Azərbaycanda internet tam azaddır

65

 

Azərbaycan elmi innovasiyalar sahəsində ön sıralarda olmağa çalışır.

Bizdə elmin inkişafına böyük  diqqət göstərilir.

Xalq.az  xəbər verir ki, bunu Azərbaycan Prezidentiİlham Əliyev 3-cü Bakı Beynəlxalq Humanitar Forumunun açılışında deyib.

Dövlət başçısı Elmin İnkişafı üçün xüsusi Fondun yaradıldığını və Yüksək Texnologiyalara  investisiya qoyulduğunu xatırladıb.

O, bu ilin fevralında Azərbaycanın  kosmik dövlətlərin sırasına daxil olduğunu qeyd edərək bildirib ki, bu gün “Azərspace-1” – Azərbaycan  peyki dövlətimizə, xalqımıza  xidmət edir.

Prezident ölkədə internet texnologiyalarının inkişafının da daim diqqət mərkəzində olduğunu vurğulayıb.

Dövlət başçısı bildirib ki, Azərbaycanda internet tam azaddır, əhalinin 70%-i internet istifadəçiləridir:

“Belə olan halda azad medianın  inkişafı əlbəttə ki, əsas şərtdir”.

O, çıxışında qloballaşan dünyada medianın aktual problemlərinə də toxunaraq qeyd edib ki, bu çox böyük diqqət cəlb edir:

“Bu mövzu ilə bağlı bilirəm ki, müxtəlif fikirlər var və bu fikirlər arasında çox böyük fərq var. Bir tərəfdən biz internet dünyasında yaşayırıq və bu böyük üstünlüyümüzdür.

Digər tərəfdən qloballaşan dünyada hər bir sözün, hər bir informasiyanın təsiri də çox böyükdür. İstənilən yerdə deyilən hər bir söz dərhal əks-səda verə bilər və bu gün insanlar daha çox informasiyanı, xəbərləri internet vasitəsilə alırlar.

Burada həm siyasətçilərin, həm media nümayəndələrinin, ictimai xadimlərin məsuliyyəti də ön plana çıxır”.

Prezident çıxışında qeyd edib ki, əfsuslar olsun ki, dünya mediasında, Azərbaycanda da daha çox qan qaraldıcı xəbərlər ön plandadır, daha çox sensasiyalara, fəlakətlərə, terror aktlarına üstünlük verilir:

“Medianı izləyərkən elə təsəvvür yarana bilər ki, dünya alovlanıb yanır, hər yerdə toqquşmalar, müharibələr, partlayışlar, terror aktları baş verir.

Ancaq dünyada nə qədər gözəl, müsbət hadisələr baş verir. Əfsuslar olsun ki, onlar bir qədər arxa plana keçir”.

Dövlət başçısı bu məsələdə media nümayəndələrinin məsuliyyətini xüsusi qeyd edib:

“Əgər biz dünyada əməkdaşlığı, sivilizasiyalar arası dialoqu gücləndirmək istəyiriksə, biz bütün imkanlardan istifadə etməliyik. Əlbəttə dünyada baş verən müsbət hadisələr də medianın əsas mövzularına çıxarılmalıdır.

Çünki belə olmasa informasiya ancaq birtərəfli olacaq. Əlbəttə ki, siyasətçilər bu məsələyə müdaxilə edə bilməzlər. Azərbaycanda azad media mövcuddur, heç bir müdaxilədən söhbət gedə bilməz.

Sadəcə bir vətəndaş kimi öz fikrilərimi bölüşmək istədim”.