“Xalq ayağa qalxaraq xilaskarını hakimiyyətə dəvət etdi” – Əliabbas Salahzadə

Azərbaycan Xalq Cümhuriyyətinin 105-ci ildönümünü qeyd edirik. Çoxəsrlik tariximizin hər bir səhifəsi əzizdir, daim vərəqlənir, indiki və gələcək nəsillərə çatdırılması üçün mühüm addımlar atılır. “Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir” söyləyən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır. Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır. Prezident İlham Əliyevin Sərəncamı ilə Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılıb, onun qurucularının adları əbədiləşdirilib. 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilib. Təbii ki, atılan hər bir addım tariximizin öyrənilməsinə və təbliğinə xidmət edir. Prezident İlham Əliyev bu əminliyi də ifadə edir ki, əgər 1920-ci ildə müstəqillik əldən verilməsəydi, bu gün Azərbaycan dünyanın ən zəngin və inkişaf etmiş ölkələrinin sırasında ola bilərdi. Çünki təbii ehtiyatlarımız, coğrafi mövqeyimiz imkan verirdi ki, onlardan səmərəli şəkildə istifadə edək. XIX əsrin ikinci yarısında – XX əsrin əvvəllərində dünya neft hasilatının böyük hissəsi məhz Azərbaycanda, Bakıda təmin edilib. Əfsuslar olsun ki, müstəqilliyi itirdik. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmasa da bu günümüz üçün çox mühüm işlər görüldü.

Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.

Onun sözlərinə görə, tarixi paralellər əsasında müqayisəli təhlillər apardıqda bu reallıq bir daha təsdiqini tapır ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən də çətindir: “Azərbaycanın 1991-ci il oktyabrın 18-də müstəqilliyini yenidən bərpa etdikdən sonra ilk illərdə yaşadıqlarını yada salmaq kifayətdir. Həmin dövrdə ölkəyə idarəçilik təcrübəsi olmayan ünsürlərin rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdirdi. Ölkədə xaos, anarxiya, özbaşınalıqlar, iqtisadi böhran baş alıb gedir, eyni zamanda, torpaqlarımız işğal edilirdi. Xalq ayağa qalxaraq xilaskarını hakimiyyətə dəvət etdi. Ümummilli Lider Heydər Əliyev ölkəsinin gələcəyini düşünərək xalqın səsinə səs verdi və 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bugünkü reallıqların əsasını qoydu. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtmasaydı bu gün Azərbaycanın taleyinin necə olacağını düşünmək çətin deyildi. Çünki Azərbaycanın bir dövlət olaraq varlığı sual altında idi”.

Əliabbas Salahzadə qeyd edib ki, yalnız Ulu Öndərin hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlayıb. Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi aradan qaldırıldı. Dünya siyasət meydanında cərəyan edən proseslərə təsir baxımından Ümummilli Lider daim öz sözü ilə seçilib. Dahi şəxsiyyət Heydər Əliyevin xarici siyasət məsələlərinə müstəsna əhəmiyyət verməsi, beynəlxalq miqyasda uğurlu və cəsarətli addımlar atması, milli məqsədlər naminə ən nüfuzlu tribunalardan bacarıq və məharətlə istifadə etməsi Azərbaycan dövlətçiliyinin bu günü və gələcəyi baxımından son dərəcə əhəmiyyətli olub. Fəal diplomatiyanın nəticəsində dünyanın demokratik dövlətlərinin və aparıcı təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsi mümkün olub. Ümummilli Liderin xarici siyasətinin əsasını sülh, beynəlxalq hüquq normalarına, sərhədlərin bütövlüyünə və toxunulmazlığına, dövlətlərin ərazi bütövlüyünə hörmət və qarşılıqlı surətdə faydalı əməkdaşlıq prinsipləri təşkil edib.

Deputat bildirib ki, son 20 ilə yaxın dövrdə Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın müstəqilliyinin, suverenliyinin daha da möhkəmləndirilməsini təmin edir. Möhkəm təməl üzərində uğurla inkişaf edən Azərbaycan hazırda tarixi Zəfəri və onun yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Dövlətimizin başçısı İlham Əliyevin “Müstəqillik deyəndə mən rəsmi atributları nəzərdə tutmuram. Müstəqil siyasət müstəqilliyin əsas amilidir və belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq, necə ki, bu gün yaşayır. Bizim siyasətimiz bundan ibarətdir. Hesab edirəm ki, bizim nümunəmiz bir çox ölkələr üçün də cəlbedicidir. Ona görə də bu gün dünyada Azərbaycanı böyük rəğbətlə qarşılayırlar, bizə inanırlar, sözümüzə inanırlar. Ona görə ki, biz ləyaqətli siyasət aparırıq və xalqın maraqlarını həmişə müdafiə edirik” fikirləri Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan müstəqilliyimizin əbədi qarantıdır.

Əliabbas Salahzadə onu da xüsusi qeyd edib ki, Müstəqillik Günü münasibətilə Prezident İlham Əliyevə ünvanlanan təbrik məktublarının hər birində qeyd edilən fikirlər də Azərbaycanın müasir müstəqil, qalib dövlət olaraq artan nüfuzunun, çəkisinin təqdimatıdır. Təbrik məktublarının hər birində strateji tərəfdaşlığın və səmərəli əməkdaşlığın möhkəmləndirilməsinə böyük inam ifadə edilir. Hazırkı dövrdə əsas çağırışlardan biri regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün sülh müqaviləsinin imzalanmasıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Bayden təbrik məktubunda bildirir: “Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək. Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm”.

“Göründüyü kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili və xarici siyasətdə mühüm uğurlara imza atan, müasir müstəqil, qalib Azərbaycanın təqdim etdiyi yeni inkişaf modelinə beynəlxalq maraq artmaqdadır. Dünya ölkələri təhlükəsizlik, enerji və demokratiya sahəsində Azərbaycanla birgə addımların atılmasında maraqlı olduqlarını bildirirlər. Təbii ki, bu uğurlar möhkəm təmələ əsaslanan siyasətin nəticəsidir”, – deyə deputat bildirib.