“Amerika siyasəti ilə bu gün Fransa siyasəti arasında bir antaqonizm yaranır” – Deputat

Sentyabrın 1-i səhər saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı ciddi gərginlik yaradıb. Ermənilərin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən bölmələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Nəticədə erməni ordusunun 4 hərbçisi ölüb. Azərbaycan tərəfdən isə 2 nəfər yaralanıb.

Maraqlıdır ki, bu təxribat Fransa rəsmilərinin İrəvana və Laçın yolunun əks tərəfinə gəlib qayıtmalarından sonra baş verdi. Bu işdə Parisin əli ola bilərmi?

Milli Məclisin vitse-spikeri Fəzail İbrahimli mövzunu Globalinfo.az-a şərh edərkən deyib ki, məsələyə Fransa-Ermənistan münasibətləri müstəvisindən baxdıqda, bunun yeni bir şey olmadığı aydın görünür.

O bildirib ki, erməni tərəfinin məqsədinin “fəryad” etmək, yenidən dünya ictimaiyyətinin diqqətini çəkmək, təxribat işləri aparmaq, sülh danışıqlarını yubatmaq niyyəti olduğu göz önündədir:

“Dörd nəfər erməninin məhv edilməsi o millət üçün xüsusi önəm kəsb etmir. Onlara neçə adamın ölməsi, sərhəddə nələrin baş verməsi maraqlı deyil. Hakimiyyətdə olanları maraqlandıran taxt-tacdır, hakimiyyətdə olmayanları maraqlandıran isə bu taxt-tacı devirməkdir. Amma Azərbaycan dövləti üçün hər bir vətəndaşı həyatı qiymətlidir. Varmı yer üzündə dünyanın elə bir dövləti, dövlət başçısı, milləti ki, öz düşməninə humanitar yardım göndərsin?! Nə olsun Azərbaycan ərazisində yaşayırlar, vətəndaşımız hesab olunurlar, bu, Azərbaycanın beynəlxalq dünyaya nümunə göstərdiyi bir məqamdır. Mən deyərdim ki, analoqu olmayan bir davranışdır!”

Fəzail İbrahimli deyib ki, ermənilər tərəfindən sərhədlərimizə hücum olunur, dünyanı üzərimizə qaldırırlar, amma biz yenə də onlara humanitar yardım göndəririk:

“Bu, böyük Azərbaycan diplomatiyasının işidir, insani addımdır, mütərəqqi düşüncədir, insanlığın uca zirvəsidir! Erməni bunu heç vaxt edə bilməz! 1988-ci ilin dekabr ayında Ermənistanda zəlzələ baş verən zaman bizim təyyarə onlara yardım aparmışdı, amma onu qəzaya uğratdılar. Buna baxmayaraq, biz yenə də xoş addım atırıq”.

Vitse-spiker Fəzail İbrahimli  Fransanın özünü dünyada ifşa etdiyini bildirib:

“Paris özünü Avropada hörmətsiz hala salır, Amerika siyasəti ilə bu gün Fransa siyasəti arasında bir antaqonizm yaranır, Amerika məsələyə bir cür yanaşır, Fransa başqa cür. Parisin hər zaman ermənipərəst mövqedə olmasını yaxşı bilirik. Makron dünya ictimaiyyətinin gözündə özünü açıq şəkildə erməni nökərinə çevirib. Avropa beşiyində yerləşən, dünyaya demokratiya dərsi keçən bir ölkənin prezidenti özünü, ölkəsini, siyasətini balaca bir Ermənistanın qulu edib.

Bu gün Makron gəlib sərhəddə ölsə də, paltarını çıxarsa, papağını yerə vursa da, Azərbaycan öz qətiyyətli mövqeyindən dönən deyil. Bu məsələdə dövlət, xalq, millət birdir, böyük diplomatik gedişlər olunur. Artıq dünya ictimaiyyəti də, Avropa dövlətləri də, Amerika da haqqın kimin tərəfində olduğunu yaxşı bilir”.

F.İbrahimli Yaşar Əliyevin BMT Təhlükəsizlik Şurasının iclasında erməniləri pərt etməsi məsələsinə toxunub:

“BMT Təhlükəsizlik Şurasında olan çıxışlar dəfn etməkdə olduğumuz erməni ideologiyasının tabutuna sonuncu mıxını vurdu! Onlar öz xalqlarını güdaza verməkdən başqa bir addım atmırlar”.