2014-cü il dövlət büdcəsi ölkənin bugünkü iqtisadi reallıqlarını əks etdirir

95

 

“Azərbaycanın 2014-cü il dövlət büdcəsi layihəsi ölkənin bugünkü iqtisadi reallıqlarını əks etdirir”. SİA-nın məlumatına görə, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün büdcə zərfinin parlamentdəki müzakirəsini açarkən bildirib.

Son on il ərzində ölkə iqtisadiyyatının uğurları barədə deputatları məlumatlandıran O.Əsədov bu tendensiyanın gələcəkdə də saxlanacağına ümidini ifadə edib: “Proqnozlara görə, 2013-cü ilin yekunu üzrə ölkə ÜDM-inin həcmi 55 milyard manat, illik artımda 4,5 faiz təşkil edəcək. 2014-cü il üzrə proqnoz göstərir ki, ÜDM-in həcmi 5,2 faiz artım sürəti ilə 58,6 milyard manata çatacaq. Şübhəsiz ki, bu göstəricilər qeyri-neft sektorunun inkişafı hesabına əldə olunmalıdır və bu vəzifələrin uğurla yerinə yetiriləcəyi aydındır”.

Daha sonra layihə barədə məlumat verən Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə hazırlanarkən prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsas götürülüb: “Qarşıdakı illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əsas sosial-iqtisadi göstəricilərinin yaxşılaşdırılması meyilləri qorunub saxlanılacaq. Dövlət büdcəsi layihəsi və sonrakı 3 il üzrə Azərbaycanın iqtisadi inkişaf sürəti region, Avropa və dünya üzrə olan göstəricilərdən yüksək olacaq. Bu meylin davam etməsi ölkəmizə yaxın gələcəkdə iqtisadi inkişafına görə inkişaf etmiş ölkələr səviyyəsinə çıxmağa imkan verəcək”.

Onun sözlərinə görə, Azərbaycanın dövlət büdcəsi Gürcüstanın büdcəsindən 5, Ermənistanın büdcəsindən isə 6 dəfə çoxdur. Cənubi Qafqaz ölkələrinin ümumilikdə dövlət büdcələrinin 80%-i Azərbaycanın payına düşür.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin gəlirləri 18 milyard 384 milyon manat, xərcləri 20 milyard 63 milyon manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 17 milyard 601 milyon 576 min manat, yerli gəlirləri 782 milyon 424 min manat və mərkəzləşdirilmiş xərcləri 18 milyard 433 milyon 551 min manat, yerli xərcləri 1 milyard 629 milyon 449 min manat) məbləğində nəzərdə tutulub.

SSRİ dağılması ərəfəsində və müstəqilliyinin ilk illərində Cənubi Qafqazda istehsal edilən ümumi məhsulda Azərbaycanın xüsusi çəkisi 49 faiz idi. Bu gün bu rəqəm 75 faiz təşkil edir.

Adambaşına düşən ÜDM-in hesabına görə MDB-yə daxil olan ölkələrin çoxundan Azərbaycanda bu götərici xeyli yüksəkdir. Bu fərq heç də neft amili hesabına deyil. Respublikanın qeyri-neft sektorunda ÜDM-in adambaşına düşən həcmi bütövükdə qonşu respublikalardakı müvafiq göstəricilərdən yüksəkdir.

Hesablamara görə, yaxın 4-5 il ÜDM-in həcmi 100 milyard dollardan çox, dövlət büdcəsi 35 milyard dollar civarında olacaq ki, bu da Azərbacanın ümumi qüdrətinin, onun əhalisinin həyat səviyyəsinin yaxşılaşmasını xarakterizə edən mühüm nəticələrdən biridir.

2014-cü il üçün dövlət büdcəsinin gəlirləri Dövlət Neft Fondundan (DNF) edilən transfertlər nəzərə alınmadan 2013-cü ilə nisbətən 15,9 faiz – 1,2 milyard manatdan çox müəyyən edilib. Gələn il DNF-dən büdcəyə transtertlərin 2 milyard manat və ya 17,7 faiz azalacağı nəzərdə tutulub.

Gələn il ÜDM-in artımı tamamilə qeyri-neft sektoru hesabına olacaq. Qeyri-neft sektorunun ÜDM-də xüsusi çəkisi 2011-ci ildəki 48,6 faizdən 61,5 faizə yüksələcək. 2017-ci ildə isə bu rəqəm 72,4 faiz olacaq.