər, öz ata-babalarının adlarını verirdilər…
– Önəmli vəzifələri necə paylayırdılar?
– İşğal edilmiş torpaqların idarəçiliyi rus aristokratlarına həvalə edilirdi. Eynən bizdə etdikləri kimi. Padşahdan gələn fərman, buyuruq belə idi.
Yeraltı, yetüstü sərvətlərə münasibət də elə idi. Sümürürdülər, yığıb-yığışdırıb aparırdılar. Fikir edirəm, müqayisə aparıram, hesaba vururam, baxıb görürəm ki, bir almanın iki üzü kimi eyni rüzgar acısı çəkib xalqlarımız, dərdin bir üzü bizdə, bir üzü onlarda qalıb. Fikir etdikcə, fərqinə vardıqca tanınmış türk şairi Əhməd Ərxanın “Ağı” şerindən yadımda qalan misralar döyəcləyir düşüncələrimi:

Çiçəkçi, mənə bir gül ver,
Sevgilimə deyil, bir ölü üçün.
Çiçəkçi, mənə bir gül ver,
İçinə göz yaşlarımı sığdıra bilim.

Sən de: – bir arkadaşım öldü,
Mən deyim: – qardaşım.
Çiçəkçi, mənə bir gül ver,
Götürüb tabutuna qoyayım.

Qapalı pərdələri aça bilsə gülüm,
Qapalı qapıları qıra bilsə,
Qapalı ürəklərə girə bilsə…
Çiçəkçi, mənə bir gül ver!

Bəyim, bu mövsümdə çiçək olmaz ki! Bu mövsümdə elegiyalar, bu mövsümdə ağrılar-acılar bitər dil ucunda: Bir şeirdən oxuduqlarımdı:

Bizi bir yandan qurtuluş,
Bir yandan ölüm bürüdü.
Gözlərimiz vaxtsız ümid,
Ürəyimiz dərd sürüdü.

Daşdıq, boşaldıq hamımız,
Dərya oldu dörd yanımız,
Damarımızda qanımız,
Dilimizdə söz çürüdü.

Naşıydıq, daşı bilməzdik,
Daş atıb, başı gizlədik,
Biz haqq gəzib, haqq gözlədik,
Haqq bizdən öndə yürüdü.

Bizim haqq umub, haqq gözlədiklərimiz əllərinə girəvə düşən kimi kürəyimizə xəncər sapladılar.
Ağrısını bütün türk toplumları çəkdi, dünyanın gözü qabağında yağmalandıq, görən olmadı. 1937-ci ilin axırlarını eyni can yanğısı ilə yaşadı türk dünyası… O cümlədən Xakasiya!
Necə yazmayın, yada salmayım “SSRİ-dən ayrılmaq niyəti ilə Turançı bir təşkilat qurmaqda suçlanaraq” güllələnmiş, taleləri məhv edilmiş 300 Tuva, Altay və Xakas türkünün könül dağını?
Təkcə bir gecədə bir zindanda 107 ziyalı edam edilmişdi.
O məşum 1937-ci ildə azərbaycanlı məhkumların, qanlarına qəltan edilmişlərin sayı-hesabı bilinmir ki? Cavidimiz, Cavadımız, Müşfiqimiz, Salman Mümtazımız, Bəkir Çobanzadəmiz, yüzümüz, minimiz, on minimiz… Hansının adını çəkəsən? Bir atanın, bir ananın, bir elin, bir ölkənin yox, bütün türk qövmlərinin ağrısı, nisgili, qəlb həsrətidi bu! Eyni ağrıdan, eyni dərddən doğulub Xəlil Rza Ulutürkün bu ağrılı misraları; Qazağımın, Qırğızımın, Xakasımın, Başqırdımın, Azərimin səsi kimi eşidirən:

Haray, dünya!
Hələ durur o qansızlar,
Qəhrəmana, mərd baxışa
aman verməz imansızlar.
Qırdığımız dişlərini
Zaman-zaman şaqqıldadan
Qan tökməyə, baş kəsməyə
İmkansızlar.
Elə bilmə o dəhşətli
yanğın bitdi, batdı, getdi.
Hələ durur, davam edir 37.
O yaşayır qorxularda, hürkülərdə,
Bəlkə bir də qaytarıldı “bəlkələrdə”,
Vicdanları basıb yeyən
ləkələrdə, kölgələrdə…

Yaşıl-yaşıl meşələrini, mavi-mavi göllərini seyr edə-edə bu uzun tarix, olmuşlar çözələnirdi yaddaşımda. Hər yanı yaylaqlar çevrələyirdi. Bütün türk torpaqlarına məxsus zənginlik, sərvət özəlliyi Xakasiyanın da bəxtindən yan keçməyib. Çoxlu sayda çaylar, göllər ölkəsidi. Şam, küknar meşəsi hesaba gəlməz. Burda şöhrətlidi su qaynaqları.
Sayan-Şuşenskoye su-elektrik stansiyası Yenisey çayının üstə tikilib. “Şuçenskoye” sözü daha çox “Şuşinski” sözünü salır yadıma; Xan Şuçinski, Seyid Şuşinksi, Firudin Şuşinski…
Qulaqlarıma Cabbarın, Seyidin, Xanın səsi gəlməkdə, “Qarabağın şikəstəsi” havalanmaqdadı.
Rusiyanın ən güclü su elektrik stansiyası Xakasiyadadı.
Abakan, Yenisey təkcə çay deyil, həm də su yoludu yolçular üçün.
Misi əl-əl gəzir ölkələr içrə. Dəmiri, kömürü, qızılı boldu.
Rusların bu ərazilərə yerləşməsi ilə əlaqədar mis mədənlərinin istismarı XVIII əsrdən bu günə qədər öz əhəmiyyətini itirməyib.

Tarixi məxəzlər müqəddəs, əziz

Müstəmləkçilik epoxasının tarixi gəlişmələri zaman-zaman Xakasiyanı odlara qalayıb keçib.
Xakasiyaya minilliklərin o üzündən tam bir türk yurdu olaraq boylanıb baxan Altayın qədim tarixilə bir arada baxmaq lazımdı.
Tarixi mətnləri müqəddəs sayan xalqların şəhadəti önə çəkilməyincə bu haqlar arada itib-batacaq.
O qədim dönəmlərdə Yenisey boylarından başlamış Altaylaracan inkişaf edən elmi-texniki nailiyyətlərin fikir babaları Xakaslar olmuşdur.
Acı da olsa həqiqəti ən yaxşı dərman kimi qəbul etməyin ucalığına varmaq gərəkdir.
Bilmək və unutmamaq – Xakas türkləri o türk boylarıdı ki, Sabar, Subar toplumları olaraq zaman-zaman Bizans imperatorluğuna diz çökdürmüş, türk xaqanı Balaq xan öldükdən sonra xatunu Buq-Arıqın rəşadətli ordusu o ətrafa hökm etmişdi. Onların bəlli qəbilələri Xəzər dövlətinin əsl kütlələrini təşkil etmişdir. Tarixin 5-7-ci yüzillikləri Sabar dövlətinin zamanı olub.
Bütün olmuşlar tarix kitablarından da öncə əfsanə və əsatirlərdə addım-addım şəkillənib. Xakas-qırğız boyundan gələn Manas haqqında söylənilənləri yad edirəm: “Manas evdən çıxdı… Müştaz doğulmuşdu. Boy-buxunlu, sarısaç, alçaq, qüvvətli, yalmanı qısa, köhlən cüssəli Ağ Kulaya, qaçarkən hamının diqqətini çəkən, heç bir atdan geri qalmayan, önündən heç bir dırnaqlını keçirməyən Ağ Kulaya mindi…”
Elə bil bizim milli qəhrəmanımız Koroğlu ala gözlü, qız birçəkli Qırata doğru yeriş edir… İndicə qanad gətirəcək, igidə qardaş olacaq atına doğru.
Atlarına suvar olacaqlar və tarixin gerçəkliyinə çapacaqlar… Oyayıb qalxacaq köçəri ruhu.
Keçib getdiyim yerlərdə diqqətimi çəkən anları, məqamları bir-bir göz önünə gətirirəm; bir Xakas qadını bizim Qobustan qayalıqlarını an-an xatırladan qaya çapığına, torpaq üzünə rəngbərəng parça lentləri bağlayır və bağladıqca da anladır ki, qırmızı lent torpaqla odun, atəşin, ağ lent möhkəmliyin, birliyin rəmzidir. Bu inancların kökü üç min il əvvəllərə getməkdədi.
Daş üzlü qayalar tarix qoxuyur. İnsanlar haqqında nağır söyləyir. Tarixin, zamanın sirli kodları, şifrələri şəkillənib hər qarışında. Şərhçi hər daş üstə 120 min naxış olmasından söz açır. Arxioloq alim xüsusi xassəli ağ kağızı ehmalca qaya səthinə yapışdırıb üstünü göy ot dəsti ilə sürtür və nəticədə qayaüstü rəsmlər kağıza köçür… Beləcə salnamələşirr zamanın üzü, haçan, hansı dam altında nəzər yetirsək baxıb görəcəyik doğmadı bizə…
Hələ yayı çəkib, ox atan xakas oğlanları, xakas qızları; hamısı peşəkarlardı. Gördüyüm mənzərə boyu məchulluğa tuşlanmış ox ucluqları diqqətimi çəkib aparır – elə bil bu oxlar zamanın o başını-bu başına çəkməyə, o ucunu-bu ucuna tikməyə hesablanıb. Yenisey boylarından Altaylaracan, böyük Hun yurdundan Oğuzlaracan açılan dünyadan süzüb keçəsi oxu əzizləyir Xakas gəncləri. Hər ox süzüşünü bir nəğmə uğurlayır. Bir cavan, bir şümal xakas gəncinin ağzını kaha kimi görürəm… Mahnı gümüldənir, şərqi ötürdü. Elə bil qos-qoca kaha uğuldayırdı: El-luuu, Kiyyyii…
Səslər, səslər… Qobustan qayaları, Baba-kaha dilə gəlmiş kimidi… Ağzında kaman var, ud var, ney var elə bil Xakas oğlunun…
Qurbanlıq qoyunu dosta götürüb bir xakas aparır arabasında. Qulplu qazanı da unutmayıb heç. Bir azdan açılacaq xakas süfrəsini görürmüş kimi heç boğa bilmirəm marağımı da; ağ süfrə açılıb, təam ortada. Ən əziz qonağa qoyun dilini hörmətlə-izzətlə pay çəkir xakas. Əllər bir süfrədə bitib qalıbdı.
Xakas çöllərində, meşələrində başı kəsik ağac kötüklərinin yıxıldığı yüksəkliklər necə var durur… Quşlarla danışır bir şaman xakası… Süleyman dilində anladır onu.
Yarışan-çapışan gördüm o yerdə atlı cavanları gözəl bir gündə. Cilov gəmirirdi atlar bir ucdan. Seyr edən xakaslar fit çala-çala alqış göndərirdi qalib atlıya. Örüşlər mal-qaralı, qoyun sürüsü ilə süslənmiş idi… Min illərdi bu çəmənlik, bu yamac belə! Min illərdi qoca tarix həqiqətə xidmət eləyir.
Xakasiyanın iqlimi quru və sərtdi. Kömür, dəmir, qızıl, mərmər boldu bu yerdə. Burda qoyun-keçi sürülərinin çoxluğu bizim Mil-Muğam bölgələrini xatırlatmaqdadı.
Tarixi abidələrinin çoxluğu Xakasiyanı, eləcə də Sibir dünyasını elm aləminin ən önəmli yerinə çıxarmaqdadır.

Sayan dağlarından Altaylaracan,
Tanrı dağlarından Urallaracan
yürüyən ellərin nişanı burda….
Ayaqla yürümək çətin olsa da
Xəyalla baş çəkək gərək o yurda.

Gərək hər daşına biz baş endirək,
Gərək qədəm-qədəm dolanıb keçək.
Gərək ruha köçsün Minusinski,
Gərək Abakanın suyundan içək.

Çindəki Sarı uyğurların (uyğur türklərinin), əsrlərlə qonşu olduqları Altay və Tuva türklərinin dilləri ilə Xakas türklərinin arasında dil bənzərlikləri daha çoxdu. Xakas dili xüsusilə heyvandarlıq terminlərilə zəngindir; Bizim tərəkəmə ellərində olduğu kimi. Bizlərdə olduğu kimi, qəhrəmanlıq dastanları, nağıllar, bayatılar, əfsanələr, atalar sözləri, tapmacalar dil əzbərləridir. Folklorları şeir və musiqi sahəsində çox zəngindir. Xalq mahnılarına Nayçı, ifaçılara Nimakçı deyərlər.
Monqolca və çincə ünsürlərə də rast gəlinən xakascanın söz ehtiyatı daha çox ortaq türkcənin sözlərindən qaynaqlanır.
Özəlliklə Xakas türklərinin tarixi, yaşam tərzi Sibir (Sabar) boyları, qırğız, uyğur, tuluy qövmləri ilə bir arada, eyni tale yaşantıları kimi öyrənilməlidir.

Zaman məndən keçir…

“Zaman məndən keçir” deyənlərin yaşam dünyası bu an mənə daha doğma, daha əzizdi.
Eyni fikir ucalığıyla “mən zamandan keçirəm” deyə düşünməkdəyəm.
Zamanı saxlamaq olmur – bu haqdı.
Zamanın haqqını haqlamaq gərək!
Xakas türklərindən zamanın haqqını haqlamaq amacıyla bəhs etdim.
Gördüklərimin, görüb də könül verdiklərimin əlyetərində, fonunda vərəqlədim bu tarixi. “Vətən unudulmur, vətən unutmur” həqiqətinə yenidən vardım.
Hər gün ümidliyəm – bir də dönəcəm.
Hər səhər könlümü çəkir o yerlər…

 

Qənirə Paşayeva