Deputat: “Azərbaycanın razılığı olmadan heç bir məsələ həll oluna bilməz”

“Moskvada üç ölkənin – Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri səviyyəsində növbəti görüşün keçirilməsi regionun gələcək taleyində mühüm rol oynaya bilər. Bu gün Azərbaycan bütün regional layihələrin təşəbbüskarı və lokomotivi olduğu kimi, 44 günlük müharibədən sonra yaranmış hərbi-siyasi vəziyyətin idarəedicisidir. Yəni Azərbaycanın razılığı olmadan heç bir məsələ həll oluna bilməz. Azərbaycan isə regionda nəhayət sülhün bərqərar olmasında maraqlıdır, Ermənistanın ambisiyalarını birdəfəlik dəfn etməkdə israrlıdır. Buna görə də İrəvanı sülhə məcburetmə üsullarını tez-tez sınamalı olur. Bu gün Moskvada keçiriləcək üçtərəfli sammitdə də Azərbaycan Ermənistanla imzalanması nəzərdə tutulan sülh müqaviləsinin bəzi razılaşdırılmamış detallarını müzakirə edəcək. İnanmaq istərdim ki, nəhayət Ermənistan Azərbaycanın verdiyi şansdan istifadə etmək fürsətini bu dəfə qaçırmayacaq”.

Bunu Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, bundan əvvəl həm Vaşinqtonda, həm də Brüsseldə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundları keçirilib: “Amma hələlik bu görüşlərin konkret nəticələri yoxdur. ABŞ, Avropa İttifaqı və Rusiya yekun sənədin məhz onun vastəçiliyi ilə imzalanması uğrunda aralarında savaş aparırlar. Bu da prosesin uzanmasına gətirib çıxarır. Əsas məsələ nəticə əldə etməkdir. Boş danışıqları, müzakirələri 30 il ərzində çox gördük, daha bəsdir. Beynəlxalq hüququn norma və prinsiplərinə əməl etməyin vaxtı çoxdan çatıb. Ölkələrin ərazi bütövlüyü prinsiplərinə əməl etmək hər kəsin borcudur. Bundan başqa, danışıqlardan iştirak edən tərəf – Ermənistanın baş naziri Paşinyan ciddi fiqur olmadığı üçün daha çox imitasiyalarla gündəmə gəlir. Sözdə bir, əməldə isə fərqli olması Paşinyanın prosesin məntiqi sonlanmasını əngəlləyir. Ermənistanla yalnız qanun, norma və prinsiplər dilində danışmaq lazımdır. İnanırıq ki, cənab Prezident İlham Əliyevin iştirakı ilə aparılan müzakirələr Azərbaycanı öz məqsədinə tezliklə çatdıracaq. Erməni separatizminə son qoyulacaq, yurdumuz erməni bəlasından tam azad olacaq”.