Azərbaycanın irəli sürdüyü şərtlər…

Azərbaycan-Ermənistan arasında danışıqların aktivləşməsi yaxşı haldır. Artıq bir neçə görüşün nəticələrinini pozitiv hesab edə bilərik. Məhz bu səbəbdən Vaşinqton görüşündən də gözləntilərimiz var.

Bunu deputat Vüqar İskəndərov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqtonda baş tutacaq görüşü ilə bağlı danışarkən deyib. O bildirib ki, ayın 12-də Vaşinqtonda xarici işlər nazirlərinin keçiriləcək görüşü sülh müqaviləsinin imzalanması və digər vacib addımların atılması üçün mühim platforma sayılmalıdır:

“Artıq XİN başçısı Ceyhun Bayramov bu haqda fikirlərini söyləyib ki, açıq qalan bir neçə məsələ var və onların müzakirəsi Vaşinqtonda aparılacaq. Düşünürük ki, iki ölkənin xarici işlər nazirlərinin növbəti görüşü də iyulda keçiriləcək cənab İlham Əliyev və Nikol Paşinyan arasındakı görüş üçün çox önəmli məsələlərin həllində bir vasitə olacaq. Ümumilikdə keçirilən bütün görüşləri dəyərləndirsək, hazırki proseslərdə masada olan danışıqlar Azərbaycanın irəli sürdüyü şərtlərlə aparılır. Son danışıqlar onu deməyə əsas verir ki, Qərb də, ABŞ də, Avropa İttifaqı da konkret olaraq məsələnin həll olunmasında önəmli addımlar atırlar və Rusiyanın buradakı aktivliyini bir növ neytrallaşdırmağa çalışırlar. Bizim üçün hazırda vacib olan son nəticədir və Azərbaycan bunun üçün bütün vacib addımları atır”.