Zibil içində boğulan Bakı Dəmiryolu Vağzalı-FOTOLAR

 

 

34

Şəhərin giriş qapısı üfunət qoxuyur, vağzal rəhbərliyi isə problemi aradan qaldırmaq üçün səsini belə çıxarmır Adətən vağzallar istənilən bir şəhərin və ölkənin giriş qapısı sayılır. Xaricdən gələn qonaqlarda gəldikləri şəhər haqqında ilk təsəvvür də məhz bu məkanda yaranır. Son illər Bakının abadlaşması və gözəlləşməsi dünyada dillər əzbəri olsa da, bunu şəhərin Dəmiryolu Vağzalının ərazisinə aid etmək çox çətindir. Halbuki bu məqsədlər üçün hər il büdcədən külli miqdarda pullar ayrılır. Amma nə yazıq ki, bu pulların hansı məqsədlə xərcləndiyi məlum deyil. XALQ.AZ xəbər verir ki, hal hazırda Bakı Dəmiryolu Vağzalının içi və ətrafı zibillik içində boğulur. İş o həddə çatıb ki, günlərlə yığılıb qalmış zibillər nə atılır, nə də təmizlənir. Havaların isti keçməsini nəzərə alsaq, yığılıb qalmış zibillərin yaratdığı üfunətin baş çatlatdığını da deməyə yer qalmır. Çünki çürüntü və artıqların yaratdığı mühit həqiqətən də ürək bulandırır. Maraqlıdır ki, Bakı Dəmiryolu Vağzalının rəhbərliyi bütün bu mənzərəni hər gün görürlər. Amma hər hansı bir tədbir görülmür. Səbəbi bizə məlum olmasa da, onu deyə bilərik ki, vağzalın platformasındakı qalaqlanmış zibillər göz çıxarır. Üstəlik, durum o qədər acınacaqlıdır ki, ölkəmizə təşrif buyurmuş xarici qonaqlar da bu mənzərəni görərək, Bakı haqqında ilk mənfi təəssürata malik olurlar. Hətta bir neçə dəfə xarici ölkə vətəndaşları elə vağzaldanca geri qayıtmaq istəyiblər. Bakı Vağzalının rəhbərliyi isə susur. Susmaqla yanaşı, problemi aradan qaldırmaq üçün də tədbir görmürlər. Bu azmış kimi, tədbir görmək barəsində də düşünmürlər. Dövlət başçısının qayğısı sayəsində gözəlləşən şəhərimizin giriş qapısının belə acınacaqlı durumda olmasının kimə sərf etdiyi də bizə məlum deyil. Bildiyimiz odur ki, şəhərin qapısının bu hala salınması kimsəyə başucalığı gətirən hal deyil.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

 

 

1 2 3 4 5