Kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il mayın 8-də “Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında” Sərəncamı ölkəmizdə vətəndaşlara verilən dəyərin təzahürü və humanizm siyasətinin davamıdır.

Bunu Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Ulu Öndərin əbədiyaşar əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək, insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini xatırlayaraq, humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirərək, imzalanan bu Sərəncam Azərbaycan tarixində ən böyük əfv aktıdır.

“Sərəncama əsasən 801 məhkum əfv olunub, onlardan 463 şəxs azadlıqdan məhrum etmə cəzasından, 220 şəxs azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrum etmə ilə bağlı olmayan dıgər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.  Bu Sərəncam şamil edildiyi şəxslərin dairəsinə görə müstəqil Azərbaycan Respublikasının tarixində qəbul edilmiş ən böyük əfv aktıdır.

Göründüyü kimi, müasir Azərbaycan dövlətinin qurucusu, dahi siyasi və dövlət xadimi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizin tarixində əlamətdar hadisə olduğu kimi bu əfv sərəncamı da xeyli sayda insanı əhatə etməklə ölkə həyatında çox mühüm hadisədir. Əfv sərəncamı milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır və eyni zamanda bu sərəncamın bir tərbiyəvi əhəmiyyəti də var ki, kim öz cinayət əməlini dərk edirsə, peşmançılıq hissi keçirirsə, bağışlanır”, – deyə deputat əlavə edib.

Ulu öndərin insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verdiyini nəzərə alaraq deyə bilərik ki, bu sərəncam bir daha göstərir ki, ölkəmizdə vətəndaş amili dövlət siyasətin mərkəzində dayanır. Əfv edilən şəxslər bu humanist aktdan düzgün nəticə çıxarmalı, bundan sonra Azərbaycan dövlətinin qanunlarına əməl etməlidirlər”, – deyə deputat əlavə edib.