Bu internet media haradan maliyyələşir?

“İTV-nin Yayım Şurasının tərkibində dəyişiklik edilməsi ilə bağlı qərarı dəstəkləyəcəyəm. Çünki hazırkı namizədlərlə bağlı hər hansı irad üçün əsas görmürəm, əksinə, onların Şurada səmərəli fəaliyyət göstərməməsi üçün səbəb yoxdur. Çünki oturuşmuş bir sistem mövcuddur və mexanizm artıq işləyir. Bilirsiniz ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanunun 20-ci maddəsinə müvafiq olaraq Yayım Şurası ictimai yayımın konsepsiyasını hazırlayır. Hesab edirəm ki, bu gün istər İTV, istər digər televiziyalarımızda bu konsepsiyaya bir daha baxılmalıdır. Bu o demək deyil ki, bizim TV-lər hansısa proseslərdən geri qalır, sadəcə, münasibətlər sürətlə yenilənir, tələblər sürətlə dəyişir. Bu gün əsas vəzifə o olmalıdır ki, kütlənin zövqü TV-lərin Yayım konsepsiyasına diqtə etməməlidir, televiziyalar özləri bu zövqü diqtə etməlidirlər. Əks halda milli mənəvi dəyərlər, dövlətçilik məfkurəsi ikinci plana keçə, efir məkanı nihilist kosmopolit müstəviyə çevrilə bilər”.

 

XALQ.AZ xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Bəhruz Məhərrəmov bildirib.

 

B.Məhərrəmov qeyd edib ki, özəl TV-lər hardasa anlaşılandır, reklama möhtacdır, bu mənada orta yol tapmağa çalışırlar, amma dövlət büdcəsindən maliyyələşən telekanallar üçün zövq və məfkurə diqtə etmək daha asan olmalıdır: “Söhbət maliyyələşməkdən düşmüşkən, bütövlükdə bu proses şəffaf olmalıdır. Bilirsiniz ki, bu gün ölkədə çoxsaylı internet telekanallar var. Onların arasında xeyli sayda vicdanla fəaliyyət göstərən, dövlətçilik prinsiplərini rəhbər tutan resurslar var və bu ali tribunadan həmin kollektivlərə təşəkkür edirəm. Amma açıq demək lazımdır ki, bu gün elə internet telekanalları var ki, reklamı olmaya-olmaya çox ciddi resurslara malikdirlər və təbii ki, maliyyə mənbələri ciddi şübhə doğurur. Təsəvvür edin, dövlətdən, dövlətin məmurlarından şəffaflıq tələb edən bu kanalların, özlərinin maliyyə mənbələri ciddi suallar doğurur. Təbii ki, onların haradan qidalandıqları, haradan tapşırıq aldıqları, kimin tapşırığı ilə dövləti hədəfə aldıqları aşağı-yuxarı bizə bəllidir. Bunlar muzdlulardır və nə insan haqları, nə media azadlığı onların düşünə biləcəyi məfhumlar deyil. Bunların qarşısına Sorosun 30 il ermənilərin əli ilə edə bilmədiyini, Fransanın BMT TŞ-də bacarmadığını etmək vəzifəsi, bu dövləti daxildən dağıtmaq vəzifəsi qoyulub, müxtəlif layihələr adı altında pulları verilir və onlar da sifarişlərini icra edirlər. Eyni zamanda ictimai rəydə də riyakarlığın daşıyıcısı məhz bu kimi media qruplarıdır. Bilirsiniz ki, bu günlərdə özünü ölkə müxalifətinin liderlərindən biri hesab edən şəxsin oğlu açıq formada “erməni soyqırımını” tanımaqla, haylardan daha artıq daşnak olduğunu göstərdi. Əlbəttə, Azərbaycan hüquqi dövlətdir, valideyn yetkinlik yaşına çatmış övladına görə hüquqi məsuliyyət daşımır. Amma mənəvi məsuliyyəti kimsə istisna edə bilməz və erməni yetişdirən biri ümid edirəm bundan sonra cəmiyyətə hansısa formada “ağıl verməyə” cəhd etməz.  Burada başqa kontekstə diqqət çəkmək istəyirəm. Bir anlıq təsəvvür edin, həmin şəxs hansısa nazirin, deputatın, yaxud hakim partiyanın hər hansı funksionerinin övladı idi. Kimsə deyəcəkdimi ki, ata oğluna görə məsuliyyət daşımır? Açın ötən dövrlərin mediasına baxın, görün övladının hansısa avtoqəzaya yaxud, hansısa məişət zəminində insidentinə görə vəzifədə olan vəzifəli şəxslər necə linç edilib? Bəs o zaman hardaydı sizin hüquqi məsuliyyət anlayışınız? Təbii ki, bunun bir adı var, o da riyakarlıq. Danışanda da qərəzsizlikdən, tərəfsizlikdən danışırlar. Bu gün qərb təsisatları üçün yalnız və yalnız özündə qərb dəyərlərini ehtiva edən, daha dəqiq desək Soros ideologiyasını bütləşdirən media müstəqil media hesab edilir. Belə bir nonsens formalaşdırıblar ki,  media hökumətə açıq düşmənçilik fəaliyyəti göstərmirsə, deməli, müstəqil deyil. Yəni hakimiyyətə qarşı radikal mövqe tutan media qurumları bir qayda olaraq azad, mövcud idarəçiliyə neytral yaxud pozitiv yanaşan media strukturlar isə asılı kimi damğalanır. Belə çıxır ki, medianın müstəqiliyi üçün həmin media mütləq Soros ideyalarını təbliğ etməli, radikal müxalif təfəkkürə malik olmalı, adət əmənələr, ailə dəyərləri, milli varlığa arxa çevirməldir. Təbii ki, bu yol verilməzdir və bu kimi ünsürlərin qarşısında birmənalı formada dayanmaq lazımdır. Unutmamalıyıq ki, biz Konstitusiya qəbul edilərkən indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətimizi anlayaraq ali niyyətlər ifadə etmişik. İTV-nin də həm kadr potensialı, həm maliyyə imkanları baxımdan bu vəzifələrin öhdəsindən gələ biləcək bir strukturdur və əminəm ki, Yayım Şurasının yeni üzvləri bu istiqamətdə fəaliyyəti töhfəsini verəcək”.