“Azərbaycan vətəndaşlığı daha da hörmətsiz vəziyyətə salınacaq”

Fazil

Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi ilə bağlı qanun imzalamasına Milli Məclisin deputatı Fazil Mustafa münasibət bildirib.

Xalq.az-ın məlumatına görə, Fazil Mustafa bununla da Rusiya hakimiyyətinin keçmiş SSRİ vətəndaşlarının Rusiya vətəndaşı olmaları üçün ən asan yolu tapdığını qeyd edib. O, bildirib ki, Azərbaycan Respublikası Vətəndaşlarını vətəndaşlıqdan məcburi azad etmək barədə qanunvericilikdə dəyişikliklər və uyğun normativ aktlar qəbul etməlidir: “Rusiya hakimiyyəti keçmiş SSRİ vətəndaşlarına Rusiya vətəndaşı olmaları üçün ən asan yolları tanıdı. Məncə Azərbaycan hakimiyyəti də dərhal başqa ölkənin vətəndaşı olmaq istəyən və müvafiq müraciət edən AR Vətəndaşlarını vətəndaşlıqdan məcburi azad etmək barədə qanunvericilikdə dəyişikliklər və uyğun normativ aktlar qəbul etməlidir. Qabaqlayıcı tədbirlər görməzsək Azərbaycan vətəndaşlığını daha da hörmətsiz vəziyyətə salınacaq. Eyni zamanda ölkəmizin təhlükəsizliyini təhdid edən problemlərin də meydana çıxmasını indidən əngəlləməliyik”.

Qeyd edək ki, bir neçə gün öncə Rusiya Federasiyası prezidenti Vladimir Putin Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi ilə bağlı qanun imzalayıb.

Bu yeni qanuna əsasən vətəndaşlıq almaq istəyən şəxlərə rus dilini bilmək şərt kimi qoyulub. Xarici vətəndaş və ya vətəndaşlığı olmayan şəxs rus dili biliyinin yoxlanması ilə bağlı xüsusi komissiyadakı söhbətdən keçməli olacaq. Bunun üçün onlar rus dilini bilməlidir və hər gün bu dildən istifadə etməlidir.

Vətəndaşlıq almaq istəyən şəxslərin qohumlarından hansısa keçmiş SSRİ və ya Rusiya imperiyası ərazisində yaşayıbsa, o zaman əcnəbi şəxsə xüsusi komissiyada iştirak etməyə icazə verilir.

Sənəddə qeyd edilib ki, əcnəbilərə Rusiya Federasiyasının vətəndaşlığını əldə etmək üçün əlverişli şərait yaradılıb.