“Azərbaycan bu məsələnin üzərində konkret dayanıb” – Deputat

“Ağdam-Xankəndi yolunun açılması  Azərbaycanın öz suveren ərazisindəki legitim hüququnun işləməsi deməkdir. Ümumiyyətlə heç kəs unutmasın ki, Azərbaycan bölgədə lider ölkədir. Öz suveren ərazisində nəyin haradan, necə keçməsi, hansı yükün haradan gəlib-getməsi onun özünün verdiyi qərardır. Hazırkı situasiyada Ağdam-Xankəndi yolu ilə Rusiyadan gələn ərzağın Xankəndidəki vətəndaşlarımıza çatdırılması, artıq Azərbaycanın dünyada qaldırılan boş hay-küyə baxmayaraq öz məqsədlərinə çatması deməkdir”.

Bu sözləri  millət vəkili Vüqar İsgəndərov deyib.

O, bildirib ki, Qarabağda yaşayan ermənilər Azərbaycan Konstitusiyasına uyğun yaşamağı seçməlidirlər: “Digər bir məsələ Laçın yolu ilə bağlı olan suallardır. Bunun da konkret cavabı var. Laçın yolunda insanların keçidi təmin olunub. Gediş-gəlişə heç bir maneə yoxdur. Bu gün Xankəndi və ətraf ərazilərdə yaşayan erməni vətəndaşlarımız normal şəkildə, sivil qaydada sərhəd-keçid məntəqəsindən keçərək hərəkət edirlər. Yüklərin, malların daşınması isə Azərbaycan tərəfinin konkret mövqeyi ilə Ağdam-Xankəndi yolu ilə olmalıdır. Azərbaycan bu məsələnin üzərində konkret dayanıb. Bu mübahisə predmeti deyil. Azərbaycan yalnız ermənilərə yox, onun havadarlarına da göstərmiş oldu ki, o öz ərazisində hər bir qərarı özü verəcək və vacib məqsədlərinə çatacaq. Bunu həm Qarabağ bölgəsində yaşayan erməni vətəndaşlarımız, həm onların arxasında dayanan qüvvələr  unutmamalıdırlar. Onlar Azərbaycanın suveren ərazisində yaşadıqlarının fərqində olmalıdırlar və Konstitusiyamıza uyğun yaşamağı seçməlidirlər”.