“Allahu-əkbər” deyərək qətl

 

27

Məşədi Natiq Kərimov: “Bunlar İslama ləkə gətirən hərəkətlərdir”; Kənan Rövşənoğlu: “İnsanın canı Allahın əmanətidir”
Rəsul Mirhəşimli: “İslamda bir insanın ölümü bəşəriyyətin ölümünə bərabər qiymətləndirilir”

Hər gün sosial şəbəkələrdə, saytlarda vəhhabi cərəyanına məxsus insanların dinc insanları qətlə yetirmələrini əks etdirən videolar, məlumatlar paylaşılır. Onlar insanı öldürməmişdən əvvəl “Allahu-Əkbər” deyərək bu cinayəti törədirlər. Maraqlıdır “Allahu-Əkbər” deyərək bir canlıya qıymaq nə dərəcədə doğrudur? İslamda insan həyatının dəyəri necədir?

Bu suallarla Azərbaycan dindarlarına müraciət etdik:

Dini ekspert Kənan Rövşənoğlu dinc şəraitdə insan öldürməyin haram olduğunu dedi: “Allah yolunda olan müharibələrdə insan ölümü istisna olmaqla adam öldürmək olmaz, bu haramdır. Çünki insanın canı Allahın əmanətidir. Ümumiyyətlə, şəriət üç növ cəzaya ölüm hökmü nəzərdə tutub. İnsanın canına, malına qıyan, yəni oğurluq edən, yol kəsən və namusa təcavüz edən insana ölüm hökmü nəzərdə tutulub. Bu ölüm hökmləri də mütləq Şəriət İslam Məhkəməsi tərəfindən verilməlidir. Tutaq ki, sən kiminsə malının soyulduğunu görüb həmin adamı öldürürsənsə, bu düzgün deyil. Bu barədə hökmü müharibələr istisna olmaqla yalnız məhkəmə verir. İslam dinində bildirilir ki, dinindən dönən, Allaha qarşı çıxan insanlara qarşı cihad elan olunub.

Bunun özü də mübahisəlidir. İndi təkvir növü var. Bu növ insanları dindən çıxmış elan edirlər. Dindən çıxmış insanın, yəni İslama qarşı olan insanın da qətlini özlərinə vacib hesab edirlər. Bunu da ədalətli hesab etmək olmaz. Çünki bu haqda hökmü ancaq şəriət ixtiyarı olan hakim verməlidir”.

Nardaran Ağsaqqalları Şurasının sədri Məşədi Natiq Kərimov vəhhabilərin yarandığı gündən ancaq qan tökməklə məşğul olduğunu dedi: “İnsanı heç kim həyatdan məhrum edə bilməz. Onun da şəriət qaydaları var. Ölümə məhkum olunmuş insan məhkəmə üsulu, qərarı ilə öldürülə bilər. Şəriətdə kimisə nədəsə ittiham edib başını kəsməyə qəti yer yoxdur. Bütün bunlar İslama ləkə gətirən hərəkətlərdir. İnsanın başını qoyun başı kimi kəsməyə heç kim icazə vermir. Vəhhabilər, sələfilər, əl-Qaidəçilər var ki, onlar Suriyaya və başqa yerlərə yığışıblar, cinayətlər törədirlər. Burada isə dini məsələ yoxdur. Onlar kiminsə tapşırığını yerinə yetirir. Belələrinin “Allahu-Əkbər” deməyi və yaxud da ki, ilahi bir şey oxumaqlarının İslama heç bir aidiyyəti yoxdur. İslam tamamilə başqadır. İslam sülh, məhəbbət, insanları yaşatmaq dinidir, nəinki onların başını kəsmək. Bir sözlə, bu vəhhabi təriqəti yaranan gündən ancaq qan töküb. Onlar deyir ki, kim bizim əqidəmizə uyğun deyilsə onun qanı halaldır və onun başı kəsilməlidir. bu prinsiplə, qeyri-insani yanaşma ilə hara gedib çıxmaq olar?!”

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli bu halın insanların psixologiyasına ciddi təsir göstərdiyini dedi: “Bu, cəmiyyətə, insanlara qorxunun, şiddətin aşılanmasıdır. Belə əməllər mənfi tendesiya yaradır. Bu məsələnin ictimai tərəfidir. Dini baxımdan isə bir insanın ölümü bəşəriyyətin ölümünə bərabər qiymətləndirilir. Hesab edirəm ki, ümumiyyətlə bu cür videoların yayılması təbliğat xarakteri daşıdığından saytlar da diqqətli olsunlar. Hər hansı xarici ölkələrdə baş verən hadisələr insanların əsəb sistemində gərginlik yaranmasına səbəb olur. Bu tipli videolara az yaşlı uşaqlarda baxır. Dinimiz insanın ölümünü təqdir və təbliğ etmir. İnsanın ölümü müsbət qarşılana bilməz. Bəzi müsəlmanlar hesab edirlər ki, bu cihaddır və din uğrunda savaş aparırlar, bəziləri isə buna qarşı çıxır. Bu halların genişlənməsi ilk növbədə müsəlmanların bir-birinə münasibətini dəyişdirir”.