“Azərbaycan bu gün tarixinin ən möhtəşəm çağını yaşayır” Deputat

Elnur Allahverdiyev,
Milli Məclisin deputatı

Aprelin 23-də Azərbaycanın Ermənistanla sərhədində, Laçın ərazisində sərhəd-keçid məntəqəsi quruldu. Bununla da dövlətimizin bütün sərhədləri və ərazi bütövlüyü bərpa olundu. 30 il bundan öncə, 1993-cü ildə xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu öndər Heydər Əliyevin ən böyük arzusu məhz bu idi: müstəqil, bütün ərazisi boyü suverenliyi təsbit olunmuş, işğaldan azad edilmiş torpaqlarında müqəddəs üçrəngli bayraqlarımızın dalğalandığı güclü Azərbaycan!

Bunun üçün dövlətimiz uzun və hamar olmayan yol qət etməli idi. Vətəndaş müharibəsinin qarşısı alınmalı, qanunun hökm sürdüyü, siyasi-hüquqi həyatın sanksiyalaşdırıldığı sistem bərqərar olmalı, milli təhlükəsizliyimizə qarşı yönəlmiş təhdidlər neytrallaşdırılmalı və iqtisadi sabitliyə, əhalinin rifah halının təmin edilməsinə yönəlmiş quruculuq prosesinə start verilməli idi. Bu yolun mürəkkəb, uzun və təbii ki, risklərlə dolu olmasına baxmayaraq, onun işıqlı sonuna həm Ümummilli lider inanırdı, həm də onun arxasında duran xalqımız. Bu günün reallığı xalqımızın Ulu öndərə hədsiz etimad və etibarı ilə nə qədər müdrik və uzaqgörən olduğunun göstəricisidir.

Mayın 10-da xalqımız Ümummilli lider Heydər Əliyevin 100 illiyini qeyd edəcək. Heydər Əliyev ömrünün böyük hissəsini Azərbaycan və xalqımız naminə fəda edib. 1969-cu ildə, hələ ittifaq dövründə Azərbaycanın başına gələn Heydər Əliyev müstəqil statusda yaşaya biləcək bir respublikanın yaranmasına çalışıb və bu istiqamətdə miqyaslı uğurlara imza atıb. Xalqımızın maariflənməsi, yüksək savadlı elmi potensialın formalaşması, bütün sahələrdə ixtisaslı mütəxəssislərin hazırlanması, Azərbaycanın geridəqalmış aqrar respublikadan qabaqcıl sənaye kompleksinə malik ölkəyə çevrilməsi üçün böyük əmək sərf edib. Bütün bunlar bugünkü müstəqil Azərbaycanın yaranması və ayaqda durması üçün bazis, özül rolunu oynayıb. Məhz bu bünövrə hesabına da xalqımız ötən əsrin 90-cı illərində Heydər Əliyevin rəhbərliyi ilə gənc, müstəqil dövlətçiliyimiz qarşısında olan təhdidlərə sinə gərməyi bacarıb, suverenliyimizi qoruyub saxlamağa müvəffəq olub.

Mən hər zaman çıxışlarımda gənclik illərimi xatırlayıram. Ulu öndər 1993-cü ildə xalqımızın çağırışı ilə Bakıya gələndə mənim 15 yaşım var idi. Bütün həmyaşıdlarım kimi,mənim də gəncliyim həmin mürəkkəb dövrə təsadüf edib. Bakı küçələrində silahlı şəxslər, ermənilərin işğal etdiyi torpaqlarımızdan Bakıya və ölkəmizin müxtəlif rayonlarına pənah gətirmiş onminlərlə məcburi köçkün, yaranmış humanitar faciə. Heydər Əliyev bizi bu bəladan xilas etmək üçün Bakıya gələndə iqtisadi tənəzzül hökm sürür, inflyasiya dördrəqəmli göstəricilərlə ölçülürdü. Qarabağda və Şərqi Zəngəzurda erməni vəhşiliyindən canını xilas edib gəlmiş soydaşlarımızın çadır şəhərciklərində məskunlaşdıqları günləri unutmamışam. Suya, qidaya, ailəsini saxlamaq üçün maddiyata, işə ehtiyacı olan vətəndaşlarımızın yeganə ümidi Heydər Əliyev idi. İndi onlar doğma torpağa, Şuşada, Laçında, Ağdamda və digər rayonlarımızda, kəndlərimizdə salınan yeni məskənlərə köçməyə hazırlaşırlar.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra ən önəmli amalı Qarabağda, Şuşada bayrağımızın dalğalanması olub. Şuşanın Heydər Əliyev üçün xüsusi önəmi var idi. Sovetlər dönəmində Moskvanın arxasında gizlənib Şuşanın erməniləşdirilməsi üçün xain planlar quran ermənilərin qarşısını Heydər Əliyev alırdı. Şuşanı belə demək mümmündürsə, yenidən xalqımıza Ulu öndər bəxş etmişdi. İllər keçəndən sonra mədəniyyətimizin beşiyi olan bu qala şəhəri erməni işğalından bu şanlı yolun davamçısı olan Müzəffər Ali Baş Komandan İlham Əliyev bizə qaytardı. Rəhbərlik etdiyi qalib ordu ilə.

Azərbaycan bu gün tarixinin ən möhtəşəm çağını yaşayır. Modern iqtisadiyyatı, güclü ordusu və gələcəyə inamla baxan vətəndaşı ilə. Biz dövrümüzdə indiki gəncliyin malik olduğu imkanların onda birinə sahib olmamışıq. Gənclərimizin savad dalınca dünyanın dörd bir yanına getmək, təhsil almaq imkanı var. Müsir təhsilli gənclər ölkəmizə qayıdıb bütün sahələrdə aparıcı müxtəxəssisə çevrilirlər. Müstəqilliyimizin əsası da məhz budur – savadlı nəsil. Bu ənənənin əsasını vaxtilə Ulu öndər hələ ittifaq dövründə qoymuşdu. Bu gün aparıcı vəzifələrə yeni vizyonlu gənc nəsil təmsilçilərini təyin etməklə, onlara etibar göstərməklə Prezident İlham Əliyev illər sonrakı Azərbaycanın rifahının əsasını qoyur.

Ulu öndərin “Müstəqilliyimiz əbədidir, dönməzdir” şüarı müstəqilliyimizin başlıca prinsipidir. Heydər Əliyev ideyaları əsasında qurulan dövlətçiliyimiz Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bu prinsipi inamla həyata keçirir. Azərbaycan nəinki regionda, dünyada çox ciddi dövlət, etibarlı tərəfdaş imicinə malikdir. Bu gün biz Avropanın 10-dək ölkəsininin enerji təhlükəsizliyində mühüm rol oynayır, transmilli layihələrin aparıcı bəndi qismində, bütün bölgənin rifah lokomotivi rolunda çıxış edirik. Ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa etməklə böyük nüfuz sahibinə çevrilmişik. İşğaldan azad edilmiş ərazilərimiz sürətlə bərpa olunur, əhalimiz ata-baba məskənlərinə dönməyə hazırlaşır. Bu gün biz məhz Heydər Əliyevin görmək istədiyi və bunun üçün çalışdığı Azərbaycanda yaşayırıq: firavan, qalib və güclü!