Azərbaycanda 22 kişi cinsini dəyişib

 

63

 

Azərbaycanda 22 kişi tam cinsini dəyişib. Yarım cinsini dəyişdirənlər daha çoxdu. Yəni bədənin quruluşunu dəyişirlər, amma cinsi orqanlara dəymirlər. İlk dəfə tam cinsini dəyişən səhv etmirəmsə, 2008-ci ildə olub. O vaxt onun 26-27 yaşı olardı”.

Bunu Ailem.az-ın əməkdaşı ilə söhbətində Gender və Tərəqqi İctimai Birliyinin sədri Kamran Rzayev deyir. Onun sözlərinə görə, qadınlar arasında cinsiyyətini dəyişib kişi olanı yoxdur. O, bunu qadınların çəkingən olmaları ilə izah edir: “Qızlarımız məcburən erkən yaşda ərə verilir. Onlara seçim şansı verilmir. Ona görə də bu əməliyyat üçün qadınların müraciət faktı hələ ki, aşkarlanmayıb”.

K. Rzayevin sözlərinə əsasən, qiymətlər ölkəyə görə dəyişə bilir: “Bizim transgenderlər üstünlüyü Türkiyəyə verirlər. Orada qiymətlər 8-10 min manat arası dəyişir. Malayziyada bu əməliyyat 5-8 min min dollara başa gəlir. Lakin dil bilmədikləri üçün bizimkilər İstanbula gedirlər. Türkiyə həm bizə yaxındı, həm də orada transgenderlər çoxdur deyə, həkimlər təcrübəlidi. Azərbaycanda belə əməliyyatı edəcək həkim yoxdur. Gələcəkdə yəqin ki, olacaq. Çünki tələbat var. Amma bu, o demək deyil ki, sənin pulun var, əməliyyat oluna bilərsən. Cinsi dəyişmək istəyən şəxs gərək əməliyyat öncəsi uzun müddət hormonal dərmanlar qəbul etsin. Psixoloqun yanına getməlidir ki, onun tam transgender olub-olmaması dəqiqləşsin. Ümumiyyətlə, yeni cinsə alışmaq üçün uzun zaman lazımdı. İnsan var iyirmi, iyirmi beş, otuz il kişi vücudunda yaşayıb, sonra cinsini dəyişdirib. Buna onun özünün də alışmağı çətin olur, cəmiyyətin onu qəbul etməyi də. Elə insan olur ki, psixoloqdan imtina edir, yardım almır. Bu zaman alışma müddəti daha uzun çəkir. Bu insanlar kişi bədənində doğulurlar, amma ruhən qadın olurlar. Ya da əksinə. Onlar ömür boyu buna görə əzab çəkirlər”.

Rzayev onu da bildirib ki, cinsi dəyişən insanlar görünüş olaraq qadın olsalar da, uşaq dünyaya gətirə bilmirlər. Onların sadəcə gözlə görünən orqanları dəyişdirilir, daxilən isə onlar yenə də kişidirlər: “Bu əməliyyat onların xarici orqanlarını dəyişdirir. Bu insanlar daxilən kişidirlər və uşaq dünyaya gətirmələrindən söz gedə bilməz. Amma kimlikdə ad və soyadlarını dəyişdirə bilirlər”.

İlahiyyatçı Saleh Kazımov deyir ki, İslama görə bu hal günahdı: “İnsanı da, dünyanı da yaradan bir Allah var. O da necə təqdir edibsə, canlıları elə yaradıb. Qurani-Kərimin “Rur” surəsində belə deyilir ki, rənglərinizin müxtəlifliyi, dillərinizin müxtəlifliyi Allahın qüdrət əlamətidir. Ağlı olan insanlar üçün bunda ibrət dərsi var. Əgər ya qadın, ya kişi bu formada yaradılıbsa, o, Allahın yaratdığıdı. Bu cür əməliyyatlara İslam dini qətiyyən xoş baxmır. Peyğəmbərimizin hədislərində də buyurulur ki, kişilər özlərini qadınlara, qadınlar da özlərini kişilərə bənzətməsinlər. Hətta Quranda Lut tayfasının belə buna görə məhv edilib, yer üzündən silindiyi bildirilir”.

İlahiyyatçı bu cür insanların cəmiyyətimizdə artımını belə izah edir: “Bu gün xristian dininin hakim olduğu Avropada, Amerikada bu tip insanların hüquqlarının qorunması üçün müxtəlif qanunlar və təşkilatlar yaradılır. Lakin İslam dininə etiqad edən ölkələrdə siz belə qanunlara rast gəlməzsiniz. Əksinə, belə insanlara qarşı çıxırlar. Bəzi insanlar yanlış düşüncələrin təsiri altına düşə bilirlər. Onlar dinindən sapanlardı. Avropaya inteqrasiya bu cür insanların sayını artmasına da təsir edir. Bu gün o insanlar hakim durumdadırlar. Və çalışırlar ki, başqalarını da özlərinə bənzətsinlər. Sağlam kütlə əsla təsir altına düşməz. Allah onu necə yaradıbsa, ona uyğun hərəkət edər, davranar”.

Bu məsələnin elmi tərəfini də araşdırdıq. Məlum oldu ki, müasir elm cinsiyyəti iki yerə ayırır: Cins və gender.

Gender disforiyasının ən dərin, əhatəli forması transgenderizm və ya transseksualizmdir ki, individ öz gender statusunu tam şəkildə inkar edir və müvafiq cərrahi əməliyyatı, pasportda cinsinin dəyişdirilməsini da aid etməklə, onun dəyişdirilməsinə çalışır.

Azərbaycanda bu cür əməliyyat edən cərrah olmadığından K. Rzayevin məsləhətilə Türkiyə mətbuatına üz tutduq. Bir necə cinsiyyət dəyişmə əməliyyatı gerçəkləşdirən təcrübəli plastik rekonstruktiv və estetik cərrah Hüsaməddin Top keçirdiyi sonuncu genital əməliyyat haqqında bunları danışıb. Onun sözlərinə görə, individə ilkin olaraq psixoloji yardım edilir. Xəstə qadındırsa, hormonal müalicə alır. Bir il davam edən müalicədən sonra individin döşləri nisbətən kiçilir. Əməliyyat ən sonda gəlir: “Əgər individ qadındırsa, onun birinci döşləri, uşaqlığı və yumurtalığı alınandan sonra genital əməliyyat edilir. Qıç bud sümüyündəki toxuma və damarlardan cinsi orqan düzəldirik. Hələ ki, etibarlı və uğurlu metod budu. Ömrü boyu özünü kişi kimi (yaxud əksi) hiss etdiyi üçün xəstənin əməliyyat sonra yeni cinsinə alışması çox çəkmir”.

Genital əməliyyat keçirən transgenderlərlə əlaqə saxlamağa çalışdıq. Gender və Tərəqqi İctimai Birliyinin əməkdaşının da köməkliyi ilə bir nəfərlə görüşə bildik. O, fotosu və gerçək adı yayımlanmamaq şərtiylə bizimlə danışmağa razılaşdı. S.T.-nın sözlərinə görə, o, 27 yaşında əməliyyat etdirib. Maddi imkanlara görə, bu vaxta qədər gözləməli olub. S.T. Türkiyədəki əməliyyatların daha uğurlu alındığını desə də, bu ölkədən deportasiya olunduğuna görə, məcburən Rusiyaya üz tutub:

  • Əməliyyatımı 2010-cu il iyunun 14-də Moskvada, “Maka-Med” klinikasında Kalesnikov adlı cərrah edib. Əvvəlcə hormonlarımı yoxladılar. Qadın hormonları çox çıxarsa, demək, əməliyyata hazırsan. Mənim də analizlərimin cavabı müsbət çıxdığı üçün bir həftə sonra əməliyyat olundum. Çünki mən ora gedənə qədər artıq hormonal müalicə almışdım. Məsələn, bir rəfiqəm var, mənim getdiyim klinikaya getmişdi. Amma onun qadın hormonları az çıxdığı üçün əməliyyat etmədilər”.

Özünü tanıyandan fizioloji kişi olsa da, özünü qadın olaraq hiss edən S.T. 18 yaşına çatanda bunu ailəsinə deyir:

  • Ailəm normal qarşıladı. Hətta əməliyyat olunan gün zəng etdim ki, bəs mən bu gün əməliyyat olunuram. Onlar dedilər ki, sən artıq bu həyatı seçmisən. Sənə necə xoşdursa, elə də yaşa.

  • Əməliyyatı keçirməyə necə qərar verdiniz?

  • Çox asan. Bilirdim ki, bu, mənə lazımdı. Psixologiyam pozulurdu. Məcbur idim bu əməliyyatı etməyə. Həkimim əməliyyat etdiyi insanların fotolarını qoydu qabağıma ki, fikirləş, sənə üç saat vaxt verirəm. Fotolara baxdım, dedim ki, yox, mən əməliyyat olunacam. Fikrim qəti idi. Əməliyyat 4 saat çəkdi. Ayılanda artıq özümü normal hiss edirdim. İçimdə bir yüngüllük vardı. 10 gündən sonra xəstəxanadan çıxdım. Tam sağalmağım bir ay sürdü. Peşman da deyiləm. Heç bir problemim də yoxdu. Ayaqyoluna getmək belə daha rahatdı. Mən belə xoşbəxtəm. Bu əməliyyat mənə psixoloji sakitlik verdi. Çölümü içim kimi elədim, özümə uyğun elədim.

  • Bəs indi necə, hormonal dərmanlar qəbul edirsiniz?

  • Hə, amma az. Əvvəl həftədə bir dəfə içirdimsə, indi ayda birini içirəm.

  • Cinsinizi dəyişdiniz, bəs kimlik necə?

  • Əməliyyatdan çıxanda mənə kağız verdilər ki, bəs sən artıq qadınsan. Mən getdim VVAQ-a ordan mənə sənəd verdilər. Bu sənəd vasitəsi ilə bir həftə ərzində şəxsiyyət vəsiqəmi aldım. Atanın adı qalmaqla ad, soyadı dəyişməyə icazə verirlər. Cins yerinə də qadın yazılır.

S.T. bizə şəxsiyyət vəsiqəsini göstərdi. Həqiqətən də vəsiqənin arxa üzündə cins yerində “qadın” yazılmışdı.

Biz bunun hüquqi tərəfini də araşdırmağa çalışdıq.

Gender üzrə ekspert, hüquqşünas Xalisə Şahverdi bunları deyib: “Əgər şəxs cinsini dəyişibsə, ilk öncə yerli VVAQ-a müraciət etməlidir. Orda onun doğum haqqında şəhadətnaməsində dəyişikliklər edildikdən sonra ərizəylə pasport və qeydiyyat idarəsinə müraciət etməlidi. Amma həmin şəxsin əlində onun cinsini həqiqətən dəyişməsi haqqında həkim rəyi olmalıdı”.

Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyat İdarəsiylə əlaqə saxlayaraq neçə şəxsin genital (cinsini dəyişmək) əməliyyat keçirərək sənədlərində də dəyişiklik etdiyini öyrənmək istədik. Amma idarədən Dövlət Statistika Komitəsinə müraciət etməyimizi məsləhət gördülər. Rəsmi sorğumuza komitə sədrinin birinci müavini Həmid Bağırovdan cavab aldıq. Əgər buna cavab demək olarsa: “Komitə bununla bağlı statistik məlumata malik deyil”.

ailem.az