Ağstafada “Anım Günü” qeyd edildi

Azərbaycan Respublikasında 27 sentyabr Anım Günü ilə əlaqədar Ağstafanın Şəhidlər Xiyabanında ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin yaxınları, rayon ərazisində yerləşən hərbi hissələrin nümayəndələri, eləcə də rayon ictimaiyyəti iştirak edib. Şəhidlərin abidə kompleksi önünə əklil qoyulub, məzarları üstünə tər qərənfillər düzülüb. Saat 12:00-da Vətən Müharibəsinin şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbə sayəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş hər bir şəhidimizin qisası alınmış oldu. Şəhidlərimiz daim xalqımızın qəlbində yaşayacaqdır.
Məktəblilərin ifasında Anım Gününə həsr olunmuş ədəbi kompozisiyalar nümayiş etdirilib.

Həmçinin Ağstafa şəhəri Heydər Əliyev prospektində şəhidlərimizin xatirəsinə inşa olunmuş abidə kompleksininin açılışı olub.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin doğmaları, bir qrup zabit və əsgər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. İştirakçılar müqəddəs bayrağımızın ayparası ilə səkkizguşəli ulduzunu təsvir edən abidə kompleksi önünə əklil qoyub, gül dəstələri düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar. Həmçinin  “Vətən var olsun!” şüarı ilə flaşmob nümayiş etdirilib. Rayonun Heydər Əliyev Mərkəzinin qarşısında toplaşan 500 nəfər ağstafalı yeniyetmə və gənc, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin düşməni lərzəyə salan “Qarabağ Azərbaycandır!” şüarını canlandırıb, müqəddəs üçrəngli bayrağımızı dalğalandırıblar. Bununla da ağstafalı yeniyetmə və gənclər dövlətinə, torpağına və xalqına olan dərin ehtiramlarını nümayiş etdiriblər.