ABŞ Azərbaycana təşəkkür etdi

Məlum olduğu kimi Heydər Əliyev Mərkəzində pandemiyada zərər görmüş ölkələrin bayraqları proyeksiya olunur.

Koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizədə Azərbaycanın dəstəyini nümayiş etdirmək məqsədilə aprelin 13-də Heydər Əliyev Mərkəzinin binası üzərinə Amerika Birləşmiş Ştatlarının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə videoproyeksiya olunub. XALQ.AZ xəbər verir ki, Azərbaycan həmrəylik nümayiş etdirdiyinə görə ABŞ-ın Azərbaycanda səfirliyi minnətdarlıq bilidrib.

Biz ABŞ bayrağını möhtəşəm memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdirdiyi üçün mərkəzə öz minnətdarlığımızı bildiririk. Belə çətin zamanda bu, ABŞ-la Azərbaycan arasındakı həmrəyliyin və iki millət arasında olan dostluğun nümunəsidir. Biz birlikdə Covid-19 pandemiyasına qalib gələcəyik!

Aprelin 3-dən başlayaraq hər gün virusdan zərərçəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə Mərkəzin binası üzərinə proyeksiya olunur. Bununla Heydər Əliyev Mərkəzi COVID-19-un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

İndiyədək koronavirus xəstəliyinin geniş yayıldığı Çin, Fransa, Almaniya, İran, İtaliya, Rusiya, İspaniya, Türkiyə və Böyük Britaniyanın bayraqları Mərkəz binasının üzərində nümayiş olunub.