“Respublikanski”dən şikayət var

M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından (“Respublikanski xəstəxana” adı ilə daha çox tanınan bu səhiyyə ocağı) şikayət var.

Bu barədə xəstəxanadakı tibb işçiləri  danışıblar.

Onlar bildiriblər ki, Respublika Klinik Xəstəxanası Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verildikdən bir müddət sonra Elviz Qasımov bu təşkilata rəhbər gətililib və problemlər bir az da artıb.

“1962-ci ildən akademik Əziz Əliyev adını daşıyan Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutu (ADHTİ) və akademik Mirəsədulla Mirqasımov adına Respublika Klinik Xəstəxanası ( RKX) lap əvvəldən Səhiyyə Nazirliyi nəzdində bir ərazidə fəaliyyət göstərib. Tibbin bütün müalicə sahələri (profilləri) üzrə kafedraları olan ADHTİ öz praktiki fəaliyyətini uyğun olaraq ölkənin çoxprofilli və ən böyük maddi-texniki bazası olan Respublika Klinik Xəstəxanası bazasında həyata keçirir.

ADHTİ-nin çoxsaylı əsas funksiyalarından sadəcə ikisi üzərində dayanmaq istərdik:

1) Aktiv fəaliyyət göstərən həkimlər üçün təkmilləşdirmə və ixtisasartırma kursları;
2) Universiteti bitirib ümumi tibbi biliklərə yiyələnmiş praktiki təcrübəsi olmayan gənc həkimlərin rezidentura şöbəsinə qəbul olunması və özləri seçdiyi profil üzrə ixtisaslaşmış həkim kimi yetişdirilməsi.

Əvvəla, həkim kimi yalnız vərdiş etdiyi gündəlik rutin müalicə metodlarından istifadə edərək deyil, tibbin inkişafını izləmək, yeni müalicə metodlarını mənimsəyə bilmək üçün ADHTİ-nin təşkil etdiyi yerli kurslar və iştirak etdiyi beynəlxalq konfranslarda həkimlərin yeni tibbi texnologiyalar, yeni müalicə metodları, yeni dərmanlar və s. tanışlığı təmin olunur. Bu, aktiv fəaliyyət göstərən həkimlərin zamanla ayaqlaşmasına, müntəzəm təkmilləşməsinə və ixtisaslaşmasına xidmət edir.
İkincisi, universitetdə ümumi təhsil alıb gəlmiş gənc həkim ADHTİ nin rezidentura şöbəsinə qəbul olur.

Bu gənc həkim seçdiyi ixtisasa uyğun olaraq ADHTİ adından RKX-da praktiki fəaliyyət göstərən bir kafedra müəlliminə (müəllim-həkim) təhkim olunur. Seçdiyi ixtisasdan asılı olaraq o, 3-5 il ərzində təcrübəli həkim-müəllim yanında bütün müalicə və tədris proseslərində iştirak edrək təkmilləşir, ixtisasaslaşır və yeni mütəxəssis kimi yetişir”, – deyə onlar qeyd ediblər.

“Respublika Klinik Xəstəxanası Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verildikdən bir müddət sonra Elvis Qasımov bu təşkilata rəhbər gətirilir. O gəldiyi gündən hər ikisi dövlət müəssisəsi olan ADHTİ və RKX arasında illər əvvəl bağlanmış birgə fəaliyyət müqaviləsini yoxmuş kimi sayır. Kafedra işçilərini RKX bazasında yerləşən həkim otaqlarından kobudca qovmağa və həmin otaqlara həkimlər arasında gizli qeyri-qanuni videoçəkilişlər aparan, gizli səsyazılırı edən aparan və həkim kollektivi arasında idarəolunan intriqalar yaradan savadsız, təcrübəsiz cavan qızlar otuzdurulur. ADHTİ rektoru Nazim Qasımov isə Elviz Qasımova qarşı dirəniş göstərmir. Elviz öz ambisiyaları arxasında, Nazim isə öz kreslosunun hayındadır. Nəticədə nə baş verir:

1) 15-20 il ərzində gərgin iş şəraitində işləyərək praktiki təcrübə qazanmış reanimatoloq, kardioloq, mama-ginekoloq və s kimi həkimlər üzgün və pərişan halda RKX-nın dəhlizlərində nə edəcəklərini bilmirlər.

2) Əslən Qərbi Azərbaycandan olan TƏBİB-in nümayəndəsi direktor Elviz Qasımov əslən Qaxdan olan Səhiyyə Nazirliyi nümayəndəsi rektor Nazim Qasımovu ciddiyə almır. Çünki Elvizs Qasımov gözqorxutmaq üçünmü, yaxud lovğalanmaq üçünmü özü yaydığı yalan məlumata görə, guya “Mərkəzi Klinik Xəstəxanası”ında sıravi həkim işlədiyi vaxtdan ölkə rəhbərliyində çalışan şəxslərin travmotolq-həkimi olub, ona görə də onu əvvəlcə “Elmi Tədqiqat Ortopedik və Travmotologiya” İnstitutuna, ordan da indiki “Respublika Klinik Xəstəxanası Publik Hüquqi Şəxs”ə direktor təyin ediblər. Hərçənd Elviz Qasımov RKX-ya gəldikdən sonra idarəçilikdə baş verən səriştəsizlik göz önündədir”, – deyə narazı tibb işçiləri bildiriblər.

Onların sözlərinə görə, Elviz Qasımov safedra həkimlərini bir-bir çağırıb: “Sizə ehtiyacımız yoxdur, ərizənizi yazın!” – deyir.

Şikayətçilər Elviz Qasımovu bu vəzifəyə təyin edən aidiyyəti qurum rəhbərliyinə suallar da ünvanlayıblar:

“1) Əgər Elviz Qasımovun təcrübəli həkimə ehtiyacı yoxdursa, bəs işdən çıxarılmış işçilərin yerinə nə üçün yeni və məhz təcrübəsiz işçilər qəbul edilir?

2) Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun tibbi-texniki bazası olmadıqda orada işləyən kafedra həkimlərinin aqibəti necə olacaq və universiteti ümumi tibbi biliklərlə bitirmiş gənc həkimlər praktiki təcrübə olmadan ixtisaslı həkim kimi necə və harda yetişdiriləcək?

3) Uzun illər regionlardan gələn patoloji xəstələrlə gərgin və kritik iş rejimində işləyərək savadlı uroloq, reanimotoloq, ginekoloq, travmatoloq kimi yetişmiş təcrübəli həkimləri dövlət xəstəxanalarından uzaqlaşdırmaqda özəl klinikilara istiqamətləndirməkdə məqsəd nədir?

4) Nə üçün biri arxalı-aqressiv, digəri qorxaq-komformist iki rəhbər arasında 20 illik təcrübəsi olan həkimlər bu cür stresslər keçirməli, əziyyət çəkməli, işindən olmalıdır?

5) Bütün bunlar TƏBİB-in tapşırığı yox, Elviz Qasımovun özbaşnalığı deyilsə, o zamana nə üçün TƏBİB tabeçiliyində olan “Sabunçu Tibb Mərkəzi”ndə analoji özbaşnalıqlar baş vermir?”

Yazıdakı iddialarla bağlı TƏBİB-in və Elviz Qasımovun da mövqeyini dərc etməyə hazırıq.