Azərbaycanda heyvanlar arasında xəstəlik yayılıb

Heyvan

“Nodulyar dermatit” adlı xəstəlik virus mənşəli olub iribuynuzlu heyvanlarda qısamüddətli isitmə, dəri örtüyünün, limfa sisteminin, selikli qişanın zədələnməsi, dərialtı toxumalarda düyünlərin və nekrozların əmələ gəlməsi ilə səciyyələnir.

XALQ.AZ-ın məlumatına görə, xəstəlik qansorucu həşəratlar vasitəsilə transmissiv yolla yalnız iribuynuzlu heyvanlar arasında yayılır. Xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalmasına, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olur.

Artıq Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, Bərdə, Samux, Laçın, Zərdab rayonlarında heyvanlar arasında bu xəstəliyə rast gəlinir. Xəstəlik ilk dəfə qeydə alındığı vaxtdan kənd təsərrüfatı naziri Heydər Əsədovun tapşırığı ilə xaricdən onun müayinəsi üçün testlərin alınması təmin edilib. Nümunələr Respublika Baytarlıq Xidmətinin laboratoriyasında müayinə edilib və xəstəliyin “Nodulyar dermatit” olduğu öz təsdiqini tapıb.

Dövlət Baytarlıq Xidmətinın rəisi Siyalə xanımın sözlərinə görə, “Kənd Təsərrüfatı Nazirinin tapşırığına əsasən, xəstəliyin qarşısının alınması məqsədilə rayonların heyvan bazarları bağlanıb, xəstəlik müşahidə edilən təsərrüfatlardan diri heyvanların çıxarılmasına müvəqqəti məhdudiyyət tətbiq edilib”.

Həmin ərazilərdə ciddi dezinfeksiya işləri aparılıb. Dövlət Baytarlıq Xidməti əhalinin nəzərinə çatdırır ki, heyvanlar arasında hər hansı narahatçılıq olduğu zaman yerli baytarlıq orqanlarına müraciət etsinlər, heyvanların bazara çıxarılmasına, eləcə də gündüz saat 12-dən 17:00-dək açıqlıqda saxlanmasına yol verilməsin. “Nodulyar dermatit” virus xəstəliyinin müşahidə olunduğu vaxtdan indiyədək 1613 xəstə heyvan qeydə alınıb. Onlardan 1191-i tam sağalıb, 411 baş xəstə heyvan müalicədədir, 11 baş iribuynuzlu heyvan tələf olub ki, bu da həmin heyvanlarda başqa xəstləliklərin də olmasından baş verib.