145 illik Milli Mətbuatımız

XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai-siyasi inkişafı milli mətbuatımızın yaranmasını şərtləndirmiş oldu. Bu zərurəti dərk edən görkəmli maarifçi, xalqımızın qabaqcıl ziyalılarından olan Həsən bəy Zərdabi uzun mübarizədən sonra 1875-ci ildə çar üsul-idarəsi şəraitində müstəmləkə ucqarında ana dilində “Əkinçi” qəzetinin çap edilməsinə nail olmuşdur. Bu qəzetin nəşri bütün Qafqazda geniş əks-səda doğurmuş, mətbuatımızın əsasının qoyulması məhz bu tarixdən başlanmışdır. Fəxarət hissi ilə deyə bilərik ki, Azərbaycanın bu günki mətbuatı böyük tarixi inkişaf yolu keçmiş, gərgin və mürəkkəb ictimai proseslərin təsirinə baxmayaraq öz milliliyini qoruyub saxlamağı bacarmışdır.

Ölkəmiz ötən əsrdə növbəti dəfə müstəqillik əldə etdikdən, Ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə qayıtmasından sonra Azərbaycanda bütün sahələrdə başlayan inkişaf  ölkə mətbuatından da yan keçməmişdir. Ümummilli lider Heydər Əliyev demokratik dəyərləri, insan hüquq və azadlıqlarını, sosial ədalət prinsipini uca tutan lider kimi kütləvi informasiya vasitələrinin, mətbuatın cəmiyyətdəki roluna hər zaman böyük diqqət göstərirdi. Ulu Öndərin rəhbərliyi altında hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan 1993-cü ildən insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşuldu.  Xüsusilə vurğulamaq lazımdır ki, 1998-ci il 6 avqust tarixində dahi öndərin imzaladığı «Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında» Fərmanı kütləvi informasiya vasitələrinin inkişafı, onların cəmiyyətin demokratikləşməsinə təsiri baxımından mühüm əhəmiyyət kəsb edirdi. Müstəqil Azərbaycan demokratik inkişaf yolunda inama irəliləyən  ölkə kimi mətbuatın dövlət və cəmiyyət həyatındakı roluna mühüm önəm verir, onun müstəqilləşməsi mövcud problemlərinin həlli istiqamətində ardıcıl tədbirlər həyata keçirir.

Kütləvi informasiya vasitələrinə dövət qayğısı Ulu öndərin mütərəqqi ənənələrinin layiqli davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tərəfindən bu gün uğurla davam etdirilir. Möhtərəm Prezident İlham Əliyev respublikada kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinin təmin edilməsinə, jurnalistlərin öz fikirlərini azad şəkildə ifadə etmələrinə yönəlmiş bütün mütərəqqi təşəbbüsləri dəstəkləyir, jurnalistləri özünün dostu adlandırmaqla onların ictimai fikirin formalaşmasındakı rolunu daim yüksək qiymətləndirir. Milli mətbuatın 130, 135, 140 illik yubileylərinin dövlət səviyyəsində qeyd edilməsi, 2005-ci ildə «Əməkdar jurnalist» fəxri adının bərpası, yüzlərlə jurnalistin yüksək fəxri adlara, təltiflərə layiq görülmələri,qəzetlərə birdəfəlik maliyyə yardımlarının edilməsi, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində  yaşayış binalarının tikilməsi və digər mühüm addımlar cənab Prezidentin milli mətbuatımıza göstərdiyi qayğının bariz nümunəsidir.  İnanırıq və əminik ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən çoxşaxəli, səmərəli siyasət mətbuatımızın daha da inkişafına və təkmilləşməsinə öz müsbət təsirini göstərəcəkdir. Milli Mətbuatımızın 145 illiyi münasibətilə dəyərli mətbuat nümayəndələrini təbrik edir, onlara yeni yaradıcılıq uğurları arzu edirəm. Qələminiz daim iti olsun!

Eldar Orucov

Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının üzvü,

BUTA.WS” xəbər saytının redaktoru və “Qarabağ” döyüş növləri klubunun mətbuat katibi